Şəhidlərin xatirəsi əbədiləşdirilib

Sumqayıt şəhərinin 12-ci mikrorayonunda, məcburi köçkünlərin yaşayış kompleksinin ərazisində Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidə inşa edilib. Abidə Sumqayıt şəhərində fəaliyyət göstərən məcburi köçkün icmasının təşəbbüsü və “Qartal” tikinti firmasının təşkilatçılığı ilə hazırlanıb. İyunun 30-da abidənin açılış mərasimi keçirilib.

Mərasimdə torpaqlarımızın işğaldan qurtarılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə canlarını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistanın işğalçı qüvvələrini məhv edərək, xalqımıza qələbə sevinci yaşatdığı, məcburi köçkünlərin torpaq həsrətinə son qoyduğu qürur hissi ilə vurğulanıb. Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələn həmvətənlərimizin qəhrəmanlığı gənc nəsillər üçün örnəkdir. Onların xatirəsini əbədiləşdirən hər bir abidə müqəddəs ziyarətgahdır.

Şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və məcburi köçkünlərin doğma yurda qayıdışı istiqamətində zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı ilə həmin ərazilərdə təhlükəsizlik tədbirləri görülür, kommunikasiya xətləri bərpa olunur, müasir standarlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında yeni layihələr icra edilir.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, “Qartal” tikinti firmasının rəhbəri Şahin Məmmədov, Qubadlı, Laçın, Sumqayıt icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Komitəsi yanında İctimai Şura üzvləri, şəhid ailələri, müharibə veteranları, məcburi köçkün icmasının üzvləri iştirak ediblər.