Qarabağ qazisi diaspor təşkilatlarının toplantısında iştirak edib

“Dünyanın müxtəlif yerlərində yaşayan, xalqımızın müqəddəs amalları, azərbaycançılıq və müstəqil dövlətçilik ideyaları ətrafında birləşmiş soydaşlarımızla, həmvətənlərimizlə müzəffər ordumuz, mübariz silahlı qüvvələrimiz üçün əlamətdar olan bir gündə görüşmək məndə böyük sevinc və qürur hissi doğurdu. İştirakçısı olduğum 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimiz münasibətilə onların hər birindən eşitdiyim təbriklər bütün ağrı-acılarımı unutdurdu. Möhtərəm Prezidentimiz, müzəffər sərkərdəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə doğma yurdumun işğaldan azad edilməsi uğrunda döyüşlərdə oğlumla birlikdə iştirakımdan fəxarət duyuram. Qələbəmiz bütün dünya azərbaycanlıları üçün misilsiz nailiyyətdir”.

Bu sözləri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə xaricdəki Azərbaycan Evlərinin və Azərbaycanlıların Koordinasiya Şuralarının iyunun 26-da Türkiyənin İstanbul şəhərində keçirilmiş birgə toplantısının qonağı olan Füzuli rayonundan məcburi köçkün, birinci və ikinci Qarabağ müharibələrinin veteranı, hərbi təqaüdçü Adil Quliyev deyib.  O, ötən ilin oktyabrında Füzuli uğrunda döyüşlərdə aldığı ağır qəlpə yarasının müayinəsi və müalicəsi üçün “Yaşat” fondu tərəfindən qardaş ölkəyə göndərilib və İstanbuldakı “Avrasiya” klinikasına yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi toplantının keçirildiyi vaxt İstanbulda müalicədə olan azərbaycanlı hərbçilərin hər biri ilə əlaqə saxlayıb, onlarla görüşüb, səhhətlərindən xəbər tutub və hərəkət etmək imkanı olanların dünya azərbaycanılarının toplantısında qonaq qismində iştirakını təmin edib. Müzəffər ordumuzun qəhrəman qaziləri toplantı iştirakçıları tərəfindən alqışlarla qarşılanıblar, Silahlı Qüvvələr Günü münasibətilə səmimi təbrikləri qəbul ediblər. Bu diqqət və səmimi münasibətə görə komitənin rəhbərliyinə, dias­por hərəkatının fəallarına minnətdarlığını bildirən Adil Quliyev erməni faşizmi üzərində möhtəşəm qələbənin qazanılmasında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi müdrikliyi və sərkərdəlik istedadı, rəşadətli ordumuzun yenilməz gücü və qəhrəman hərbçilərimizin hədsiz fədakarlığı ilə yanaşı, ümumxalq birliyinin, milli həmrəyliyin həlledici amil olduğunu vurğulayıb.

O deyib: “İstanbuldakı toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və diaspor fəallarının çıxışlarını maraqla dinlədim və bir daha əmin oldum ki, xaricdə yaşayan soydaşlarımız xalqımızın haqq səsini, dövlətimizin ədalətli mövqeyini son illərdə daha böyük mütəşəkkilliklə dünya ictimaiy­yətinə çatdırıblar. Bu da erməni faşizminə qarşı mübarizədə dövlətimizə xaricdəki dostlarımızın güclü dəstəyini qazandırıb. İstanbuldakı toplantıda diaspor hərəkatının yeni inkişaf istiqamətləri müəyyənləşdirildi. Xüsusən, Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti üçün möhkəm zəmin olduğu bildirildi”.

Məcburi köçkün qazi, həmçinin qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları və nümayəndələri bu ilin may ayı ərzində keçirilən “Yaşat” Xeyriyyə Marafonunda mütəşəkkil qaydada iştirak etməklə, şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının yanında olduqlarını bir daha göstəriblər.

Xatırladaq ki, Adil Quliyev birinci Qarabağ müharibəsində əvvəlcə yerli özünümüdafiə dəstəsinin başçısı, sonra milli ordunun bölük komandiri kimi iştirak edib. 1993-cü ilin avqustunda ağır yaralanıb, müalicə olunduqdan sonra yenidən cəhbəyə qaydıb. 1994-cü il yanvarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun apardığı uğurlu Horadiz əməliyyatının iştirakçısı olub. Həmin əməliyyat nəticəsində Füzuli rayonunun 24 yaşayış məntəqəsi işğaldan azad edilib. Atəşkəs dövründə də zabit kimi hərbi xidmətini davam etdirən Adil Quliyev 1996-cı ildə ordudan tərxis olunub. Bundan sonra ictimai fəal kimi cəmiyyətdə vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunun möhkəmləndirilməsinə xidmət göstərib. “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin üzvüdür. İkinci Qarabağ müharibəsinin – 44 günlük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq hərbi xidmətə qayıdıb, 54 yaşında yenidən erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib və ağır yaralanıb. Daxili qoşunlarının zabiti olan oğlu baş leytenant Rüfət Quliyev də öz komandanlığına müraciət edərək döyüşən orduya göndərilməsini xahiş edib və xahişi yerinə yetirilib. O da doğma yurdunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.

Dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliy­yatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə Adil Quliyevi Füzulinin və Qubadlının azad edilməsinə görə, həmçinin “Cəsur döyüşçü” medalları ilə təltif edib. Cəsur və vətənpərvər qazimizə tezliklə sağalmağı, işğaldan azad edilmiş doğma yurdun dirçəlişində iştirak etməyi arzulayırıq.