Vətənə qayıdırıq...

ruh cana qayıdan kimi

Tarixin dünənləri var ki, ömrünə başlanğıc bilirsən. Bu başlanğıc ruhla bağlıdır. Ruhu yaşadan başlanğıcdır. Bu başlanğıc yaşada-yaşada yaşayır, yaşaya-yaşaya yaşadır...

Bu başlanğıcda uşaqlıq var, yeniyetməlik var, gənclik var...

Ermənilər Zəngilanı işğal edəndə mənim uşaqlığımı da, yeniyetməliyimi də, gəncliyimi də işğal etmişdi. 27 ildi o yerlərin harayı xəyallarımı dara çəkirdi: İşğalla gələn qadağalar Zəngilan adına uğura çıxanların uğurunu yaralayıb, niyyətini paralayıb, ruhunu canından aralayıb. Müdafiə Nazirliyinin Tədris və Sənədli Filmlər Kinostudiyasında bir sənədli film hazırlanmışdı: "Həsrət". Sənədli filmdə Zəngilana xitabən deyilən "Sənsiz mənə haram olar günüm-anım, Zəngilanım". Bu misra hər birimizin ruhunun göy üzünə pıçıltısıdı. Günümüzü-ayımızı dilə tuta-tuta, ovundura-ovundura yaşadıq 27 ili. 1993-cü ilin 29 oktyabrın yaralarını 2020-ci ilin 20 oktyabrı qaysaqlatdı. "Gedənlərin geri dönəcək, Zəngilanım!"  -  şəhidlərin ruhu belə deyir. Dönənlərin doğma ocağına, isti bucağına qovuşacaq.

Bu dəfə yerə-göyə sığmayan qürurla, qalib əsgərlərimizi bayraq əvəzi göy üzünə dikəldənlərin əhatəsində oxuyacaq Böyük Qələbənin misralarını: Gedənləri Zəngilana sən gətirirsən, Böyük Qələbəm!..

Dünyada həsrət qədər ağır heç nə yoxdu. Doğmalığın həsrətini çəkmək ölümü dirigözlü görməkdi. Həsrət öldürdüyünü öldürür. Öldürə bilmədiyini için-için əridir. Ölümünə yaxınlaşdırır; həsrətdə can almaq qüdrəti də var, ruhu diriltmək hökmü də. 

29 oktyabr 1993-cü il. Zəngilanın işğal günü. Zəngilanlıların mənəvi sıxıntılarının başlanğıcı, öz Vətənində qaçqınlıq ağrıları, sıxıntılar...

Rayon mühasirəyə düşsə də, mərdliklə müdafiə olunurdu. Zəngilanı qorumaq, iş­ğa­lı qıc etmək, yolundan saxlamaq ordu hissələrinin birbaşa vəzifə borcuydu, hə­min vaxtlarda əhali də əsgərləşmişdi, əli silah tutanların hamısı əsgərləşmişdi. Zən­gilan Ermənistanın ordu hissələrinə qarşı döyüşürdü. Çox gərgin günlər yaşanırdı...

Ermənilər Zəngilana həm Mehri, həm də Qafan tərəfdən hücum edirdilər. Qətiyyət, vətənsevərlik düşmənin niyyətini çilikləyirdi.

Camaat döyüşlərdə olduğu kimi, Arazı keçəndə də ağır anlar, saatlar yaşadı. Qurulu evini atıb getməyə məcbur olanlar özüylə nə apara bilərdi ki?! Eləsi vardı, bütün evindən bir uşaq arabası qədərincə yük götürmüşdü - bu da pal-paltar idi. Naməlumluqda ilkin yaşayışı təmin etmək üçün...

Tələbəlik illərindən mərhum şair Cavanşir Eloğlunun bir şeirinin bir bəndi hələ də yaddaşımdadı. İndi daha kövrəkliklə xatırlayıram o misraları:

Uşaqlıq illərim harada qaldı,

Gizlənpaç oynarkən bucaqlardamı?

Şirin xatirədə yurd-yuva saldı,

Yoxsa ki, qayğıkeş qucaqlardamı?!

Gəncliyimdə uşaqlığımı belə anırdım. Ömrün bu yaşında uşaqlığımı da, yeniyetməliyimi də, gəncliyimi də 27 il sıxıntıda yaşadan işğalı Azərbaycan əsgərinin ayaq­ları altında can verən görəcəyimiz günə yol gəlirdik. Azərbaycan əsgəri Vətən müharibəsində, döyüşə-döyüşə qələbələr qazandı. Döyüşə-döyüşə Şuşaya, Cıdır düzünə çatdı. İndi qalibik, qürurluyuq!

Doğma ocaqdan uzaqda kəsilən çörək doğma yurdda yeyilən bir tikə çörəyin tamını vermir; doğma yurdun mehr-ülfəti yaşadır insanı. Bu mehr-ülfətə Tanrının verdiyi qüdrət deyərdim. Biz illərlə bu qüdrəti bağrımıza basmaq, gözümüzə sürtmək istəmişik. İstəmişik ki, bizi yaşadanı yaşadaq, özümüzdə yaşadaq, ruhumuzda yaşadaq. Yaşadaq ki, Vətən yaşasın. Yaşadaq ki, Azərbaycanımızı dünyanın göyqurşağı bilənlərə qardaş olaq, qardaş olaq ki, bu qardaşlıq da qüdrətə dönsün!..

"... Arazın sahilinə yaxın kəndlərdən keçəndə uzaqdan da olsa dağlarımız, dərələrimiz sanki bizə əl edirdi. Göz işlədikcə uzanıb gedən çöllərə, düzlərə baxdıqca fikirləşirdim ki, Vətən elə yaxından da, uzaqdan da nə gözəl görünür..." (Vahid Məhərrəmli).

Zəngilana gedən yol Cocuq Mərcanlının həndəvərindən ötüb keçir. İndi bu yol olduqca hamar, rahat və çox genişdir. Zəngilanın işğaldan azad edilməsi bu yolun boyunu da uzadacaq, görkəmini də gözəlləşdirəcək. Bu yolu ruhun cana qayıdışı kimi gedəcəyik. Yolun sağında-solunda düşmənin sıradan çıxarılmış döyüş texnikalarını görəndə könlümüz bir az da açılacaq, Azərbaycan əsgərinin qüdrətinin nişanəsi kimi!..

2016-cı ilin Aprel döyüşlərindən sonra Zəngilana aparacaq yollar bir neçə kilometr qısaldığına görə ürəyi Vətən həsrəti ilə döyünən yurdsevər zəngilanlıları əsra­rən­giz və təkrarolunmaz təbiətə, zəngin yeraltı və yerüstü sərvətlərə, qədim tarixə malik doğma və unudulmaz Zəngilanımıza bir az da yaxınlaşdırdı. "Aprel döyüşlərinin davamı bizi Zəngilanla qovuşduracaq!" inamıyla gecələri gündüz edirdik...

Davamı 2020-ci ilin sentyabrın 27-də oldu. Ermənilərin hücumuna qarşı keçirilən əks-hücum əməliyyatı Vətən müharibəsinə döndü. Döyüşlərdə ordumuz neçə-neçə strateji yüksəkliyi, kəndləri, qəsəbələri işğaldan azad etdi. Suqovuşan, Hadrut, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Laçının, Kəlbəcərin bir çox kəndləri iş­ğaldan azad edildi, Azərbaycan əsgəri Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalandırdı.

Və oktyabr ayının 20-si...

Və Zəngilanın işğaldan azad edildiyi o müqəddəs gün...

Və zəngilanlıların ikinci doğum günü...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətini, xüsusən o müraciətin sonluğunu - Zəngilana aid hissəsini axır nəfəsəcən unutmayacam:

- Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində azad edilən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri!..

... Neçə gündü gözlərimizin yuxusu qaçıb. Hamı tarixin Zəngilanlı gününə uğur üstədi. İndi Zəngilanın hər daşına, hər qayasına, kəhrizinə, bulağına tələsirik, yaylağına, oylağına tələsirik...

Zəngilana qayıdırıq, ruh cana qayıdan təki qayıdırıq...

Min illərin tarixini

ana-ana qayıdırıq Zəngilana!

Ata-anaların ruhuna gözaydınlığı kimi qayıdırıq...

Qarşıdan gələn illəri ömürləşdirmək üçün qayıdırıq...

Vətən, gözümüz aydın!..

Bayram MƏMMƏDOV,

ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim