Tarixi qələbədən keçən 205 gün - Zəfər salnaməsi

İl yarımdan çox olan bu müddət ərzində çox şey dəyişdi. Hadisələrə xronoloji ardıcıllıqla nəzər yetirək:

- Ərazi bütövlüyümüz bərpa olundu;

- Naxçıvan dəhlizinin yenidən qurulması üzərində işlər həyata keçirilir;

- Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisinə başlanıldı;

- Prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı  Əlaqələndirmə Qərargahı yaradıldı;

- 10 dekabr 2020-ci ildə - Bakıda Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı keçirildi. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak edib.

- Prezident İlham Əliyevin sərəncamına əsasən hər il noyabr ayının 8-i Zəfər günü kimi qeyd olunacaq

- Prezidentin sərəncamı ilə vətən müharibəsində yaralanan və şəhid olan hərbi qulluqçuların ailələrinə dəstək məqsədilə - YAŞAT Fondu yaradıldı;

- Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 44 günlük vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərən hərbi qulluqçuların orden və medallarla təltif olunması ilə bağlı müvafiq sərəncam imzaladı. “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı” və digər medalların verilməsi ilə yanaşı işğaldan azad olunmuş rayonların adlarına uyğun olaraq medallar da təsis olundu;

- Prezidentin sərəncamına uyğun olaraq “Qarabağ Dirçəliş Fondu” yaradıldı;

- Hərbi Qənimətlər Parkı yaradıldı - Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır.

- Dövlət başçısının müvafiq sərəncamına əsasən, Aydın Kərimov - Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi.

- Dövlət Başçısının sərəncamına əsasən Şuşa şəhəri, Azərbaycanın mədəniyyət paytaxtı elan olunub.

- Dövlət başçısının müvafiq sərəncamına əsasən, Emin Hüseynov- Prezidentin Ağdam rayonunda xüsusi nümayəndəsi təyin edildi.

Qeyd olunanlar rəsmi xronoloji ardıcıllıq idi. Bununla yanaşı, ölkə başçısı cənab İlham Əliyev bir neçə dəfə işğaldan azad olunmuş ərazilərə səfər edib. Həmin səfərlər zamanı yenidənqurma və bərpa işləri ilə bağlı lazımı tapşırıqlarını da verib. Şuşa şəhərində yaşayış sahələri ilə yanaşı tarixi mədəniyyət abidələrinin də bərpasına başlanılıb. Erməni vandalizminə məruz qalmış Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpa işləri davam etdirilir. Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov mətbuata açıqlamasında bildirib ki, Şuşada olan 378 tarixi memarlıq abidəsindən 52-si qismən, digərləri tamamilə dağıdılıb.

Bununla yanaşı, Dövlət Başçısının tapşırığına əsasən Qarabağda 3 rayonda hava limanı inşa olunacaq. Tapşırığa uyğun olaraq Füzuli və Zəngilanda hava limanının tikinti işlərinə artıq başlanılıb. Digər hava limanı isə Laçın rayonunda inşa ediləcək. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə artıq “ağıllı kənd” layihəsinin icrasına başlanılıb. Aprel ayının 28-də dövlət başçısı Zəngilan rayonunun Ağalı kəndinin təməlqoyma mərasimində iştirak edərkən bu fikirləri səsləndirib: “Zəngilanda bu gün birinci kənd layihəsinin icra edilməyə başlaması, Ağalı kəndinin təməl daşının qoyulması böyük qayıdışın birinci addımıdır. İnfrastruktur işləri öz qaydasında davam edir. İndi birinci “ağıllı kənd” layihəsi olan Ağalı kəndinin bərpasına start verilib”, - deyə İlham Əliyev bildirib.

Həmçinin işğaldan azad olunan rayon və şəhərlərdə kommunikasiya işləri görülür. Rayon və şəhərlərin baş planları hazırlanır. Prezident İlham Əliyevin ötən həftə Ağdama səfər etməsi, şəhərin təməlinin qoyulma mərasimində şəxsən özünün iştirak etməsi buna bariz nümunədir. İşğaldan azad olunmuş ərazilərdə ən möhtəşəm tədbirlərdən biri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində may ayının 12-də keçirilən “Xarıbülbül” festivalı oldu. Tədbirdə Dövlət başçımız İlham Əliyev, Birinci vitse- prezident Mehriban xanım Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Festivala həmçinin Şuşadan olan mədəniyyət və incəsənət nümayəndələri də qatılıblar.

Dövlət Başçısının “Xarıbülbül” festivalında etdiyi çıxışın bir hissəsini diqqətinizə çatdırıram: “Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

Prezident İlham Əliyev qeyd edib ki, Şuşa Azərbaycan xalqının milli sərvətidir: “Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu”.

Müharibədə qələbə asanlıqla qazanılmır. Ancaq buna baxmayaraq, vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış, eləcə də qazi olmuş hərbi qulluqçularımıza dövlət ən yüksək səviyyədə qayğı göstərməkdə davam edir. Bu işlərlə bağlı YAŞAT Fondu əlindən gələn köməyi əsirgəmir. 31 may tarixinə olan statistik məlumata əsasən, Fond tərəfindən bu günə qədər 94 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 32-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Bu torpaqlar şəhidlərimizin canı, qanı bahasına işğaldan azad olunub. Torpaq, uğrunda, vətən yolunda sinəsini sipər edən, canını gözqırpmadan verərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizə Allah rəhmət eləsin. Onlara bir ömür borcluyuq. Düşmənə deyin ki, sağdır Şəhidlər!

Statistik məlumata əsasən ötən ilin 27 sentyabrından bu günə qədər Azərbaycanda 91 şəhid övladı dünyaya gəlib. 30 il ərzində işğalçılıq siyasəti yürüdən, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu illər ərzində Qarabağ bölgəsinin demək olar ki, hər bir qarışını minalayıb. Müharibə qaydalarına uyğun olaraq, məğlub olan tərəf müharibə bitdikdən sonra minalanmış ərazilərinin xəritəsini qarşı tərəfə verir. Ədalət və dürüstlükdən uzaq olan Ermənistan tərəfi məğlubiyyət acısını həzm edə bilmədiklərinə görə, müharibənin bitməsindən 7 ay keçməsinə baxmayaraq, hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə vermək istəmir. 30 il olduğu kimi yenə də beynəxalq ictimaiyyət və qurumlar Ermənistanı bu əməlindən çəkindirməklə bağlı çağırış etmirlər. Məhz buna görə də, 30 il ərzində öz doğma yurd yuvalarından Ermənistan Silahlı Qüvvələrinin işğalçılıq siyasəti nəticəsində çıxarılmış, qovulmuş azərbaycanlı məcburi köçkünlər ərazilər minalı olduğu üçün öz yurdlarına, vətənlərinə qayıda bilmirlər. Məsələ ilə bağlı statistik məlumatı diqqətinizə çatdıraq. Müharibədən sonrakı 7 ay ərzində 20-dən çox mülki vətəndaşımız işğaldan azad edilmiş ərazilərdə minaya düşüb. Onlardan bəziləri dünyasını dəyişib, digərlərinin isə bədən üzvləri amputasiya olunub.

Müharibənin məğlubiyyət acısını həzm edə bilməyən erməni faşizmi 30 il olduğu kimi yenə də sərhədboyu ərazilərimizdə təxribat törətməkdə, təmas xəttində süni gərginlik yaratmaqda davam edirlər. Amma buna baxmayaraq, 44 günlük vətən müharibəsində dəmir şücaət göstərən Azərbaycan Ordusu, bu təxribatlara peşəkar şəkildə cavab verir.

Dövlət başçısının çıxışındakı bu ifadələr düşmənə sillə kimi cavab oldu: “Müharibə arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq”.

Sonda bir məsələni xüsusi qeyd etmək istərdim. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun həyata keçirdiyi uğurlu taktika və yaddaşlarda qalacaq unudulmaz “Şuşa əməliyyatı” tarixin, eləcə də tarix kitablarının şanlı və silinməz səhifəsinə çevrildi. Çox istərdim ki, 44 günlük müharibə zamanı düşmənin zirehli texnika və silah sursat anbarlarını məhvetmə anını əks etdirən videolar da, həmin tarix dərslərində video-rolik şəklində nümayiş etdirilsin. Atalar yaxşı deyib: “Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”.

44 günlük müharibədə dostumuzu da, düşmənimizi də yaxşı tanıdıq. Eyni tendensiyanı müharibədən sonrakı dövrə də aid etmək olar. Qarşımızda dayanıb söz deyə bilməyənlər, arxamızca danışdılar, düşmənə dəstək oldular amma nə fayda? Haqq öz yerini tapdı, torpaqlarımız Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi sayəsində, həmçinin Ordumuzun məğlubedilməzliyi sayəsində düşməndən azad edildi.

Müharibə bitdikdən sonra Ali Baş Komandan İlham Əliyev Şuşaya səfər edərkən ifadə etdiyi bu fikirlər əsl sərkərdəyə yaraşan cümlələr idi: “Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik”.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqına mütəmadi olaraq məlumat verilir, Ordumuzun torpaqlarımızı düşməndən azad etməsi ilə bağlı açıqlamalar verilirdi. Hər açıqlamanın sonunda isə bu ifadə səslənirdi: “Qələbə bizimlədir!”. Qələbə bizim oldu – haqlı olan, ədalətli olan tərəfin – Azərbaycanın!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

 

ORXAN ASLAN