28 May və dəyişən təqvimimiz

Bəlkə də tarixin ən ciddi məqamı təqvimlərin dəyişməsidir. İstər faciə olsun, istər xoş hadisə fərq etmir, təqvim dəyişirsə həmin günləri yaşayan ölkələrin və xalqların həyatı da dəyişir, yenilənir və yeni epoxa başlayır.

Azərbaycan İkinci Qarabağ savaşı ilə öz təqvimini dəyişdi. Artıq qara haşiyəyə alınmış günlər həm şifahi, həm yazılı yaddaşımızdan silinməyə başladı. Xüsusilə azad edilmiş rayonlarımızın işğal günləri indiyə qədərki məzmununu dəyişdi. Hətta, mən deyərdim, əksinə çevrildi. Misal üçün 8 may günü... Biz bu günü təbii olaraq böyük matəm kimi qeyd edirdik. Səhəri 9 may – faşizm üzərində qələbə günü kimi tarixə düşən 8 may sanki içimizdəki ümid qanadlarına vurulan qandal idi. Həmişə düşünürdüm; bəlkə də qəsdən eləmişdilər bunu. Lakin daha çox tarixin mistik ibrət dərsinə inanmışam. Saxta və yalançı sovet qardaşlığının sonu elə bu cür də olmalı idi. Çiyin-çiyinə verib faşizm kimi bəlanı yer üzündən sildiyimiz insanlar indi özləri bizə qarşı faşizm törədirdilər.

Əslində, faşistlər yəhudilər istisna olunmaqla heç bir xalqa qarşı genosid törətmirdilər. Dövləti olmayan yəhudilərə qarşı bu amansız addımın isə başqa ideoloji “arqument”ləri vardı. Yerdə qalan xalqları bütünlüklə qırğına məruz qoymur və ya iddia etdikləri ərazilərdən köçürmürdülər. Bizim bədnam qonşular və onların havadarları isə nə uşağa aman verirdi, nə qocaya. Bircə ailənin də işğaldan sonra öz yerində qalıb yaşaması mümkün deyildi. Çünki, bu müharibə başqa müharibə idi. Vəhşilik miqyasına görə onu ən böyük terror təşkilatı olan İŞİD-lə müqayisə etmək olardı. Yalnız beyni zəhərlənmiş terrorist qruplaşmalar uşaqlı-böyüklü bütöv bir topluma qarşı belə genosid törədir. Məqsəd səni bir xalq olaraq son fərdinə qədər yer üzündən silməkdir.

Erməni faşizmi öz yanında Azərbaycan adlı bir dövlətin və xalqın var olmasını istəmir və bunun üçün illərdir əlindən gələni edir. O, nəinki insanımızla, hətta bizə aid olan daşla, qayayla da müharibə aparır, onlara qarşı da soyqırımı törədir. İşğaldan azad olunan kəndlərin birində bir mənzərə gördüm, gerçəkliyi bir az da dərindən anlamış oldum: erməni yaraqlıları məzar daşındakı şəklindən igid olduğu bilinən bir azərbaycanlının sir-sifətini güllələmişdilər. Qara mərmərdə açılan güllə yerləri adamın içini sızıldadırdı. Bu, kinin və nifrətin hansı mərhələsidir? Baş daşındakı şəkli belə bağışlaya bilməmək, onun məğrur duruşundan qəzəblənmək və silaha əl atmaq psixoloji xəstəlik olmalı...

Hələ uzaq 90-cı illərdə tarixçi alimlərdən biri efirdə danışırdı və indiyədək heç vaxt unuda bilmədiyim bir söz işlətdi. Dedi, tarixə diqqət edin, təxminən son iki yüz ildə Azərbaycanı qəlbən sevən heç bir şəxsiyyətin taleyi düz gətirməyib, hamısının başı olmazın bəlalar çəkib. Bu, doğrudan da belədir. Yalnız ötən əsrin 30-cu illərində həyata keçirilən repressiyalara baxmaq kifayət edir. Kimlər idi güdaza gedənlər? Siyasət, elm və mədəniyyət sahəsinin ən sanballı şəxsiyyətləri...

Mən adını indi xatırlaya bilmədiyim hörmətli tarixçinin bu tezisindən yola çıxaraq təqvimdə də eyni analogiyanı apardım.

Belə bir qənaətə gəldim ki, qara haşiyəyə almaq məcburiy­yətində qaldığımız günlərin hamısını məhz 28 Maya görə yaşamışıq. Hətta 1918-ci ildən əvvəlki faciəvi günlərimizi də!

Düşmən bir milləti məhv etmək, yaxud onu köləyə çevirmək istəyirsə əvvəlcə dilinə, ərazisinə, daha sonra milli kimliyinə hücum edir. Niyə? Çünki bir xalq məhz bu üç komponentə görə ayaqdadır və nə qədər ayaqdadır mütləq öz dövlətini quracaq, bayrağını qaldıracaqdır. 

Necə ki, dahi şəxsiyyətlərimiz hesabına xalq olaraq ən çətin müstəmləkə dövrlərində dilimizi, ərazimizi və kimliyimizi axıracan məhv olmağa qoymadıq və bunun bədəli olaraq Şərqdə ilk demokratik respublikanın bayrağını qaldırmağa nail olduq. Düz-dür, cəmi 23 ay sonra hər şey alt-üst oldu, yenicə açmış qönçə gül qanlı çəkmələrin altında əzildi. Lakin artıq olan olmuşdu və bu xalq azadlığın nə olduğunu bütün mahiyyəti ilə anlamışdı. Tarix geriyə qayıtmır heç vaxt. Azərbaycanın sovetlər birliyinin tərkibində yaşadığı illər də bizi geri döndərməmişdi, sadəcə biz müstəqilliyimizə yenidən qovuşmaq üçün 70 illik bir sınaq yolu keçdik.

Bir kərə yüksələn bayraq, bir daha enmir, lakin bu bayrağın qaldırılmasını sevməyən düşmənlər dönüb-dönüb eyni əməlləri təkrar-təkrar törətməkdən çəkinmirlər. Məhz o bayrağa qovuşduğumuz gün üçün nə məşəqqətlər yaşadıq? Torpaq itkisi, insan itkisi, ömür itkisi, sağlamlıq itkisi... Həm də bir, beş, on il yox, düz 30 il! Etiraf edək ki, balaca rəqəm deyil. Bir insan ömrünün tən yarısı...

Təqvimdə qara haşiyələnmiş günlərin hamısı 28 Maya görədirsə, İkinci Qarabağ savaşında Tanrının bizə nəsib etdiyi qələbə günləri də eyni mənbəyə bağlıdır. Çünki əgər müstəqil respublikamız olmasa, onun nizami ordusu olmasa və bütün xalq həmin o 28 May günü başımız üstə qaldırılan üçrəngli bayraq ətrafında birləşməsə hansı qələbədən söhbət gedə bilərdi?

30 illik amansız məğlubiyyətdən sonra növbəti 28 May gününə böyük qələbə ilə gedən Azərbaycan xalqı üçün builki təqvim günümüz əlahiddə əhəmiyyət daşıyır. Biz indiyədək heç vaxt bu qədər möhtəşəm 28 May yaşamamışıq. Yazın bu gözəl gününün bizə töhfə etdiyi azadlıq və müstəqillik Qarabağ qələbəsi ilə möhkəmləndi. Hərb meydanında qazanılan qələbədən sonra ərazi bütövlüyümüzün ən xırda detallarınacan tam təmin olunması prosesi də uğurla davam etməkdədir.

Bizi gözəl sabahlar, 28 Maya layiq gözəl günlər gözləyir. Şuşada keçirilən “Xarıbülbül” festivalından dalğa-dalğa ucalan musiqi sədaları bütün Azərbaycana yayıldığı kimi, gələcəyimizə də qanadlandı. Xanın səsini Cıdır düzündə eşitmək taleyin ən böyük töhfəsi idi. Bu səs həm də müstəqil respublikamızın əbədiliyinə vurulmuş mənəvi möhür idi.

Şərif AĞAYAR