“YAŞAT” xeyriyyə marafonu dünya azərbaycanlılarının birlik və həmrəylik rəmzidir

Diasporla İş üzrə Dövlət Komitəsi “YAŞAT” xeyriyyə marafonu ilə əlaqədar dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

Müraciəti deyilir: “Əziz həmvətənlər, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər hər birimizə sevinc və qürur hissi yaşatdı. Otuz ilə yaxın işğal altında qalan tarixi torpaqlarımızın 44 gün ərzində azad edilməsi doğma Vətənimizin qalib və qüdrətli dövlət olduğunu dünyaya bir daha sübut etdi.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da dəfələrlə çıxışlarında vurğuladıqları kimi, məhz xaricdə yaşayan soydaşlarımızın birliyi, mütəşəkkilliyi sayəsində Azərbaycanın haqq səsi bütün dünyaya çatdırıldı. Ermənistanın işğalçılıq siyasətinin harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, beynəlxalq hüquqa hörmətlə yanaşan hər bir kəsin problemi olduğu bəyan edildi.

Vətən müharibəsində şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gələn şanlı Qələbə hamımızı sevindirdi, lakin müharibə nəticəsində 2800 nəfərdən çox şəhidimiz, 100-lərlə qazimiz var.

“YAŞAT” xeyriyyə marafonu Qələbəni bizə yaşadanları yaşatmaq, şəhid ailələrinin, qazilərimizin problemlərinin həllinə kömək etmək məsuliyyətindən irəli gələn zərurətdir. Mayın 25-dək marafonda 60-a yaxın ölkənin iştirakı dünya azərbaycanlılarının Vətənə sədaqətinin daha bir nümunəsi, diaspor-dövlət birliyinin sübutudur”.

Qeyd edək ki, mayın 25-də “YAŞAT” xeyriyyə marafonu Azərbaycan Televiziyasında (AzTV) bir neçə saat ərzində yayımlanıb. Marafon mayın 31-dək davam edəcək və nəticələr ictimaiyyətə açıqlanacaq. Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarını marafonu yaxından izləməyə və aksiyada fəal iştiraka çağırıb. Komitə marafonun əhatə dairəsinin geniş olmasında, kütləviliyində zəhməti keçən hər bir soydaşımıza, şəhid və qazi ailələrini hər zaman diqqət mərkəzində saxlayan həmvətənlərimizə minnətdarlığını çatdırıb.