Erməni xalqını yenə də böyük itkilər və peşmançılıq gözləyir

Yazın son ayının son həftəsi Ermənistanda yeni qalmaqallarla keçir və bunun nə vaxt başa çatacağını proqnozlaşdırmaq çətindir. Belə ki, «Milli Hərəkat Konqresi»nin seçkilərlə bağlı may ayının 17-də keçirilmiş növbədənkənar qurultayında eks prezident Levon Ter-Petrosyanın «Ermənistanda dövlət yoxdur» fikrinə münasibət bildirən erməni ekspertlərinin çoxu bu ifadələrlə razılaşdıqlarını bildirir, digərləri isə eks prezidentin də Nikol Paşinyan kimi guya Azərbaycanın mənafeyinə uyğun siyasət yürütdüklərini vurğulayırlar. Bu, erməni yazılı və elektron mətbuatında geniş yayılmaqdadır. Opponentlərinin fikirləri ilə razılaşmayan eks prezident isə 24 mayda «Hayeli.am» kanalına verdiyi müsahibəsində Ermənistanın indiki durumunu təhlil edir, ölkədə böhranın getdikcə dərinləşdiyini vurğulayır, təəssüf hissi ilə bildirir ki, «əgər belə davam edərsə, Ermənistan yenə də ağır itkilərlə və peşmançılıqla üzləşəcək».

Xatırladaq ki, L.Ter-Petrosyan 8 il Ermənistana rəhbərlik etmiş və ərazilərimizin 20 faizi məhz onun prezidentliyi dövründə işğal olunmuşdu. Sonra isə danışıqlar zamanı o, Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsinə qismən tərəfdar olmuş və separatçı rejimin «Muxtar Respublika» statusu almasına demək olar ki, razılaşmışdı. Amma L.Ter-Petrosyanın mayın 24-də dediyi kimi «artsax» utopiyasına inanan müxalifət onun istefasına nail ola bildi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi Ermənistanda hamıya sarsıdıcı zərbə olsa da, L.Ter-Petrosyan bunun belə olacağını hələ 1997-ci ildə dəfələrlə bildirdiyini vurğulamaqla özünü erməni müxalifətinin dediyi kimi «indi özünü soyuq duş qəbul edən kimi hiss edir».

Son həftədə iqtidaryönlü erməni KİV-ləri baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın komandasının təbliğini daha da genişləndirib, N. Paşinyanın yenidən baş nazir seçiləcəyini müxtəlif arqumentlərlə əsaslandırırlar. Onlar açıq-aydın bildirirlər ki, «türk xislətli Qarabağ klanı» hakimiyyətə iddialı olmağa layiq deyil. Çünki məhz onların dövründə söz azadlığı, insan haqları pozulmuş, siyasi qətllər törədilmiş, ölkədən beyin axını sürətlənmişdir.

Azərbaycanla Ermənistan arasındakı sərhəd mübahisəsi vaxtilə «Sasna Crer», son vaxtlar isə «Milli-Xalq hakimiyyəti qütbü» adlanan ifrat radikal təşkilatı daha da quduzlaşdırıb. “Qütb”ün rayon mərkəzlərində hədə-qorxu yolu ilə otaqlar ələ keçirib özlərinə ofis yaratmaları rəsmi dairələr tərəfindən sükutla qarşılanır. Səbəbini isə belə izah edirlər ki, seçki öncəsi silahlı qarşıdurma yaratmaq onlara sərf eləmir. Sözü­gedən qurumun rəhbəri Jirayr Səfilyan və həmkarları həmişə olduğu kimi, may ayının son həftəsində də Azərbaycan, Türkiyə və Rusiya əleyhinə həqiqətdən uzaq, məntiqsiz ifadələrlə təbliğat aparırlar. O özü rusları «ağ türklər» adlandırır və deyir ki, «Ermənistan Rusiya və Türkiyə arasında bölünüb, Türkiyə Qarabağı öz qardaşları olan azərbaycanlılara hədiyyə edib, Ermənistan isə Rusiyanın sözü belə eşidilməyən vassalıdır. Sərhəd mübahisəsi Azərbaycanın xeyrinə həll olunacaqdır. Çünki Rusiya Azərbaycanın NATO-ya daxil olmasını deyil, KTMT-yə və «Avrasiya» Alyansına üzvlüyünü çoxdan istəyir». İranın XİN rəhbəri Zərifin və İranın siyasətini «ikiüzlülük nümunəsi» adlandıran bu populist terrorçu Ermənistanın xilasının özünün baş nazir seçilməsində görür və lovğalanır ki, tərəfdarları gündən-günə artır. Təkcə Azərbaycanı deyil, həm də Azərbaycanı dəstəkləyən rusiyalı ekspertlər S.Markovu, İ.Korotçenkonu, M.Şevçenkonu təhqiramiz ifadələrlə hədələyən J.Səfilyanın Fransadakı erməni lobbisi tərəfindən maliyyələşdirildiyi və idarə olunduğu da bəzi erməni mətbuatının mayın 24-dən bəri yayımladığı fikirlərdən açıq-aydın görünür.

Ermənistanda əhalinin çoxunun yoxsulluq içərisində yaşaması varlı ermənilərin onlara müəyyən məbləğdə pul paylayaraq səslərini «qazanmaları» da son vaxtlar sözü­gedən mətbuatda açıq-aşkar yayımlanır. Belə ki, Natalya Rotenberq adlı qadın əri Rotenberq vəfat etdikdən sonra varlı erməni biznesmenə getmiş və Çiçəklənən Ermənistan Partiyasının siyahısında ön sıradadır. O, seçicilərlə görüşərkən gizlətməyib ki, məhz keçmiş və indiki ərlərinin pulu hesabına deputat seçilərkən Ermə­nis­t­ana və ermənilərə böyük fayda verəcəkdir.

Azadlıq radiosunun erməni xidmətinin yayımladığı xəbərlərdə isə həm müxalifət, həm də iqtidarın müasir tələblərə cavab verməyən fəaliyyətləri daim tənqid olunsa da, Azərbaycana, Türkiyəyə, Pakistana qarşı əsassız ittihamlar gündən-günə çoxalmaqdadır. Mayın 25-də həmin radioya müsahibə verən erməni tarixçi Karen Manukyan bildirir ki, Ermənistanın bəzi ərazilərinin Azərbaycan əraziləri ilə mübadilə məsələsi məhz Türkiyə ilə Rusiyanın irəli sürdüyü təkliflərdir.

O, həm də vurğulayır ki, «hansısa kənd (Başkənd, Kərki) və ərazi anklav ola bilməz. Belə olarsa, azərbaycanlı və erməni sərhədçiləri arasında daim münaqişə, silahlı toqquşma, nəhayət müharibə ola bilər».

KTMT-nin heç bir işə yaramadığını daim tənqid edən erməni mətbuatı bu işdə əsasən Orta Asiya və Belarusiya dövlətlərini günahlandırırlar. Onlar portallarda yayırlar ki, Türkiyə hətta İrəvana qədər gəlib çıxsa, nə Orta Asiya, nə də Belarusiya rəhbərləri dillənməyəcək, «məsələnin danışıqlar yolu ilə həllinə tərəfdarıq deyəcəklər”.

…Son həftə ərzində Ermənistanda baş verən hadisələr və erməni KİV-lərinin həmin hadisələrə münasibətini, əlbəttə, bir yazıya sığışdırmaq mümkün deyil. Amma görünən ondan ibarətdir ki, orada siyasi qalmaqallar baş alıb getməkdə, əhali isə başını itirməkdədir. Görünür, yazın son ayının son həftəsi də ermənilərin siyasi sonunu yaxınlaşdırır.

Nəsib QARAMANLI