İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsində əsas rolu gənclər oynayacaq

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilovla müsahibə

Xəbər verdiyimiz kimi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib və onun 13 nəfərdən ibarət yeni tərkibi müəyyənləşib. Yeni heyət tanınmış ictimai fəal, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilova etimad göstərərək, onu Şuraya sədr seçib. Anar müəllimlə söhbətimiz qaçqınlar və məcburi köçkünlərlə bağlı görülən işlər, bu işlərdə ictimai iştirakçılığın vəziyyəti və pers­pektivləri, Şuranın gələcək planları barədədir.

- Anar müəllim, QHT rəhbəri kimi fəaliyyətiniz əsasən hansı sahəni əhatə edir? Dövlət Komitəsi yanında İctimai Şurada təmsil olunmazdan öncə onun fəaliy­yəti ilə tanış olmuşdunuzmu? Komitənin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Fəaliyyətimin əsas hissəsini vətəndaş cəmiyyətinin nümayəndəsi kimi həyata keçirdiyim işlər təşkil edir. 2001-ci ildən aktiv ictimai fəaliyyətlə məşğulam. Təşkilatımız, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi 2003-cü ilin oktyabr ayında bir qrup şuşalı gənc tərəfindən təsis edilib, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. O gündən də təşkilatın rəhbəri kimi fəaliyyət göstərirəm. Fəaliyyət göstərdiyimiz dövrdə 20-ə yaxın layihənin müəllifi olmuşam. Bu layihələr əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri əhatə edib, ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılması istiqamətində tədbirləri əhatə edib. Bundan əlavə digər sahələr üzrə 8 layihə həyata keçirmişik. Təşkilatımızın yknews.az (Youth Karabakh News) saytı fəaliyyət göstərir. Bundan başqa 8 sənədli filmin yaradıcısıyıq. Vaxtilə Qarabağ abidələri portalını yaratmışdıq, sonra onu yknews.az saytına birləşdirdik. Hazırda həmin saytın tərkibində fəaliyyət göstərir. 30-a yaxın tədbir, xarici ölkələrdə keçirilən 15 beynəlxalq tədbirdə Azərbaycanı təmsil etmişik. Təmsil etdiyimiz bütün tədbirlərdə məcburi köçkün problemi, Azərbaycan ərazilərinin işğalı məsələsini qabardır və aktiv fəaliyyət göstərmişdik.

Bir çox yerli və beynəlxalq vətəndaş cəmiyyəti koalisiyalarının üzvüyük. Azərbaycan dövlətinin gənclər siyasətinin həyata keçirilməsində, onun məcburi köçkün gənclər arasında yayılmasında yaxından iştirak etmişik. Gənclər platforması olan gənclər təşkilatları milli platformasının üzvüyük. Özüm vaxtı ilə həmin təşkilatın İdarə Heyətinin üzvü olmuşam. Məcburi köçkün gənclərin təmsilçisi kimi fəaliyyət göstərmişəm.

Fəaliyyətimə görə dövlət orqanları, yerli və beynəlxalq təşkilatlar tərəfindən bir çox diplom və fəxri fərmanla təltif edilmişəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə “Azərbaycan Cümhuriyyəti 100” yubiley medalı ilə təltif olunmuşam. Hesab edirəm ki, ictimai birlik olaraq fəaliyyətimiz səmərəli olub. Bir çox layihələri gerçəkləşdirə bilmişik, bu istiqamətdə fəaliyyətimiz davam edəcək.

Dövlət başçısının 2016-cı il 20 aprel tarixli sərəncamı ilə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü seçilmişəm. Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ləğv edildi.    

Fəaliyyətimizin əsas istiqamətini bir zaman işğal altında olan ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, məcburi köçkün gənclərlə iş, onların maarifləndirilməsi, vətənpərvərlik layihələri, işğal altında saxlanılmış ərazilərin maddi-mədəni abidələri, ekologiya, maddi-mədəni irsə vurulmuş ziyanla bağlı fəaliyyət və digər sahələr təşkil edib. Xarici dildə 3 kitab çap etdirmişik. Bu istiqamətdə bir çox uğura imza atmışıq.

Komitə yanında bundan öncəki İctimai Şurada da təmsil olunmuşam. Vətəndaş cəmiyyəti sahəsində 20 ilə yaxın təcrübəm var. Növbəti seçkilərdə də göstərdiyimiz sahəyə uyğun olaraq, komitə yanında İctimai Şurada təmsil olunmağı hədəfə almışıq. İkinci dəfə təşkilat tərəfindən mənim namizədliyim irəli sürüldü. Seçildikdən sonra növbəti etimad Şura üzvləri tərəfindən göstərildi. Bunun üçün onlara minnətdaram. İlk iclasda yekdilliklə mənim şura sədri olmağıma səs verdilər.

Komitənin son dövrlərdəki fəaliyyətini çox yüksək qiymətləndirirəm. Şəffaflığının təmin edilməsi, mövcud olmuş neqativ halların aradan qaldırılması üçün lazımi tədbirlər görülüb. Bu, məcburi köçkünlər arasında müsbət qarşılanıb. Məcburi köçkünlərlə keçirdiyimiz görüşlər zamanı eşitdiyimiz müsbət fikirlərə əsasən bunu deyə bilirəm. Komitənin rəhbərliyinin şəffaflığın təmin edilməsində prinsipial, qəti mövqeyi var. Eyni zamanda, əksəriyyəti gənclərdənibarət olan kollektiv peşəkardır, məcburi köçkünlərlə işləmə mexanizmini bilir. Ötən İctimai Şuranın tərkibində olarkən məcburi köçkünlərin köçürülməsi zamanı püşkatma, köçürülmə prosesində iştirak edirdik. Komitənin fəaliyyətinə aid olan digər sahələrdə də monitorinq aparmışıq. Bütün bu ictimai nəzarət zamanı heç bir neqativ halla üzləşməmişik.

Yeni formalaşdırılmış İctimai Şuranın tərkibində də fəaliyyətimiz ictimai nəzarət, məcburi köçkün siyasətinin həyata keçirilməsi zamanı vətəndaş cəmiyyəti olaraq dəstək verməkdir. Bu işdə uğur qazanacağımıza inanırıq. Çünki Komitənin, xüsusi ilə Komitə sədrinin İctimai Şuraya münasibəti yüksək səviyyədədir və zəruri olan hər bir dəstək verilir. Rəy və təkliflərimiz dinlənir, problemlərə diqqətlə yanaşılır.

- İctimai Şura üzvləri kimlərdən ibarətdir? Fəaliyyətinizi necə qurmağı planlaşdırırsınız?

- Yeni formalaşan İctimai Şurada peşəkar QHT rəhbərləri təmsil olunub. Bundan başqa aktiv, ictimai fəaliy­yətlə məşğul olan şəxslər, ziyalılar var. Hər biri öz sahəsi üzrə bu günə qədər səmərəli fəaliyyət göstərmiş şəxslərdir. Bu səbəbdən fəaliyyətimizin səmərəli və uğurlu olacağını hesab edirəm. Şura üzvləri ilə birgə müzakirələr aparmışıq, rəy və təklifləri dəyərləndirərək tədbirlər planı hazırlamışıq. Təkliflərimizi Dövlət Komitəsinin rəhbərliyinə də təqdim etmişik. 26 aprel tarixində keçirilmiş seçkilərdən sonra Komitə sədri ilə iki görüş keçirmişik.

Artıq bizim fəaliyyət istiqamətimiz aydındır. İctimai Nəzarət funksiyasını həyata keçirməklə yanaşı, Komitəylə daha yaxından əməkdaşlıq etməyi, ictimai təşəbbüslərdən çıxış etməyi planlaşdırırıq.

30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimiz azad edilib. Komitənin fəaliyyət istiqamətində müəy­yən dəyişiklik olub. Artıq məcburi köçkünlər müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda yeni mənzillərlə təmin olunmur, qəsəbə, yaşayış komplekslərinin inşası dayandırılıb. Yeni mənzillər işğaldan azad edilən ərazilərdə tikiləcək, o yerlər abadlaşdırılacaq, yenidən qurulacaq. Artıq bu işlərin həyata keçirilməsinə start verilib, ərazilər minalardan təmizlənir, rabitə-kommunikasiya xətləri qurulur.

Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun, mövcud qanunvericiliyin tələblərinə əsasən fəaliyyət göstərəcəyik. Bunun üçün bir çox ictimai təşəbbüslərlə çıxış edəcəyik. Məcburi köçkünlərlə, xüsusi ilə ziyalılarla, gənclərlə, qazilərlə görüşlərimiz nəzərdə tutulur. Öncə, birinci mərhələdə abadlaşdırılan və köçürülməsi nəzərdə tutulan rayon sakinləri ilə görüşlər keçiriləcək. Eyni zamanda, işğaldan azad edilmiş rayonların dövlət strukturlarının əməkdaşları ilə görüş olacaq. Böyük Qayıdış planının həyata keçirilməsi zamanı, İctimai Şura üzvlərinin də təşəbbüsləri olacaq, bunları Dövlət Komitəsinin rəhbərliyinə təqdim edəcəyik. İctimai nəzarət funksiyası ilə yanaşı, dövlətin məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı həyata keçirdiyi işlərin və Komitənin yanında olacağıq. 

- Böyük Qayıdış zamanı İctimai Şura məcburi köçkünlərlə işi necə quracaq? Qayıdış prosesində hansı formada təmsil oluna bilərsiniz?

- Hesab edirəm ki, bütün məcburi köçkünlər doğma yurdlarına qayıtmağa hazırdır. 30 ilə yaxın müddətdə insanlarımız bu ərazilərin azad olunmasını səbrsizliklə gözləyib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu torpaq­larımızı işğaldan azad etdi. Bu yolda şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Məcburi köçkünlər səbrsizliklə dədə-baba yurdlarının bərpa olunacağı günü gözləyirlər.

Bildiyiniz kimi, hazırda ərazilərin minalardan təmzilənməsi istiqamətində işlər sürətlə davam edir. Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi bu prosesin tez baş verməsini əngəl olur. Minalardan təmizləmə başa çatdıqdan sonra, infrastruktur qurulacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi müasir standartlara cavab verən, ağıllı kənd, şəhər, yaşıl zona layihəsi həyata keçiriləcək. İşğaldan azad olunmuş ərazilərdə üç hava limanı inşa edilir, dəmir yolu xətti çəkilir. Məcburi köçkünlərin rahat və təhlükəsiz, dünya standartlarına cavab verən şəraitdə yaşaması üçün hər bir tədbir görülür.

Bu yaxınlarda keçirilən “Xarı bülbül” festivalını izləyən zaman Şuşa şəhərində bərpa işlərinin sürətlə getdiyini gördük. Eyni zamanda, Zəngilanın Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində “ağıllı kənd”in qurulması başlayıb. Ağdam rayonun minalardan təmizlənir, şəhərin baş planı hazırlanır. Bütün bu işlər hər kəsin gözü qarşısında, yüksək keyfiyyətlə və sürətlə icra edilir.

İctimai Şura olaraq biz, Böyük Qayıdış dövründə ictimai təşəbbüslərlə çıxış edəcəyik. Məcburi köçkünlərin maarifləndirilməsi, prosesin necə həyata keçirilməsi, hansı planların olacağı haqqında diskussiyalar aparacağıq. Onların rəy və təkliflərinin komitə və müvafiq dövlət orqanlarına çatdıracağıq. İlk mərhələdə hansı kəndlərimiz bərpa olunursa, onların əhalisi ilə görüşüb, müzakirələr aparacağıq. Xüsusi ilə yaşlı və orta nəslin geri qayıtmasında prob­lem görmürük. O torpaqların yenidən dirçəldilməsində, inkişafında əsas rolu 44 günlük Vətən müharibəsində olduğu kimi gənclər oynayacaq. Onlarla böyük iş görməliyik. Ağsaqqallar və ziyalıların rəy və təklifləri va­cibdir. Maarifləndirmə isə həmişə lazımdır. Bu işi görməkdə dövlətin, komitənin yanında olacağıq. İşimizi Komitənin fəaliy­yətinə uyğun quracağıq ki, bu sahədə faydalı olaq. İşin öhdəsindən uğurla gələcəyimizə inanıram. Tədbirlər planına uyğun olaraq, məcburi köçkünlərlə iş görəcəyik. İctimai nəzarət funksiyasını da əsas fəliyyətimiz olaraq davam etdirəcəyik. Komitənin bu gün gördüyü işlər qənaətbəxşdir, bundan sonra da belə olacaq. Dövlət başçısının tapşırığına uyğun olaraq, bir çox mərkəzi icra hakimiyyəti orqanlarında İctimai Şura yaradılır. Indiki dövrdə ən məsuliyyətlisi Dövlət Komitəsi yanında yaradılan İctimai Şuradır. Böyük Qayıdış proqramının həyat keçirilməsinə dəstək vermək bizim də öhdəmizə düşür. Bu hər birimiz üçün xoş və şərəfli fəaliyyətdir. Onun səmərli və uğurlu həyata keçməsində əlimizdən gələni edəcəyik.

- Müsahibə üçün təşəkkür edirik.

Nazilə XAQANİ