Veteran dəmiryolçu: “Mincivana ilk qatarı özüm aparmaq istəyirəm”

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı Zəfər müasir tariximizi şərəfləndirdi. Düşmən sarsıdıcı zərbə aldı, işğal etdiyi ərazilərdən qovuldu və təslim oldu. 10 noyabr 2020-ci ildə imzalanan və Ermənistanın məğlubiy­yətini təsdiqləyən üçtərəfli Bəyanatdə öz əksini tapan tədbirlər ardıcıl icra edilir.

Bu tarixi sənəddə regionda bütün kommunikayaların bərpası və blokadanın aradan qaldırılmasına qərar verilib. Azərbaycanla onun bir hissəsi olan Naxşıvan arasında yol-nəqliyyat əlaqələrini bərpa edəcək Zəngəzur dəhlizinın açılması da burada öz əksini tapıb.

Dövlətimizin başçısının göstərişi ilə Zəngilanda və Naxçıvanda yol-nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun bərpasına başlanılıb. Ölkəmizin rəhbəri özü şəxsən Ordubadda və Mincivanda dəmir yolunun mövcud vəziyyəti ilə tanış olub, müvafiq tapşırıqlar verib.

Bu məsələlərlə əlaqədar Fəxri dəmiryolçu, “Şöhrət” ordenli Rizvan Sadıqovla görüşüb söhbət etdik. O, 1938-ci ildə Zəngilan rayonunun İçəri Müşlan kəndində anadan olub. Zəngilan kənd orta məktəbini, sonra Bakı Dəmiryol Texnikumunu bitirb. Ali təhsilini Rostov Dəmiryol İnstitutunda alıb. O vaxtkı gənclər təşkilatının – komsomolun göndərişi ilə Rusiyanın Novosibirski şəhərində çalışıb. 1960-cı ildən Naxçıvanda Culfa lokomotiv deposunda maşinist, 1967-ci ildən təlimatçı maşinist, 1976-86-ı illərdə Mincivan lokomotiv deposunda, 1986-90-cı illərdə isə Culfa lokomotiv deposunda rəis vəzifələrində işləyib. 1993-cü ildən məlum hadisələrlə bağlı Bakı şəhərində məcburi köçkün kimi məskunlaşıb. 

Veteran dəmiryolçu deyir: “Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hünəri və qətiyyəti, igid övladlarımızın şücaəti nəticəsində işğal olunmuş ərazilərimizin düşməndən təmizlənməsi məni də hədsiz sevindirdi. Mənim xeyli yaşım var. Ən böyük arzum doğma kəndimizə qayıtmaqdır. Özü də istəyirəm ki, Bakıdan Mincivana ilk qatarı mən aparım. Bu çox böyük arzudur.

Onu da qeyd edim ki, mənim işlədiyim dövrlər Ümummilli Lide­rimiz, əvəzsiz şəxsiyyət Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edib. Əldə etdiyim bütün nailiyyətlər Ulu Öndərin idarəçilik məharətinin nəticəsidir. Moskva­da komsomolun 14-cü qurultayının nümayəndəsi, Ümumittifaq Dəmiryol İşçiləri Həmkarlar Komi­təsi Rəyasət Heyətinin üzvü, Naxçıvanda deputat seçilməyim də o böyük şəxsiyyətin məqsədyönlü siyasətinin bariz nümunəsidir. Bu gün mən ikiqat sevinc yaşayıram. Çünki Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycanı bütün dünyada söz sahibinə, Cənubi Qafqazın ən qüdrətli ölkəsinə çevirməsi, torpaqlarımızı yağılardan azad etməsi bu ikiqat sevincin əsas şərtləridir. Əgər Ümummilli Liderin dövründə müəyyən nailiyyətlər qazanıb təltiflərlə mükafatlandırılmışdımsa, Prezidentimiz İlham Əliyev də mənim əməyimi yüksək qiymətləndirərək «Şöhrət» ordeni ilə təltif edib, Prezidentimizin fərdi təqaüdünə layiq görüb. Bütün bunlarla yanaşı, mənim üçün ən böyük mükafat Bakı-Mincivan qatarı ilə doğma yurda qayıdıb torpağıma qovuşmaq olacaq. İnanıram ki, Müzəffər Ali Baş Komandanımızın qüdrəti sayəsində bu müqəddəs arzuma da çatacağam”.

İsa MUSAYEV