Bu yaz bir başqa yazdır: Qələbə müjdəli Qarabağ baharı

Düz iyirmi doqquz il bundan əvvəl ata-baba yurdumuzdan didərgin düşən vaxt Ağcabədinin bir kəndinə pənah gətirdik. Ailəmiz böyük, uşaqların çoxu azyaşlı idi. Ona görə, atam düşünürdü ki, çətin günləri rahat adlatmaq üçün mütləq təsərrüfatla məşğul olmalıyıq. Əmək qabiliyyəti olmayan balacalar mal-heyvan otara bilərdilər. Kolxoz hələ dağılmamışdı, nə qədər sıxlıq olsa da pulsuz otlaq tapmaq mümkün idi.

Ailəmiz üçün ən çətin problemlərdən biri yaşamağa yer tapmaq idi. Düzdür, atamın bir dostunun iki otaqlı boş evinə yığışmışdıq, lakin burda həmişəlik qala bilməzdik. Ailənin boğazından kəsib tikinti materialı alacaq halda deyildik. Uzun məsləhət və çək-çevirdən sonra çiy kərpic kəsmək qərarına gəldik və çox çətinliklə özümüzə balaca bir daxma düzəldə bildik.

Mən bu haqda sonralar ədəbiyyatımızda xeyli populyarlaşan və mənim bir yazar kimi pasportuma çevrilən “Kərpickəsən kişinin dastanı” adlı povestimdə xeyli bəhs etmişəm. Lakin təbii, o bədii əsərdir və gerçəkliyin tam ifadəsi deyil. Gerçəklik bəlkə də ədəbiyyata yansımayacaq qədər ağır və çətindir.

Məcburi köçkünləri o vaxt üç qismə bölüb özüm üçün təsnifatlaşdırmışdım.

Birincilər, Bakı şəhərinə üz tutub hər hansı tikiliyə, evə, yataqxanaya yığışanlar idi.

İkincilər, çadır şəhərciyinə və Taxtakörpüdə yerləşən Qış yataqları kimi boş ərazilərə pənah gətirib özünə dişi-dırnağı ilə güzəran yaratdılar.

Üçüncülər, kəndlərə sığınan ailələrdir.

Təsnifatın hər üçünə aid olan insanların özünəməxsus çətinlikləri vardı. Balaca kəndlərə pənah gətirən ailələr üçün əsas çətinlik adaptasiya prosesidir; sən gəldiyin kəndin əhalisini az müddətdə tanıya bilməzsən, ancaq kənardan gələn ailəni yerli əhali o saat tanıyır. Sənin kəndi tanıma prosesin asan olmur. Kəndin acı var, gici var, dəlisi-ağıllısı, ağbirçəyi-ağsaqqalı var, ancaq kimsə irəli durub kəndlə səni bir günün içində tanış eləmir. Sən bu adamların hər biri ilə şəxsi ünsiyyətdə olandan sonra onların kim olduğunu öyrənirsən. Mədəni şəkildə “şəxsi ünsiyyət” dediyim mürəkkəb münasibət elə də asan qurulmurdu. Proses boyu həm də kəndin sənin haqqında ilk gündən formalaşan ümumi qənaətinə müsbət detallar əlavə etməli idin. Əks halda vəziyyətdən baş çıxara bilməyəcəkdin.

Uzun illər məcburi köçkün həyatı yaşamış biri kimi deyim, ətraf insanlarla normal münasibət üçün ev çox ciddi komponentdir. Evin yoxdursa, cəmiyyət səni çox da ciddiyə almır və mənə görə məcburi köçkünlüyün ən ağır tərəfi budur. Dediyimi atam da anlayırdı və nə olur-olsun dost himayəsindən çıxıb öz ayaqları üstündə durmağa çalışırdı.

Bir Allah bilir bunun üçün nə qədər əziyyət çəkdik. Yay uzunu günün altında dörd-beş min dənə kərpic kəsdik. Sonra saman-palçıqla ev tikdik. O qədər zülm-zillətin ardınca daxmanın damını örtməyə şifer ala bilmədik, atam müşəmbə çəkib üstünə torpaq tökdü. Mən və artıq bığ yeri tərləməyə başlayan qardaşım ev, ən azı modern bir otaq arzulayırdıq, miskin bir daxma alındı. Kənardan baxanda inanmazdın ki, bu yosma daxmaya o qədər əziyyət çəkilib. Bütün zəhmətimizin boşa getdiyini düşünürdüm. Halbuki, üstündə şifer olsaydı, daha şux, cəlbedici görünər və kənddə yeni-yeni formalaşan imicimizə müsbət töhfə verərdi. Bundan sonra lap qız da sevmək olardı!

Amma hanı?

Atamı qınayırdım...

Hələ palçıq dolu qəlibləri arıq qollarımız üzülə-üzülə məhəllənin açıq yerinə sürüdüyümüz vaxtlarda gələcəkdə nəzərdə tutulan “ev”in qarşısına söyüd əkmişdik. Tez-tez sulayırdıq. Zarafat deyildi. Bizim də evimiz, həyətimiz, həyətimizdə ağacımız olacaq, isti havalarda o ağacın kölgəsində oturub nəfəs dərəcək, bir qurtum çay içəcəkdik. Bu, böyük səadət idi!

Bir axşam qardaşımla kəndin mişar daşı ilə tikilib üstünə xüsusi əda ilə şifer vurulmuş şux evlərinin arasından keçib bizim təzə məhəlləyə çıxanda üstü torpaqlı qırışmal daxmamıza baxıb kədərlə dedim: 

“Elə bil məzardır...”

Qardaşım diksindi, mənə baxdı, əməlli-başlı qəhərləndiyimi görüb təsəlli verdi:

“Elə demə, bax, gör söyüdlər necə yarpaqlayır?”

Mən, o vaxtın aşırı bədbinliyinə yuvarlanmış bir yeniyetmə söyüdləri indi gördüm elə bil. Doğrudan da onların yenicə çıxan açıq yaşıl rəngli yarpaqlarından inanılmaz həyat eşqi fışqırır, məhəlləni nura qərq edirdi. Ağaclardan içimə elə bir işıq saçıldı ki, o işığı qarşıdakı illərin ən ağır sınaqlarında belə sönməyə qoymadım.

Söyüdlərin işığı təkcə içimə yox taleyimə, bütün ailəmizin taleyinə düşdü. O balaca daxmadan pərvazlanan uşaqların hərəsi bir yana uçdu, neçəsi ali təhsil aldı, neçəsi şəhərə köçdü, neçəsi elə o məhəllənin yan-yörəsində ev-eşik tikdirdi...

Sonralar həyətimizdəki o söyüdlərin yaşıl işığı bütün Qarabağın simvoluna çevrildi. Bu qədər müharibə və qan-qada gördük, lakin Qarabağ məndə həmişə yaşıl rənglə assosiasiya olundu. Özümü buna bir az da öyrəşdirdim. Hər şey yaxşı olsun, həyat davam eləsin deyə...

Mən düz iyirmi doqquz il əvvəl Ağcabədidəki həyətimizdə gördüyüm o yaşıl rəng bir də jurnalist Səadət Məmmədovanın atası ölən gün Ağdama – Qarağacı qəbiristanlığına apardığı səməni ilə yaddaşımın dərinliklərinə tilov salladı. Söyüdlərimizin yaşılını Səadət xanım səməni ilə işğaldan azad edilən torpaqlarımıza qaytarmışdı. Və elə mənim özümü də bir neçə gün sonra düz Laçına, Laçının özündən də 60 km şimala, doğma kəndimizə aparıb çıxaran o yaşıllıq oldu; Lələtəpədən keçən kimi yaşıl bir okeanın içərisinə girdim. Düz Qayğı qəsəbəsinəcən. Mart tətilində artıq bütün dağətəyi ərazilər yam-yaşıl idi. Güləbird kəndində isə bu yaşıllığın üstünə parlaq gün işığı da ələnib elə bir ecazkar mənzərə yaratmışdı ki, ilahi, ölüm, buralarda qalım deməkdən özümü saxlaya bilmədim.

Yaşıllıq yuxarı dağlara yol gəlirdi hələ. Biz otuz illik həsrəti ovutmaq üçün bir az tələsmişdik. Yaşıllığı qoyub irəli keçmişdik. Bahardan tez gəlmişdik dağlara. Amma orda-burda gözə dəyən ağappaq alça çiçəkləri yazın astanada olduğunu bizə xatırladırdı.

Artıq indi bütün Qarabağ - ən uca dağlarınacan söyüdlərimizin yaşıl işığına bürünüb. O günkü balaca ümid, bugünkü qələbə sevincinə çevrilib.

...Xan əminin məşhur “Şuşanın dağları” mahnısının sözlərində min-bir məna axtaranlar necə də haqlıymışlar. Böyük xanəndə yaratdığı xarüqəladə sənət əsərində, doğrudan da, Qarabağın təbiətini, özü də yaz fəslini əbədiləşdirib. Qırmızı qofta – laləlik, yaşıl tuman – çəmənlik, lap yuxarıda da mavi göy üzü! Çoxu bu təsvirlərin təbiəti yox, üçrəngli bayrağı əks etdirdiyini deyir. Olsun, əlbəttə! Amma üçrəngli bayrağın həm də Azərbaycanın – Qarabağın təbiətini əks etdirmədiyini hardan bilirik? Mavi göy üzü, lalələr və çəmənlər... Lalələrin şəhid qanına bənzədiyini, bu qanın o yaşıl çəmənləri yetirən torpaqlar üçün töküldüyünü və uca göylərin bütün baş verənlərə şahid olduğunu hamımız gözəl bilirik axı!

Bu gün Qarabağımızın işğaldan azad edilən torpaqları mavi səma altında ala-yaşıla bürünərək nəhəng bir bayrağa çevrilib. Şair demiş, bu yaz bir başqa yazdır və o doğma yurdlar yaz təravətli nəfəsi ilə bizi bağrına basmağa hazırlaşır.

Şərif AĞAYAR