Azərbaycan tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.

Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər

Dövlətimizin başçısı Zirvə görüşündə çıxışı zamanı II Qarabağ müharibəsi haqqında məlumat verib. O, 30 ilə yaxın müddət ərzində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin işğal altında qaldığını vurğulayaraq deyib: “Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didər­gin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir”.

Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. “Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi”, - deyə dövlətimizin başçısı xatırladıb.

Azərbaycan Prezident deyib ki, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə ediblər.

Minsk qrupunun 28 illik fəaliyyəti sıfıra bərabər olub

Münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun 28 il ərzindəki fəaliyyətinin nəticəsinin sıfıra bərabər olduğunu qeyd edən Prezident İlham Əliyev Minsk qrupuna həmsədrlik edən ölkələrin dünyanın aparıcı ölkələri, nüvə dövlətləri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olduqlarını xatırladıb və deyub: “Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Əfsuslar olsun ki, bu, baş vermədi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır. Ermə-nistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev deyib ki, bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi: “Ermənistan rəhbəri iki il bundan əvvəl bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, bizim buna cavabımız oldu və ən ciddi cavab döyüş meydanında verildi”.

Türkiyənin dəstəyi bizə əks-hücum əməliyyatını uğurla keçirmək imkanı verdi

Dövlətimizin başçısı Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin ötən il noyabrın 9-dan 10-na keçən gecə Bəyanant imzaladıqlarını, bu sənəd əsasında digər rayonların artıq siyasi yollarla Azərbaycana qaytarıldığını xatırladıb. “Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb,” – Prezident İlham Əliyev bildirib.

Azərbaycanın müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu”.

Göstərilən dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürünü bildirən Azərbaycan Prezidenti deyib ki, müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynayıb.

“Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizə öz siyasi dəstəyini göstərmişlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik

Prezident İlham Əliyev ermənilərin bütün şəhərlərimizi, bütün tarixi abidələrimizi məhv etdiklərini, qəbiristanlıq­ları şumladıqlarını, qəbirləri, 60-dan çox məscidi dağıtdıq­larını və yarımçıq sökülmüş məscidlərdə inək, donuz saxladıqlarını bildirərək deyib: “Bu, bütün müsəlman aləminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir. Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik”.

Hazırda bərpa işlərinə start verildiyini vurğulayan dövlətimizin başçısı müharibədən sonra bir çox azərbaycanlı mülki şəxsin və hərbçinin minaya düşərək həlak olduğunu və yaralandığını qeyd edib. “Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Qədim Azərbaycan torpağı Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq

“Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacibi nəqliyyat imkanlarıdır,” - deyən Prezident İlham Əliyev artıq Zəngəzur dəhlizi üzərində çox fəal iş aparıldığını bildirib. Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan dövlətimizin başçısı deyib: “Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər”.

Prezident qeyd edib ki, Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. “Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”, - deyə dövlətimizin başçısı vurğulayıb.