Selçuk Bayraktar “Qarabağ” ordeni ilə təltif edildi

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədə mühüm rol oynayan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycana gəlib.

Selçuk Bayraktar bu barədəki paylaşımında yazıb: “Hər kəsə Can Azərbaycandan salamlar! Bu gün Bakıda rəhmətlik Heydər Əliyevin məzarını, azərbaycanlı və Türk şəhidlərimizi ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun. Qardaşlığımızın gözəl havasını birlikdə içimizə çəkdik. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb, Prezident İlham Əliyevi Vətən müharibəsindəki Qələbə münasibətilə təbrik edib, şəhidlərimizin xatirəsini anıb.

Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirən Prezident İlham Əliyev onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının Azərbaycana dəstəyini xüsusi vur­ğulayıb. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilən Zirvə görüşündə Türkiyə Prezidentinin Azərbaycanı bu Qələbə münasibətilə bir daha təbrik etməsini yüksək qiymətləndirib.

Türkiyənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunan Prezident İlham Əliyev Selçuk Bayraktarın bu uğurların önündə getdiyini vurğulayıb, “Baykar” şirkətinin istehsal etdiyi məhsulların torpaq­larımızın azad olunması zamanı düşmən texnikasının məhv edilməsindəki rolunu qeyd edib.

Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikası-nın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ” ordeni ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar deyib: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.