Erməni vandalizminin iç üzünü bütün bəşəriyyət görməlidir

Tarixə “erməni xəstəliyi” kimi daxil olan “Böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədilə guya türklər tərəfindən soyqırıma məruz qaldıqlarını antitürk qüvvələrin fəaliyyət proqramının tərkibinə daxil etdirmək üçün heç bir xalqın özünə rəva bilmədiyi çirkin vasitələrdən istifadə edən ermənilərin çar Rusiyasının siyasəti ilə 1840-cı ildə ləğv edilmiş Azənbaycan xanlıqlarının yerində quberniyalar yaradılarkən İrəvan və Naxçıvan xanlıqlarına mənsub ərazilərin bir hissəsində “erməni vilayətinin” yaradılmasından sonra separatçı iddiaları daha da artmış və onlar bundan ruhlanaraq yeni iştahalara düşmüşlər. Özlərini daim çarın sadiq təəbələri kimi qələmə verən bu tayfanın xalq statusunu almasının ilkin amillərindən biri də məhz türklərə, müsəlmanlara qənim kəsilmələri olmuşdur. Bu qanlı olaylar 1905-1907, 1918-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində, 1914-1915-ci ildə Türkiyənin bir çox əyalətlərində kütləvi şəkildə həyata keçirilmişdir. 1915-ci ildə Türkiyənin I Dünya Müharibəsinə cəlb edilməsi ermənilərin özgə torpaqları hesabına dövlət yaratmaq niyyətlərinin hərəkətverici qüvvəsi olmuşdur. Belə ki, bir neçə dövlətin, o cümlədən Rusiyanın Türkiyəyə qarşı müharibə etməsi ermənilər üçün çoxdan gözlənilən əlverişli tarixi məqam idi və onlar bundan maksimum bəhrələnməyə can atırdılar.

1915-ci ildə erməni vəhşiliyinin tüğyan etdiyi Vanda, Trabzonda, Ərzurumda, Ərzincanda, Bitlisdə yaşayan 3 milyon 300 min türk əhalidən müharibədən sonra 600 min adamın qaldığını özünün «Osmanlı imperiyasının tarixi» kitabında təəccüblə yazan Amerika tarixçisi Stenford Şoun onu da vurğulayır ki, erməni quldur dəstələri kürdlər yaşayan kəndlərə də basqınlar edir, qadınlara, qocalara, uşaqlara aman vermədən bütün əhalini qılıncdan keçirirdilər. Minlərlə türk və kürd kəndlisi tikə-tikə doğranır, yandırılırdı.

Bu vəhşiliklər, əlbəttə, Osmanlı hökumətini təcili tədbirlər görməyə vadar etməyə bilməzdi və ali baş komandanlığın əmri ilə 24 aprel 1915-ci ildə Daxili İşlər Nazirliyi İstanbulda və Türkiyənin digər iri şəhərlərində bütün erməni komitələrinin, terror təşkilatlarının dərhal bağlanması haqqında sərəncam vermişdi. Dinc ermənilərin imperiyanın içərisinə köçürülməsi isə heç də soyqırım deyildi, əksinə bu, onların erməni terrorçu dəstələrindən və ölkədəki işğalçı qüvvələrdən qorunması məqsədinə hesablanmış zərurət idi.

Tarixi mənbələrdən məlumdur ki, rəşadətli türk qoşunlarının sarsıdıcı zərbələrinə duruş gətirə bilməyən rus qoşunları 1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılaraq geri qayıdarkən onlarla birlikdə minlərlə erməni əsgəri də Zaqafqaziyaya keçmiş və bu dəfə Azərbaycan ərazilərində nizami ordu halında qırğınlar törətməyə başlamışlar. Həmin hərbi birləşmələrin bir qolu da artıq Bakıda siyasi hakimiyyəti qamarlayan Şaumyanın tabeliyində olmuşdur. Erməni siyasətində bir məqamı da nəzərə almaq lazımdır ki, onlar siyasi şəraitə uyğun manevrləri heç bir əxlaq gözləmədən həyata keçirirlər. Şaumyan da minlərlə daşnak əsgərini kommuna bayrağı altına toplamaqla əslində hakimiyyətin bolşeviklərin deyil, daşnakların əlində olmasını reallaşdıra bilmişdi. Məhz bu siyasətin nəticəsi idi ki, Bakı kommunasının silahlı dəstələrinin mütləq əksəriyyətini ermənilər təşkil edirdi. Ruslardan ibarət dəstələrin isə komandir heyəti əsasən erməni zabitlərindən, yaxud bolşevik-daşnaklardan ibarət olmuşdur. Bütün bunların nəticəsində təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmiş, Qarabağın dağlıq hissəsində 15-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdu.

İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış və yandırılmışdır. O vaxt İrəvan azərbaycanlılarının müraciətlərində göstərilmişdir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlı evi yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir.

Belə bir şəraitdə «Böyük Ermənistan» ideologiyasının silah gücünə həyata keçirilməsi təkcə bolşevik daşnakların deyil, Rusiyada hakimiyyətdə olan sovetlərin də marağına uyğun idi. Bütün bunlarla yanaşı gələcək faciələrin baş verə biləcək ardıcıllığında xalqımızın durumu məlum idi.

Belə ki, uzun illər hərbi xidmət keçməyən, əsasən dini xürafatla formalaşan psixologiya sahiblərinin çağdaş siyasi proseslərdən xəbərdar, peşəkar hərbi təlim keçmiş ifrat millətçi psixologiyaya mənsub düşmənlə üz-üzə dayanması qorxulu idi. 1918-ci il martın sonlarında çoxdan gözlənilən bəhanə ilə Bakıda müsəlmanlara qarşı əsil soyqırımı həyata keçirən ermənilərin daha sonra kommuna bayrağı altında paytaxta yaxın ərazilərdə də anoloji aksiyalar keçirməsi Azərbaycan xalqına qarşı soyqırımı törədən erməniləri sonra Avropa və şimal qonşumuz tərəfindən məzlum, əzabkeş xalq kimi tanımışdır ki, bunun da əsas səbəbi antitürk ideologiyasının həmin dövlətlərin siyasətində ön yerdə durmasıdır. Bu həm də ermənilərin davamlı təbliğatının öz ünvanına çatması deməkdir.

Onu da unutmağa haqqımız yoxdur ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 15 iyul və 31 avqust 1918-ci il tarixli qərarlarına əsasən Ələkbər bəy Xasməmmədovun sədrliyi ilə fövqəladə istintaq komissiyası təşkil edilmişdir və həmin komissiya Azərbaycanın müxtəlif bölgələrində dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədən quldur dəstələrin fəaliyyətini qiymətləndirməli, eləcə də zorakılığın bütün hallarını dəqiq qeydiyyatdan keçirməli, qırğının hansı şəraitdə törədildiyini təyin etməli, dəyən maddi ziyanın qədərini müəyyənləşdirməli idi. 1919-cu ilin martında məsələyə yenidən baxılmış və müvafiq qərar qəbul olunmuşdu. Amma Azərbaycanda bolşevik işğalından sonra bir çox milli məsələlər aradan götürülmüş və “Xalqlar dostluğu” sosialist ideologiyasının təməl prinsiplərindən biri kimi qəbul olunaraq təbliğ edilməyə başlanmışdır.

Bu ideologiyanın bolşeviklər tərəfindən tarixşünaslığımıza “vətəndaş müharibəsi”, “əks-inqilabi qiyam” adı ilə daxil etdiyi mart qırğınları azmış kimi azərbaycanlıların soyqırımı sovet hakimiyyəti illərində də davam etdirilmişdir.

Amma bu dəfəki forma tam başqa olmuşdur. Belə ki, 1934-37-ci illərdəki repressiya, 1948-53-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası, 1992-ci ildə Xocalı soyqırımı və sayı-hesabı bilinməyən digər qanlı aksiyalar məhz azərbaycanlıların soyqırımına məruz qalmasının danılmaz faktlarıdır. Uzun illər haqqında danışılmayan qanlı faciə ilə bağlı ən böyük siyasi sənəd yalnız hadisədən 80 il sonra qəbul edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin mart qır­ğınlarına siyasi qiymət verildi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hər il azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciətində də ermənilərin müxtəlif illərdə dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmələri, soydaşlarımızın yurd-yuvalarından didərgin salınmaları, ərazilərimizin işğalı, erməni şovinist millətçilərin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər birimizin qarşısında duran  başlıca vəzifələr də göstərilir: “Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə nail olacağıq”.

Bəli, gec də olsa haqq öz yerini tutmaqda, erməni vandalizminin iç üzünü bəşəriyyətə göstərməkdədir. Belə ki, 44 günlük müharibədə darmadağın edilən erməni ordusunun Qarabağda və ətraf rayonlarda bütün infrastrukturu, evləri, məscidləri dağıtması artıq təkcə özümüzə deyil, həm də həmin yerlərdə səfərdə olmuş xarici media mənsublarına, diplomatikkorpusun nümayəndələrinə əyani göstərilmiş və videoformatda da yayılmaqdadır. Ordumuzun zəfəri önündə diz çökən Ermənistanın həm hüquqi, həm də siyasi cəhətdən ifşası istiqamətində həyata keçirilən sistemli tədbirlər isə bir daha təsdiqləyir ki, Azərbaycanın haqq işi daim zəfər çalacaq.

Nəsib QARAMANLI