Sahibkarlıq fəaliyyətinə necə başlamalı?..

BMqT-nin Azərbaycan nümayəndəliyi Ağdam, Ağcabədi və Füzuli rayonlarında cburi köçkünlər üçün biznes məsləhətləşmələri təşkil edib

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi məcburi köçkün ailələrinə bazar qiymətləndirmələri, təlimlər və qrantlar daxil olmaqla mikro və kiçik sahibkarlıq müəssisələrinin yaradılmasına dəstək verməklə özünüməşğulluq imkanları yaratmaq istiqamətində təşəbbüslərini davam etdirir.

Nümayəndəlikdən verilən məlumata görə, təşkilat Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin hədəf əraziləri olan Ağdam, Ağcabədi və Füzuli rayonlarında yaşayan məcburi köçkünlər arasında biznes məsləhətləşmələri sessiyaları təşkil edib.

BMqT-nin sifarişi ilə “Finance and Social Innovation Consulting” MMC (FSIC) tərəfindən bazar araşdırmaları, dəyər zəncirinin təhlili və ehtiyacların qiymətləndirilməsindən sonra həmin üç rayon biznes məsləhətləşmələrinin keçirilməsi üçün seçilib.

Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA), FSIC və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası nümayəndələrinin apardıqları biznes məsləhətləşmələri həmin layihənin biznesin inkişafı komponentinə daxil olmaqla layihə icra edilən ərazilərdə məskunlaşan məcburi köçkünlərə gəlir gətirən fəaliyyətlərə başlamaları və davam etdirmələri üçün əlverişli mühit yaradan kiçik biznes təşəbbüslərinə dəstək verilməsini nəzərdə tutur.

Ümumiyyətlə, layihənin biznesin inkişafı komponenti çərçivəsində hədəf ərazilərində məcburi köçkün icmalarına yönəlmiş fəaliyyətlər fərdi təşəbbüslərin inkişafı üçün etibarlı məlumat bazasının yaradılması, məcburi köçkün icmalarının maliyyə savadlılığının artırılması və özünüməşğulluğun təşviqi olmaqla üç hissədən ibarətdir. Bu fəaliyyətlər, həmçinin məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmağa və onların cəmiyyətin həyatında iştirakını təşviq etməyə dəstək göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, həmin dörd illik layihə çərçivəsində məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində qırxa yaxın kəhrizin bərpası vasitəsilə bu ərazidə yaşayan səkkiz mindən çox ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək planlaşdırılır. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlılığının artırılması, icmalarda məşğulluğun inkişafı və təhsili də özündə cəmləşdirən komponentlərə malikdir.