Doğma yurdu dirçəldəcəyik

Möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində Ermənistanı diz çökdürərək,  torpaqlarımızı işğaldan azad etdi. Bu il Novruz bayramı – yaz fəsli Qarabağa Qələbə sorağı ilə gəldi. Yurd həsrəti bitən həmvətənlərimiz – məcburi köçkünlər Böyük Qayıdışa hazırlaşırlar. Dövlətimizin başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə indi təhlükəsizlik tədbirləri həyata keçirilir, bölgənin sosial-iqtisadi dirçəlişinin təmin etmək üçün proqramlar, layihələr hazırlanır. Bakıda müvəqqəti məskunlaşmış və məcburi köçkünlüyü başa çatmaqda olan soydaşlarımızdan bir neçəsi ilə söhbətləşib, qayıdışa hazırlıqla bağlı fikirlərini öyrəndik.

Sabir Ələsgərov, Zəngilan rayonu, Tatar kəndi

- Məlum hadisələrlə bağlı 1993-cü ilin oktyabr ayından məcburi köçkün kimi Bakı şəhərində məskunlaşdıq. Düzdür, dövlət qayğısı ilə əhatə olunduq, sonralar müasir tipli qəsəbəyə köçdük. Lakin vətən həsrəti, bir an olsun belə, bizi tərk etmədi. Nəhayət, möhtərəm Prezidentimiz torpaqlarımızı yağı tapdağından azad etdi. İndi doğma yurda qayıtmaq vaxtıdır. Mən o vaxtlar əmək təlimi müəllimi işləmişdim. İndi də doğma kəndimizə qayıdıb dövlətin maliyyə dəstəyi ilə evimizi tikmək, əkinçilik və maldarlıqla məşğul olmaq istəyirəm. Oğlanlarımla birlikdə fərdi təsərrüfatımızı yaradıb fermer fəaliyyəti ilə məşğul olacağıq. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, mənim nəvələrim Bakıda doğulub. Onların Zəngilanla bağlı təsəv­vürləri çox bəsitdir. Allah qoysa, kəndimizə qayıdandan sonra onlar füsunkar təbiətə malik olan Zəngilanı görüb, oraya ürəkdən bağlanacaqlar.

Bütün bu arzuların gerçəkləşməsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti mühüm rol oynadı. Ona görə də mən cənab Prezidentə dərin təşəkkür edir, Allahdan ona uzun ömür arzulayıram.

Şəmşir Qurbanov, Cəbrayıl rayonu, Daşkəsən kəndi

- 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək 27 illik həsrətimizə son qoydu. Müdafiə Nazirliyi kəndimizin görüntülərini televiziyada yayımladı. Gördüyüm mənzərə mənə çox pis təsir etdi. Dağıdılmış, uçurulmuş evlər, kol-kos basmış həyət-bacalar erməni vandalizminin sübutudur. İndi isə Böyük Qayıdışa hazırlaşırıq. Yaxın zamanlarda doğma dədə-baba yurdlarımıza qayıdacağıq. Mən kənd adamıyam. Öz kəndimizə qayıdıb, orada fermer təsərrüfatı quracağam. Sağ olsun, Preziden­timiz, həmişə biz məcburi köçkünlərə qayğı göstərib. İndi artıq köçkün deyilik. İnanırıq ki, qayıtdıqdan sonra da o qayğı olacaq və biz firəvan həyat yaşayağacıq.

Əliyəddin Nəbiyev, Ağdam şəhəri

- Rayonumuz işğal olunandan Bakı şəhərində müvəqqəti məskunlaşmışıq. Burada dövlətimiz bizə müasir tipli qəsəbədə ev də verib. Amma nə qədər rahatlıq olsa da, doğma torpağın ətri insanı çəkir. Şükürlər olsun Allaha ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal altındakı torpaqlarımızı yağı tapdağından azad etdi. İndi artıq dədə-baba yurdlarına köçmək vaxtıdır. Mən Ağdam şəhərinə qayıdıb, orada kiçik ticarətlə məşğul olacağam. Bilirəm ki, bütün yurd yerlərimiz kimi Ağdam şəhəri də bərpa olunacaq və dövlətimiz bizə orada mənzil verəcək, hər cür qayğı göstərəcək. Həm torpaqlarımızın azad olunması, həm də Böyük Qayıdışla bağlı cənab Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirir, Ona uzun ömür, cansağlığı, Vətən və Xalq naminə işlərində uğurlar diləyirəm.

Əyyub Bədəlov, Qubadlı rayonu, Dəmirçilər kəndi

- Torpağı işğal olunan, ev-eşiyi düşmən tərəfindən öncə zəbt, sonra isə darmadağın edilən hər kəs nə vaxtsa bunun qisasının alınacağına inanırdı. Müzəffər ordumuzun düşmən üzərində qələbə çalması hamımızın çoxdan arzuladığımız taleyüklü bir işdir. Mən, köçkünlük həyatı başlayandan bəri bir gün olmayıb ki, doğma yurda qayıdışı barədə düşünməyim. Bu gün isə lap darıxıram. Ona görə ki, doğma kəndə gedib ömrümün qalan hissəsini orada yaşamaq istəyirəm. Böyük Qayıdışın mütləq gerçəkləşəcəyinə isə tam əminəm. Çünki təkcə mən yox, söhbət etdiyim onlarla adam öz yurduna qayıtmaq istəyindədir. Və bu, təbiidir. Bu günlərdə sorğu keçirildi ki, kim işğaldan azad olunmuş ərazilərə qayıtmaq istəyir və orada hansı işlə məşğul olacaq. Bir çoxları kimi mən də münasibət bildirdim ki, doğma yurda qayıtmaq arzusundayam. O ki, qaldı iş məsələsinə, bu mənim üçün problem deyil. Belə ki, hansı işi tapşırsalar, böyük həvəslə qəbul edib, yurdumun çiçəklənməsinə, azda olsa, öz töhfəmi verərəm. Qayıdaca­ğımız kəndlərdə, qəsəbələrdə, əlbəttə ki, dövlət tərəfindən hər bir şərait yaradılacaqdır. Əsas məsələ cavanların daha çox geri qayıtmalarıdır. Çünki hər bir yaşayış məntəqəsi məhz cavanların sayəsində böyüyür, inkişaf edir.

Bu gün hamı müzəffər ordumuza və Ali Baş Komandanımıza alqışlar söyləyir. Bu adi minnətdarlıq duyğuları deyil, xalqımızın tarixinə yazılmış böyük zəfərin təntənəsinin bir nümunəsidir. Gün gələcək zəfər bayramımız işğaldan azad olunan, indi isə öz əzəli və əbədi sakinlərini gözləyən yurdlarımızda da coşqu ilə qeyd olunacaqdır.

Sevdimalı Əliyev, Füzuli rayonu, Kərimbəyli kəndi

-Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun tarixi qələbəsi 30 illik həsrətə son qoydu. İndi işğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı ilə qayıdacağıq. Mən öz övladlarımla kəndimizdə fermer təsərrüfatı yaratmaq istəyirəm. Bunun üçün ərazidə hər cür şərait – geniş otlaq sahəsi, suvarma suyu var. Deməli, dövlətimizin dəstəyi ilə evlərimiz tikilcək, təsərrüfat üçün lazımi şərait yaradılacaqdır. Bütün bunlar üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildirir, Allahdan ona uzun və sağlam ömür arzulayıram.

Söhbətləşdi:

İsa MUSAYEV