Adı tarixə yazılan igid

O, cəsarətiylə, vətənpərvərliyilə, mərdliyi, şərəfəfi ilə adını tarixə yazdı. Qəlbi ümman, ömrü şərəflə bəzəndi... Ağdamda doğulub, Mingəçevirdə binə qursa da, narahat ömrü dinclik tapmadı, Bakıya pənah gətirdi. Ağır məcburi köçkünlük həyatı yaşayan qazimiz, Vətən həsrətiylə yaşının 50 deyilən bir dönəminə gəlib çatdı...O yaşa ki, adətən, bu yaşa ömrün baharı deyirlər. Amma onun ömrü payız gülləri kimiydi...

“Qarabağ çağırır, Onun xilası üçün oğullar gərəkdir”-, deyə Vətənin müdafiəsinə qalxdı, səngərin daşları yastığı oldu. Birinci Qarabağ müharibəsinin qızğın vaxtında həm döyüşür, həm meşələrdən yaralıları daşıyır, həm də erməni kəndlərinə kəşfiyyata gedirdi Vətən təəssübkeşi igidimiz... Canından çox sevdiyi Vətənin azadlığı uğrunda qanı bahasına mübarizə apardı, qəhrəmanlıq məktəbində mətinləşdi, qazi oldu... İz qoydu...

Hələ qarşıda hazır olmadığı bir imtahanla da üzləşəcəkdi. Bu da telenin bir qisməti, bəlkə də imtahanı idi. Vətən, torpaq həsrəti, köçkünlük ağrı-acısı bəs deyilmiş kimi, bir də ömür-gün yoldaşının yoxluğu ilə sınandı, onu yolun yarısında təkbaşına qoyub, haqqın rəhmətinə qovuşdu... Uç uşaq­la baş-başa qalan Müşviq min-bir əziyyətə qatlaşdı, onları böyütdü. Həm ata oldu, həm də ana. Qayğısını, nəvazişini əsirgəmədi övladlarından. Qəlbi qan ağlasa da, dərdin qarşısında dağ kimi dayandı. Axı hələ qarşıda yağı düşməndən qisas almaq günü vardı... Axı, oğlu İntiqamla düşməndən intiqamını alacaqdı.. Ata Vətən deyəndə, oğullar can dedi... Beləcə, Vətən eşqiylə, sevgisiylə ürəklər bir-birinə mö­hürləndi...

İkinci Qarabağ müharibəsi başlayanda iki oğlu və qardaşı ilə birgə cəbhəyə yollandı Müşviq... Onun insanpərvərliyinə, vətənpərvərliyinə heyran olmamaq mümkün deyildi. Qəlbinə böyük bir dünyanı sığdıran qəhrəmanımız qələbə uğrunda tarix yazanlardan biri olduğu üçün sevincinin həddi-hüdudu yox idi. Onun ən böyük arzusu, doğulduğu kəndinə ilk ayaq basanlardan olmaq idi. Amma qismət olmadı...

16 aprel 1970-ci ildə Ağdamın Abdal Gülablı kəndində dünyaya gələn Müşfiq 2020-ci il oktyabrın 5-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşdu, şəhidlik zirvəsinə ucaldı...

Adını qəhrəmanlıq tarixinə yazan, Şəhidim! Qanın canından çox sevdiyin torpağa qarışdı. Ruhun şad olsun!

Vurğulayaq ki, kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşüb, böyük oğlu İntiqam isə Suqovuşanda hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak edib.

Birinci Qarabağ müharibəsi qazisi, ikinci Qarabağ müharibəsində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərən Müşviq Abbasov Ağdamın Şəhidlər Xiyabanında dəfn olunub.

Layiq olduğun məkanda rahat uyu, Vətən oğlu!.. Səni nə bu xalq unudacaq, nə də uğrunda canını fəda etdiyin bu Vətən!..

Tahirə AĞAMİRZƏ