Prezident İlham Əliyev: “Biz işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq”

“Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir. Hər şey dağılıb”.  Prezident İlham Əliyev bu sözləri fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən deyib.

Bizim yaxşı perspektivlərimiz var

Dövlətimizin başçısı xanım Mortonun səfərinin yaxşı nəticələrlə çox uğurlu olacağına əminliyini bildirərək, bunun ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini və əməkdaşlığın davamlılığı üçün gələcək planları əks etdirdiyini vurğulayıb.

Prezident İlham Əliyev Böyük Britaniyanın BP şirkətinin ölkəmizin strateji tərəfdaşı olduğunu qeyd edərək deyib: “Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. “Əsrin müqaviləsi”nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir. Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var. BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir”.

Çox nadir əməkdaşlıq formatı yaradılıb

Dövlətimizin başçısı Azərbaycanla region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatı yaradıldığını, buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları hökumətləri tərəfindən güclü dəstək göstərildiyini vurğulayb. Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyaların ölkəmizin müasirləşdirilməsinə çox kömək etdiyini diqqətə çatdıraraq deyib: “Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır - demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq”.

Azərbaycanla Birləşmiş Krallıq arasında çoxşaxəli iqtisadi tərəfdaşlıq mövcuddur. Dövlətimizin başçısı ölkəmizdə 600 Britaniya şirkətinin qeydiyyatdan keçməsini bunun yaxşı göstəricisi kimi səciyyələndirib.

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensialın olduğunu və bu sahədə Britaniya şirkətləri ilə təmaslara başlandığını qeyd edən Prezident İlham Əliyev bərpa olunan enerji sahəsindəki böyük potensiala da Britaniya şirkətlərinin maraq göstərdiklərini bildirərək deyib: “Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləri “yaşıl zona” ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir. Sözsüz ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox başqa sahələr böyük əhəmiyyət kəsb edir”.

Böyük Britaniyanın dövlət naziri Vendi Morton bir çox sahələrdə mövcud olan əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Böyük Britaniya ərazilərin minalardan təmizlənməsinə yardım etməyə hazırdır

Dövlət naziri ölkəmizin xarici işlər nazir Ceyhun Bayramovla da görüşüb. Görüşdə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər diqqət mərkəzində olub. Nazir Ceyhun Bayramov birgə bəyanatların icra edilməsinin bölgədəki sülh, təhlükəsizlik, əmin-amanlıq və rifahın təminatı baxımından əhəmiyyətini, eləcə də bölgədə yeni əməkdaşlıq imkanları açdığını qeyd edib. Azərbaycanın sözügedən bəyanatların icrası ilə bağlı bütün müvafiq addımları atdığı bildirilib, o cümlədən humanitar sahədə görülən işlərlə bağlı qarşı tərəfə məlumat verilib.

Üçtərəfli bəyanatlara əsasən, bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılacağı, habelə yeni nəqliyyat dəhlizinin yaradılmasının bölgədə tərəqqinin təmin olunmasına və insanlar arasında münasibətlərin normallaşmasına xidmət edəcəyi vurğulanıb.

Ermənistanda bəzi insanlar tərəfindən sərgilənən mənfi ritorikanın heç də münasibətlərin normallaşmasına xidmət etmədiyi, əksinə, xalqlararası ədavətin dərinləşdirilməsi məqsədi güddüyü qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin etdiyi vurğulanaraq mövcud olan yeni reallığın hər kəs tərəfindən qəbul olunmasının əhəmiyyəti vurğulanıb. Bu xüsusda, rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazilərinə edilən hər hansı səfərin qanunsuz xarakter daşıdığı və buna münasibətdə müvafiq tədbirlərin həyata keçirildiyi bildirilib.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra mə-sələləri üzrə, o cümlədən strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına töhfə verməsi, hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Dövlət naziri Vendi Morton gender bərabərliyi, yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Böyük Britaniyanın Azərbaycanın ərazilərinin minalardan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazır olduğunu vurğulayıb.

Görüşdə postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tarixi və strateji əhəmiyyət daşıyan əlaqələr

Politoloq Şəbnəm Həsənova xanım Vendi Mortonun ölkəmizə səfərini şərh edərkən deyib: “Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiy­yətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Belə ki, Böyük Britaniya 31 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuşdur. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 11 mart 1992-ci ildə qurulmuşdur. Ötən zaman ərzində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə edilmişdir. Heç şübhəsiz ki, bu uğurların qazanılmasında Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri öncədən proqnozlaşdırmaq və dəqiq qiymətləndirmək bacarığının mühüm rolu vardır. Ümummilli Lider Heydər Əliyevin və möhtərəm Prezident İlham Əliyevin İngiltərəyə səfərləri münasibətlərimizin inkişafına böyük töhfələr verib. Ümummilli Liderin 1994-cü ildə və 1998-ci ildə Böyük Britaniyaya səfər etməsi ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas ana sütununu təşkil etmişdir. Ümummilli Lider tərəfindən uğurla inkişaf etdirilən iki ölkə arasındakı əlaqələr cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviy­yədə davam etdirilir. Dövlətimizin başçısının 2004, 2009 və 2018-ci ildə Böyük Britaniyaya üç rəsmi səfəri baş tutmuşdur. Prezidentin bu səfərlərindən 2018-ci il səfəri xüsusi əhəmiyyətə malikdir. Belə ki, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində Azərbaycan xalqının 86.02 faiz səsini və yenidən etimadını qazanan ölkə başçımız ilk səfərini qardaş Türkiyə dövlətinə etdikdən sonra Britaniyanın Baş naziri Tereza Meyin dəvəti əsasında Azərbaycana qayıtmayaraq Türkiyədən birbaşa Böyük Britaniyaya səfər etmişdir. Bu faktın özü münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir. Sözügedən səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm sənədlər imzalanmışdır”.

Şəbnəm Həsənova bildirib ki, Böyük Britaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb. 44 günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgilədi və münasibətlərimizə xələl gətirəcək addım atmadı.

“Bütövlükdə, xanım nazirin Azərbaycana gəlməsini, keçirilən görüşləri, müzakirə edilən məsələləri nəzərə alsaq, o zaman aydın olur ki, Böyük Britaniya ilə Azərbaycan arasında olan əlaqələrimizin inkişafı gələcəkdə daha yüksələn xətlə inkişaf edəcək. Qarşılıqlı əməkdaşlıq hər iki tərəf üçün vacibdir və hər iki tərəf də bunda maraqlıdır. Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Mortonun ölkəmizə iki günlük səfəri Azərbaycan-Böyük Britaniya dostluğunun, əlaqələrinin yüksək səviyyədə olmasına nümunədir”, - deyə politoloq vurğulayıb.