İqor Korotçenko: “Rusiya Azərbaycanı özünün mühüm strateji tərəfdaşı hesab edir”

Mən öz mövqeyimi Rusiya telekanallarının efirində jurnalistlər üçün şərh etmişəm. Mənim mövqeyim Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mövqeyinə əsaslanır: Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Rusiyalı məşhur hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko fevralın 11-də Bakıda Azərbaycanın aparıcı KİV nümayəndələri və respublika ictimaiyyətinin tanınmış xadimləri ilə görüşdə bu sözləri deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın postsovet məkanında özünün mühüm strateji tərəfdaşı hesab edir. Ekspert deyib: “Siyasət, iqtisadiy­yat, mədəni əlaqələr sahəsində Azərbaycanla Rusiyanın münasibətləri əladır. Ən başlıcası, ölkələrimizə çox güclü prezidentlər rəhbərlik edir. Bu, çox vacibdir. Müasir dünyada kənardan diktənin, daxili və xarici proseslərə təsir göstərmək cəhdlərinin hər hansı formalarını inkar edən, müstəqil, suveren siyasət yürütməyi bacaran ölkələrin sayı azdır, yəqin ki, belə ölkələrin sayı 10-dan çox olmaz. Şübhəsiz, həmin ölkələr arasında Rusiya və Azərbaycan da var. Dövlətlərimizin başçıları arasında çox səmimi, dostcasına münasibətlər var, Azərbaycan və Rusiya liderləri bir-birinə qarşılıqlı hörmət edirlər”.

Rusiyalı ekspert vurğulayıb ki, 44 günlük müharibənin yekunları faktiki olaraq müasir dünyanı dəyişib. O deyib: “Tam əminliklə deyə bilərəm ki, Azərbaycanın müharibədə qələbəsi ötən ilin əsas hərbi-siyasi hadisəsidir. Müasirlərimiz bu hadisənin dünyada gedən proseslərə necə təsir edəcəyini hələ tam dərk etmirlər. Şuşa şəhərinin nəzarət altına alınması Qarabağda hərbi kampaniyada dönüş nöqtəsi oldu. “Böyük Ermənistan” yaratmaq planları həmişəlik alt-üst edildi. 44 günlük müharibənin real yekunları belədir. Bu müharibədə Azərbaycan qalib gəldi, Ermənistan isə darmadağın edildi”.

İ.Korotçenkonun sözlərinə görə, həqiqətən ədalətli müharibə, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsi olmuş İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanın nüfuzunu və gücünü göstərdi.

O deyib: “Şəxsən mən hesab edirəm ki, Azərbaycanın qələbəsi bir sıra amillərə görə qanunauyğun və labüd idi. Haqq-ədalət deyilən bir mühüm anlayış var və bu ədalət Azərbaycanın tərəfində idi. Bu müharibədə Azərbaycanın qələbəsi pilotsuz uçuş aparatlarının sayəsində deyil, hərbçilərin, xalqın, ölkənin və dövlət başçısının, Müzəffər Ali Baş Komandanın sayəsində mümkün oldu. Azərbaycanın qazandığı hərbi qələbədə Prezident İlham Əliyev mühüm rol oynadı, çünki müasir tarixdə şəxsiyyətin rolunu hələ heç kəs ləğv etməyib”.

Rusiyalı hərbi ekspert 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat barədə söhbət açaraq qeyd edib ki, bu sənədi Ermənistanın qeyd-şərtsiz kapitulyasiyası aktı adlandırmaq olar. O deyib: “Ermənistanın hərbi-siyasi iflası elə bir amildir ki, onu hər hansı siyasətçinin hakimiyyətə qaytarılması yolu ilə inkar etmək mümkün deyil. Belə adlandırılan “Qarabağ klanı”nın nümayəndəsi Koçaryan Qarabağda müharibəni törədənlərdən biri olub və Ermənistan cəmiyyətində onu dəstəkləmirlər. Böyük siyasi gələcək Koçaryanın xam xəyalı, siyasi gündəlikdə öz yerini möhkəmlətmək arzusudur. Bu, “Qarabağ klanı”nın yox, erməni lobbisinin qisas cəhdi, Ermənistanda hadisələrin gedişinə təsir göstərməyə cəlb etmək istəyidir. Bu cəhdlərin uğursuz olması isə göz qabağındadır”.

İ.Korotçenkonun sözlərinə görə, işğal edilmiş ərazilərin azad olunması Azərbaycanın turizm və aqrar-sənaye sektorunun daha da inkişaf etməsinə şərait yaradacaq, iqtisadi sahədə Azərbaycana yeni uğurlar gətirəcək. O deyib: “Məlum olduğu kimi, ölkə iqtisadiy­yatı istənilən dövlətin inkişafının əsası, onun müstəqilliyinin qarantı, cəmiyyətdə sabitliyin və səmərəli həyat fəaliyyətinin əsas şərtidir və Azərbaycan bu sahədə çox səmərəli inkişaf edir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizləri yaradılması həm Azərbaycanın, həm də Ermənistanın mənafeyinə uyğundur”.

Ekspert bir məqamı da vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir, burada bütün mədəniyyətlərin və bütün dinlərin nümayəndələri özlərini rahat hiss edir.

Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.