Bu qala daşlı qala...

Şuşa qalasının və Şuşa şəhərinin salınması Qarabağ xanlığının ən möhtəşəm səhifəsidir. Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının müdafiə məqsədi üçün əlverişsiz mövqeyini nəzərə alaraq xanlığın mərkəzini strateji cəhətdən daha əlverişli yerə köçürməyi qərara alıb. O, bu məqsədlə hündür dağlar qoynundakı yaylanı seçib. Həmin ərazinin şərq hissəsində İrandan dəvət edilən kənkanlara bir neçə yerdə quyu qazdırıb. Həmin quyulardan su çıxandan sonra orada qala salınması barədə qərara gəlib. Bu qala ilk növbədə Pənahəli xanın yaradıcılıq dühasının məhsuludur.

Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, sənətkarlar, konkret tarixi hadisələr, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyev belə deyib.

Qarabağ tarixinin tanınmış tədqiqatçısı qala divarları barədə söhbətinə davam edərək bildirib: “Şuşa qalasının inşa edildiyi sahə çoxlu təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik yayladır. Qalanın inşası üçün seçilmiş məkan çox uğurlu idi. Qala ərazisi bir çox yerlərdə dərələrlə tamamlanan sıldırım qayalar, yarğanlar və meşələrdən ibarət idi. Yarğanların olması təbii suların qala ərazindən axıdılmasına imkan verirdi və bu, tez-tez yağışlı və dumanlı havanın xarakterik olduğu Şuşanın subasma ilə üzləşməməsi demək idi. Şuşa qalası dəniz səviyyəsindən 1400-1800 metr hündürlükdə yerləşir. Qala ilk növbədə strateji əhəmiyyət daşıyan müdafiə məqsədi daşıyırdı və onun tikintisində döyüş zamanı ən az itki vermək də nəzərə alınıb.

Qalanın ətrafı yaxşı yonulan sal daşlarla zəngin idi. Daşyonanlar və bənnalar həmin daşları yonaraq hörgü üçün yararlı hala gətiriblər. 1750-ci il iyunun 21-də Şuşa qalasının ilk bünövrə daşları düzülüb. Pənahəli xan öz əlləri ilə qalanın bünövrəsinə ilk daşları atıb və onun tikintisində fəhlə kimi işləyib. Azərbaycan memarlığının ən gözəl incilərindən biri olan Şuşa qalası Şərq memarlıq məktəbi üslubunda inşa edilib. Qala dairəvi mühafizə bürclərinə malikdir və yüksək memarlıq xüsusiyyətləri ilə seçilir.

Şuşa qalasının tikintisində feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm də qalanın xarici bədii siması özünü büruzə verir. Qala divarlarında hər 50 metrdən bir dairəvi və düzbucaqlı bürclər, müşahidə məntəqələri, xəbərdarlıq üçün qalaçalar inşa edilib. Divarlarda oval şəklində atəş nöqtələri - mazğallar qoyulub”.

“1753-cü ildə şəhərin bir neçə yaşayış məhəlləsi salınıb və qala divarlarının böyük bir hissəsi inşa ediləndən sonra xanlığın sarayı Şahbulaqdan Şuşaya köçürülüb. Qala əhalisinin suya olan tələbatının ödənilməsi üçün çoxlu quyular qazılıb. Əvvəlcə qalanın içərisində ilk məhəllələr salınıb. 1763-cü ildə Pənahəli xanın ölümündən sonra qalanın tikintisi oğlu İbrahimxəlil tərəfindən davam etdirilib və başa çatdırılıb. Qalanın sahəsi 3400 kvadratmetr, divarlarının uzunluğu 3,7 kilometr, divarların eni 2,2 metr, hündürlüyü 8 metr olub”, - deyə tanınmış tədqiqatçı fikrinə yekun vurub.

Süleyman QARADAĞLI

AZƏRTAC-ın müxbiri