Vətəni sevməyin fəlsəfəsi

Dünya incilərindən sayılan "Min bir gecə nağılları"nda maraqlı bir məqam var: oğlu şahzadəyə aşiq olan kasıb ana elçiliyə getdiyi vaxt hökmdar ondan soruşur: "Əsilzadə olmayan kasıb bir dərzi oğlu şah qızına nə verə bilər?" Qadın cavabında "Sevgi" söyləyir və ardınca əlavə edir: "Dünyada hər şeyə qiymət qoyub almaq mümkündür, sevgidən başqa. Demək, ondan daha qiymətli heç nə yoxdur!"

Cavab ədalətli hökmdarı mütəəssir edir.

Neçə əsr sonra Nizami Gəncəvi "Eşqdir mehrabı uca göylərin" deyərək əzəli-əbədi məntiqi bir daha təsdiqləmiş olur.

Bütün dahilərin fikrincə, bəşər övladının eşqdən və sevgidən daha böyük sərvəti olmayıb və yoxdur. Az qala bütün zamanlarda əsl sevginin var olmamasından gileyləniblər. Sevgi isə yaşayıb və davam edib. Sanki sehrli bir əl onu asta-asta, gizli-gizli gələcək nəsillərə ötürüb.

Təbii, sevgi geniş anlayışdır. İlk baxışdan qadın və kişi münasibətlərini yada salsa da, həyatın bütün istiqamətlərini ehtiva edir: övlada sevgi, valideynə sevgi, haqq-ədalətə sevgi, sənətə sevgi, təbiətə sevgi, tanrıya sevgi və s.

Ancaq görün, ədəbiyyat tarixinə eşq şairi kimi düşən Məhəmməd Füzuli öz yarına münasibəti hansı istilahla metafora edir:

Edəməm tərk, Füzuli, səri-kuyi-yarın

Vətənimdir, vətənimdir,

                   vətənimdir, vətənim!

(Füzuli, yarın küçəsini - onun hüzurunu heç vaxt tərk eləmərəm, çünki bura mənim vətənimdir.)

İlk baxışda qadın, dərin qatlarda mürid-mürşid, daha dərin qatlarda tanrı sevgisindən bəhs edən şairin bu hissləri öz ənənəsinə uyğun olmayan tərzdə vətənə bağlaması maraq doğurur. Nədir bu sözün mənası? Niyə əruzun əzəmətli intonasiyasında nə az, nə çox düz dörd dəfə təkrarlanır.

Bəzi təfsirçilərin fikrincə, adi bir hərfi də təsadüfən işlətməyən şair çoxunun düşündüyü kimi sadəcə təkrirdən istifadə etməmiş, insanın hər iki dünyada mövcud olduğu 4 ünvanı yada salmışdır. Birinci - tanrının hüzuru; ələst aləmi, ikinci - ana bətni, üçüncü - yaşadığımız dünya, dördüncü - axirət dünyası... Tanrının hüzurundan kənarda olmayan hər dörd məqam "Vətən" sözü ilə məcazlaşdırılır. Tanrı kimi uca varlığın hüzurunu vətən saymaqla ona olan sevgimizi mübaliğə ediriksə və bununla Tanrının həyatımızdakı dəyərini artırırıqsa, görün, vətən bizim üçün hansı məqamdadır.

Sirr deyil ki, vətənə bəslənən sevgi bir çoxlarına konkret yox, mücərrəd görünür. Sanki bu, cəmiyyəti tənzimləmək üçün uydurulmuş etiketdir. Çox zaman belə bir əks arqumentdən də istifadə edilir: günün harda xoş keçirsə, ora da vətəndir!

Gəlin, sadə bir misala baxaq. Sumqayıt şəhərində bir neçə restoran işlədən, maddi vəziyyəti və səhhəti yaxşı olan, bu dünyada xoşbəxtlik axtaran filosoflara nümunə göstəriləcək bir tanışım işğaldan azad edilmiş ərazilərə səfər etmiş jurnalistə zəng vurur, onunla görüşür və gözlənilmədən əyilib ayaqlarından öpür. Səbəb? O ayaqlar 28 il həsrətində qaldığı doğma torpaqlara dəyib!

Şəxsən mən özüm on gün Tehranda qaldım, dilini bilmədiyim qapalı bir şəhərdə günlər keçmək bilmirdi, Bakı üçün, Azərbaycan üçün o qədər darıxdım ki, telefonumdakı milli mahnılara qulaq asanda gözlərim yaşarırdı.

Sual edirəm: kim sinəsini irəli verib bu duyğuların yalan və yaxud uydurulmuş olduğunu söyləyə bilər? Əlbəttə, heç kim! Lakin şərti olaraq kiminsə belə bir cəhddə bulunduğunu düşünək. Həmin şəxs çox yəqin ki, alternativ kimi valideyn, övlad və qadın sevgisini qəbul edəcəkdir. Elədirsə, daha bir sual ortaya çıxır: Vətən həm də digər sevdiklərinin cəmi deyilmi? Adamlar da vətən deyilmi? Hətta daha dəqiqi, valideyn də, övlad da, qadın-kişi də vətən olduğu üçün dəyərli deyilmi?

Miqyası bir az da genişləndirib deyə bilərik ki, azadlıq da bir vətəndir. Müstəqillik - yaşadığın torpağın daha çox vətənə çevrilməsidir. Təcavüzkar düşmən üzərində qələbə işğaldan azad edilən torpağa yenidən vətən statusu verir.

Vətən haradır? Özünü əsl insan kimi hiss etdiyin məkan; azad, rahat, sevgi dolu, güvənli və etibarlı...

Lakin təkcə bumu?

Hamımız təsdiq edərik ki, son 15 ildə ölkəmiz xeyli inkişaf etdi, insanların yaşayış səviyyəsi yüksəldi. Hamının evində plazma televizorlar, internet, peyk antena var. Süfrəmiz və əyin başımız 15 il əvvələ nisbətən daha da zən­ginləşib. Dövlətin verdiyi rahat mənzillərdən sonra məcburi köçkünlərin də rifahı xeyli yüksəldi. Hətta o dərəcədə ki, onların öz dədə-baba yurdlarını tədricən unutduqlarını söyləyirdilər. Bu fikirlərin bir balaca həqiqətə bənzədiyini də ürək ağrısı ilə qeyd etmək olar. Vətən müharibəsi başlayanda nə gördük? Tamamilə əksini! Heç kim heç nəyi unutmayıbmış. Maddi vəziyyətin yaxşılaşması vətən sevgisini istisna etmirmiş! Əksinə, bir çox mənəvi dəyərlər kimi vətən sevgisini də yaşatmaq üçün aclıqdan və səfalətdən xilas olmaq lazım idi.

Vətən müharibəsi vaxtı gözümüzün önündə oxuya-oxuya ölümə gedənlərin hərəkətini necə qiymətləndirmək olar? İnsan sevmədiyi bir nəsnədən ötrü özünü necə fəda edə bilər?

Vətən həm də insanın öz Rəbbini bulduğu yerdir. Tanrı axtarışı ilə düzü-dünyanı dolaşmaq, məhrumiyyətlərə dözmək vətəni daha yaxşı anlamaq üçündür. Yeməyi ac qalanda, sağlamlığı xəstələnəndə, var-dövləti kasıblayanda daha dərindən anlamırıqmı? Eləcə də vətəni daha çox qürbətlə başa düşürük. Virtuallaşan dünyamız sərhədləri nə qədər aradan götürsə də vətən həmin vətən, sevgi həmin sevgidir. Nə qədər insan təbii yolla ana bətnindən doğulur, bu, belə də qalacaqdır.

Şərif AĞAYAR