Səni həmişə xatırlayacağıq

Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın işğalçı qüvvələrini məğlub edərək, Zəfər qazandı. Bu şərəfli tarixi yazan mətin və cəsur hərbçilərimizdən biri də 20 yaşlı şəhid İlham Əli oğlu Abbasov oldu...  O, ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, bu zaman şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

İlhamın valideynləri Füzuli rayo­nunun Dilağarda kəndindəndirlər. Qoynunda çağlayan saf təbii suya görə bu kəndə Bulaq Dilağarda deyirlər. İnsanları da saf və fədakardır. Lakin mənfur düşmənin təcavüzü nəticəsində 1993-cü ilin avqustunda doğma yurdu tərk etmək məcburiyyətində qalıblar.

İlham 2000-ci il martın 13-də ailəsinin məcburi köçkün kimi sığındığı Biləsuvar rayonundakı çadır düşərgədə dünyaya göz açıb. O, üç yaşında olanda isə ailə Füzuli rayonu ərazisində dövlətimizin məcburi köçkünlər üçün saldığı 3-cü “Qayıdış” qəsəbəsinə köçüb. İlham burada həm orta ümumtəhsil, həm də musiqi məktəblərində oxuyub. Sonra Bakı Neft-Energetika Kollecinə daxil olub. Burada təhsilini 2018-ci ilin aprelində yarımçıq qoyaraq hərbi xidmətə gedib, 2019-cu ilin oktyabrında tərxis olunsa da, altı ay sonra yenidən ordu sıralarına - bu dəfə müddətdən artıq hərbi xidmətə qayıdıb.

Anası Qunça xanım deyir: «Mən ona təhsilini başa çatdırmağı tövsiyə etdim. Lakin İlham Vətənə xidmət etməyi daha vacib saydı. Deyirdi ki, Dilağardaya gedəcəyəm, Şiraslan babamın oradakı məzarını ziyarət edəcəyəm”.

İlham əsgərlikdə snayperçi olmuşdu, müddətdən artıq xidmət zamanı isə piyadaların döyüş maşınında (PDM) nişançı kimi xidmət edirdi. Vətən Müharibə­sinin elə ilk günündə də PDM-in 8 nəfərdən ibarət heyəti ilə, Ali Baş Komandanın əmrinə əsasən, döyüş tapşırığını yerinə yetirmək üçün düşmən üzərinə yeridi. Gün ərzində böyük cəsarət nümunəsi göstərən bölmələrimiz düşmən mövqelərini dağıda-dağıda irliləyirdilər. Şiddətli döyüşdə İlhamgilin PDM-i vurulsa da, hərbçilərimiz maşından düşüb hücumu davam etdirirdilər. Hər qarış vətən torpağı uğrunda ölüm-dirim savaşı gedirdi. Füzuli rayonunun Qərvənd kəndin uğrunda döyüşdə İlham Abbasobv qəhrəmancasına şəhid oldu... Hacıqabul rayo­nundan olan döyüş yoldaşı İntiqam Əliyev onun necə igidliklə vuruşduğunu şəxsən görüb və bu barədə qürurla danışır.

Onu da qeyd edək ki, İlhamın və həmin döyüşdə həlak olan digər döyüşçülərimizin nəşini düşmən bir müddət Xocavənddə, sonra Xankəndidə saxlayıb. Yalnız Ermənistanın rəsmən təslim olmasından bir həftə sonra şəhidlərimizin nəşi geri qaytarılıb. İlham Abbasov doğma torpaqda - Füzuli rayonunun Araz Dilağarda kəndində ehtiramla dəfn edilib.

3-cü “Qayıdış” qəsəbəsində vaxtilə şəhidimizin oxuduğu tam orta məktəbin direktoru Əhdiman Babayev keçmiş şagirdi haqqında deyir: «İlham nümunəvi tərbiyəsi və davranışı ilə müəllimlərin və şagirdlərin hörmətini qazanmışdı. Vətənini, xalqını qəlbən sevirdi. Məhz buna görə də şəhidlik zirvəsini seçdi. Hamımızın başımızı uca etdi. Allah rəhmət etsin!».

Şəhidin dayısı, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədr müavini Qənimət Bayramov onun Vətəninə, torpağına bağlı bir övlad yetişdiyini, qısa bir ömür yaşsa da, əsl qəhrəman kimi əbədiyyətə qovuşduğunu fəxrlə bildirir.

...İlhamgilin qəsəbədəki evlərindən günbatan istiqamətində Qarabağ dağlarının silueti aydın görünür. Vaxtilə biz o dağlara həsrətlə baxırdıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi, qəhrəman şəhidlərimizin və qazilərimizin hünəri sayəsində indi o yerlərə qürurla baxırıq.

...İlhamın əsl qarabağlılara məxsus şirin səsi də vardı. «Xatırla məni» mahnısını çox şövqlə oxuyardu. Əziz şəhidimiz, sən öz ömrünlə daha gözəl bir mahnı yazdın. Biz səni həmişə xatırlayacağıq.

Camal SADIQOV

müəllim, Füzuli rayonu