İlk saz havasını beşikdə öyrənib...

Elə sənətlər var ki, sən doğulan kimi tilsiminə düşürsən. Gözünü açanda, ağlın kəsəndə artıq o sənətdən nələrisə daşıdığının fərqinə varırsan. Necə deyərlər, sən sənəti seçmirsən, sənət səni seçir. Gənc aşıq Tacir Alxanov kimi...

O, gözünü açandan evində babası Aşıq Atlıxanın sazının səsini eşidib. Bu səsdə həm də vətən, yurd nisgili vardı və Tacir başqa tay-tuşlarından fərqli olaraq saz və şeiriyyət vasitəsi ilə ata-babasının yaşadığı çətinlikləri başqa tay-tuşlarından daha tez anladı. Bəlkə, ona görə bir az tez böyüdü, bir az tez püxtələşdi.

Babası Aşıq Atlıxan xatırlayır: “Biz hər il Daşkəsən yaylağına gedirik. Bir ili yaylağa getməmişdim, Aranın dəhşətli istilərinə dözə bilməyib yaylağa getmək qərarına gəldim. Həmin vaxt Tacir 1 yaş 5 aylıq idi. Eşidəndə ki, dağa gedirəm, məndən yapışdı. Bu, ona işarə idi ki, baba, məni də özünlə apar! Danışa bilmirdi. Dedim, uşağın paltarını hazırlayın, aparacam. Apardım. Orda məclislər oldu. Saz çalıb-oxuduq. Tacir yatırdı. Qohumum Aşıq Xəlil “Kərəmi” çalanda Tacir oyandı. O, Kərəmin yanğısını hiss eləmişdi.”

Qəribədir, Tacir saz çalmağa məhz “Kərəmi” havası ilə başlayıb. Körpəliyində eşitdiyi hava iliklərinə işləmişdi. Böyüdükcə barmaqlarına axıb, pərdələrə tökü-lüb.

Onun uşaq müdrikliyi çaldığı sazda da özünü göstərdi.

İlk dinləyənlər təəccüb etdilər: axı bu balaca uşaq sazı bu cür ifa etməyi harda öyrəndi? Sonra yadlarına məşhur el deyimi düşdü: ustad oğlu şəyird olmaz!     

Tacir həyatında və ailəsində gördüyü çətinliklərə baxmayaraq xoşbəxt gəncdir. Çünki onun sənətdə pərvazlanmağa başladığı bu günlər doğma Laçının işğaldan azad edilməsi tarixinə təsadüf edir. Demək, onun ifa etdiyi ən gözəl havacatlar 28 il sonra azadlığa qovuşan Laçın dağlarında eşidiləcək.

O, özü bu haqda belə deyir: “Mən hər zaman özümü üzünü görmədiyim Laçında hiss edirəm. Çox şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun gücü nəticəsində torpaqlarımız işğaldan azad olunub. Mən özümü xoşbəxt hesab edirəm ki, artıq köçkün deyiləm. Arzum budur, Laçında - doğma kəndimiz Ağbulaqda içimdə böyütdüyüm vətən sevincini sazla ifadə və ifa edim.”

Tacir 2005-ci il noyabrın 10-da Ağcabədi rayon Taxtakörpü qəsəbəsi yaxınlığında yerləşən Ağbulaq obasında anadan olub. Hazırda Laçın rayon 37 saylı tam orta məktəbinin 10-cu sinif şagirdidir. Bununla yanaşı, Laçın rayon Şamkənd uşaq musiqi məktəbinin 4-cü sinfində oxuyur.

Onun sazını da babası Aşıq Atlıxan bağlayıb və bu alətin sirlərini uşaqlıqdan ona öyrətməyə başlayıb. Laçın sevgisini də ona aşılayan o olub.

Tacir rayonun bütün tədbirlərində fəal iştirak edir. O, respublika səviyyəsində keçirilən “Xarıbülbül” yaradıcılıq festivalına qatılıb. İndi isə “Qarabağ Musiqi Tarixi Aşıq sənət”i adlı Gənc Aşıqların onlayın respublika müsabiqəsinə qoşulub.

Tacirə uğurlar və Laçında xoş sənətkar ömrü arzu edirik.

Sevda SÜLEYMANOVA