Avropa nəşrlərində Azərbaycanın Ermənistana qarşı iddiası barədə məlumatlar dərc edilib

Almaniyada çıxan “Caucasus Review” nəşrində Azərbaycan hökuməti tərəfindən Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə Ermənistana qarşı iddia qaldırılması barədə məlumat dərc edilib.

Məqalədə göstərilir ki, iddia ərizəsində Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi illər ərzində sonuncuya ciddi maddi ziyan vurmaqda ittiham edilir.

AZƏRTAC xəbər verir ki, nəşrin yaydığı məlumata görə, fevralın 1-də Ermənistan Azərbaycana qarşı cavab iddiası qaldırıb, lakin həmin iddiada hər hansı əsaslı ittiham göstərilmir. Azərbaycanın iddiasından fərqli olaraq, Ermənistanın bütün ittihamları əsassızdır, çünki Azərbaycan Ermənistanın ərazisini bircə gün belə işğal etməyib.

Lakin şübhə etmirik ki, AİHM kimin təcavüzkar və işğalçı, kimin isə təcavüz qurbanı olması məsələsini araşdıracaq, xüsusən ona görə ki, bu məhkəmənin əlində “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı presedent var. Həmin iş üzrə verdiktə əsasən, Ermənistan Azərbaycan ərazisini işğal etmiş dövlət hesab edilib.

Azərbaycan Ermənistanı hərbi cinayətlər törədilməsində ittiham edir və işğal illəri ərzində Azərbaycana vurulmuş ziyana görə kompensasiya tələb edir.

Avropa İttifaqının “EU Politics” nəşrində də Azərbaycan hökumətinin bu il yanvarın 15-də Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) Ermənistana qarşı iddia ilə müraciət etməsi barədə məlumat dərc edilib (https://eu-politics.jimdofree. com/promoted-content/ court20120203).

Məlum olduğu kimi, Azərbaycanın bu iddiasından sonra Ermənistan öz əməllərini beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq barədə fikirləşmək əvəzinə, Azərbaycana qarşı cavab iddiası qaldırmağa cəhd edib.

Məlumatda Ermənistanın beynəlxalq hüquqla müəyyən edilmiş qaydalara əməl etmək istəməməsi və məsuliyyətdən yaxa qurtarmağa cəhd göstərməsi bildirilir. Materialda qeyd edilir ki, Ermənistanın bu hərəkətləri ondan ötrü çox ciddi hüquqi nəticələr doğura bilər.

Azərbaycan Ermənistanı 1991-ci ildən 2020-ci ilin sonuna qədər iddiaçı tərəfə qarşı təcavüz törətməkdə və onun ərazisini işğal etməkdə təqsirləndirir. Bundan əlavə, iddiada cavabdeh tərəfin işğal illəri ərzində hərbi cinayətlər törətməsi qeyd edilir və bu illər ərzində iddiaçıya vurulmuş ziyana görə kompensasiya tələb olunur.