Ən böyük Zəfər milli birliklə qazanılır

Bu və ya digər ağır şəraitdə birləşib düşmənə qarşı son və qəti savaşa qalxıb zəfər çalmaq Türkün mentaliteti sırasında birinci yeri tutur. Min illiklər boyu genetik mərdliyi və ədaləti ilə müxtəlif dövlətlər quran türkün sarsıdılması üçün edilən müxtəlif xəyanətkarlıq dolu olaylar isə heç vaxt türk şərəfinə xələl gətirə bilməyib.

Yurda yağı gələndə köhlən belinə sıçrayıb əldə qılınc son nəfəsinədək döyüşən, axıtdığı təmiz qanı ilə yurdu daha da müqəddəsləşdirən ulularımızın ruhları və xatirəsi önündə daim ehtiramlı olmaqla bir həqiqəti də qeyd etməyə bilmərik ki, çox vaxt həyan olduğumuz, varlığını qoruduğumuz və yaşatdığımız hay adlı etnosun fürsət düşən kimi el təbiri ilə desək, ayağımızın altını qazması faktları çoxdur. Daim özünün dövləti, dövlətçilik ənənəsi, şərəfli ordusu olan Azərbaycan xalqının XIX əsrin əvvəllərindəki xanlıqlar dönəmində cənub və şimal qonşularımızın döyüş poliqonuna çevrilərək öz müstəqilliyini itirməsi sonralar bir sıra faciələrin yaranmasına səbəb olmuşdur. İşğalla barışmayan ulularımızın müxtəlif dövrlərdə üsyan qaldırıb istibdad zəncirini qırmağa cəhd göstərməsi dünyanın ədalətli tarixçiləri tərəfindən də ehtiramla vurğulanmaqdadır. Çar Rusiyasının əsarəti ilə barışmayan soydaşlarımızın XIX əsrin ortalarından yalnız Azərbaycan xalqına məxsus olan qaçaq hərəkatı bu qəbildəndir. Qaçaqların daim sadə xalqın keşiyində durması, xalqı incidən məmurlara qarşı cəza tədbirləri həyata keçirməsi o dövrün də, indinin də qanunauyğunluğu və ədalətin təntənəsi hesab olunmaqdadır.

XIX əsrin axırlarında bütün dünyada, o cümlədən tabeçiliyində olduğumuz Çar Rusiyasında müxtəlif siyasi dərnəklər, partiyalar yaradılaraq dünyanın yeni siyasi müstəviyə keçirilməsi üçün fəaliyyət göstərdiyi bir vaxtda sayları o qədər də çox olmayan azərbaycanlı ziyalılar milli həmrəylik yaradılması üçün şərəfli bir yola qədəm qoyublar. Bu XX əsrin ilk onilliyində daha da sürətlənmiş və milli həmrəyliyimizin rüşeymləri 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması kimi şərəfli tarixi olayla nəticələnmişdir. Cümhuriyyət qurucularının milli həmrəylik nəticəsində cəmi 23 ayda bir sıra mütərəqqi işlərə imza atması hər zaman qürurla xatırladığımız olaylardandır.

AXC bolşeviklər tərəfindən devrildikdən sonra özünün yeni siyasi həyatını yaşamağa məcbur edilən xalqımızın əsl azadlıq və hürriyyət amalı isə yenə də davam etdirilir və bunun nə vaxtsa müsbət nəticə verəcəyi açıq-aşkar görünürdü. Yüz illər boyu qanadımız altında yaşayan ermənilərin öz havadarlarına arxalanaraq xalqımıza qarşı soyqırımı və ərazi iddialarına başlaması isə yeni formada davam etdirilməyə başlayırdı. İndi görünür ki, Azərbaycan torpaqlarının, o cümlədən İrəvan şəhərinin ermənilərə verilməsi ədalətsiz olduğu qədər də qorxunc imiş. Çünki bununla düşmənlərin iştahı artır, onlar yeni-yeni əsassız iddialara rəvac verirdilər. Bu 1988-ci ilin fevralında özünün növbəti, bu dəfə daha qanlı mərhələsinə qədəm qoydu. Belə ki, ədalətli rus tarixçilərinin də dəfələrlə vurğuladığı kimi, bu həm də SSRİ-ni parçalamaq üçün hakimiyyətə gətirilən Qorbaçovun analoqu olmayan siyasətinin nəticəsi idi. İqtisadi-siyasi müşavirləri ermənilər olan Qorbaçovun Dağlıq Qarabağda başlayan separatizmin qarşısını almaq əvəzinə «balanslaşdırılmış» siyasət yürütməsi həm SSRİ-nin dağılmasına, həm də Azərbaycanımızın bir hissəsinin işğal olunmasına şərait yaratdı.

1988-ci ildə xalqımızın etiraz səsləri eşidilmədiyindən, ermənilərə isə hər cür dəstək göstərildiyindən hadisələrin gedişi daha qanlı faciələrin baş verməsini sübut edirdi. 150 ildən artıq bir dövrdə yadların çürük idealogiyası ilə yaşayan xalqımızın 1989-cu il dekabrın 31-də cənublu soydaşlarımızla və türk qardaşlarımızla həmrəylik nümunəsi kimi tikanlı sərhəd məftillərini söküb dağıtması, bir-birilə həsrətlilər kimi görüşməsi Moskvanı ciddi narahat etməyə başlamış və həm Milli Azadlıq hərəkatını boğmaq, həm də ermənilərə yeni münbit şərait yaratmaq məqsədilə 1990-cı ilin 20 yanvarında Respublikamızın paytaxtına qoşun yeridilib çoxsaylı vətəndaşlarımızın, o cümlədən qocaların və məktəblilərin qətlə yetirilməsi dünyanın təəccübünə səbəb olmuşdu. Amma yenə də haqq işimizi dəstəkləyən yox idi.

Belə bir ağır zamanda Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə ailəsi ilə birlikdə gələrək Qorbaçov siyasətini pisləyən bəyanatla çıxış edən Ulu Öndərimiz Heydər Əliyev həmişə olduğu kimi yenə də xalqı ilə birlikdə olduğunu sübut etdi və bu olay tariximizin şanlı səhifələrindən birinə çevrildi. Ulu Öndərimizin rəhbərliyi və yaranan milli həmrəyliyimiz nəticəsində öncə Naxçıvanda, sonra Bakıda üçrəngli bayrağımız rəsmən dalğalanmağa başladı. Ölkədəki milli həmrəyliyi pozmaq istəyənlər isə yenə də öz işlərində idilər. Onların xaricdən dəstəklənməsi 1993-cü ilin iyununda ölkədə xaos, hərc-mərclik ab-havasını getdikcə şiddətləndirirdi. Belə bir şəraitdə xalqımız yenə həmrəylik nümayiş etdirərək Ulu Öndərimizə təkidli müraciətlər ünvanlayıb. Onun Bakıya gəlməsini xahiş etdi. Özünün dediyi kimi, canından çox sevdiyi Azərbaycanın xilası üçün Bakıya gələn Ulu Öndər qısa vaxt ərzində hərc-mərcliyin qarşısını aldı və ölkəmiz yeni dövrə qədəm qoydu. Ulu Öndərimiz bütün sahələrdə olduğu kimi Milli Ordu quruculuğu sahəsində də mühüm işlər gördü. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səmərəli fəaliyyətini daim yeni çalarlarla zənginləşdirdi. Amma düşmən ipə-sapa yatmırdı və öz bildiyini edirdi.

2003-cü ildə xalqımızın yekdil səsi ilə Prezident seçilən cənab İlham Əliyev ilk andiçmə mərasimində Heydər Əliyev siyasətini ləyaqətlə davam etdirəcəyini və ən ağrılı problemimiz olan torpaqlarımızın işğaldan azad olunması üçün əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Ötən illər ərzində cənab Prezidentimizin gördüyü işlər təkcə respublikamızda deyil, dost ölkələrdə də rəğbətlə qarşılanır, düşmənlərin isə yuxusuna haram qatırdı. Xalq üçün çalışan cənab İlham Əliyevin xalqımızı dəmir yumruq halında birləşdirməsi isə tariximizə böyük Zəfər dövrü kimi həkk olundu.

Belə ki, bildiyimiz kimi, bu il sentyabrın 27-də ermənilər növbəti təxribata əl ataraq hərbi postlarımızı və yaşayış məntəqələrimizi ağır silahlardan intensiv atəşə tutan zaman Prezidentimiz Ali Baş Komandan olaraq əks-hücum əmri verdi və şanlı Ordumuz 44 gün ərzində düşməni darmadağın edərək onu kapitulyasiya sənədinə imza atmağa məcbur etdi. Müharibə getdiyi dövrdə xalqımızın ordumuzu və Müzəffər Ali Baş Komandanımızı yüksək həmrəylik coşqusu ilə dəstəklədiyini isə sözlə ifadə etmək çətindir. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların bu həmrəylikdə fəallığını xüsusi vurğulamaq yerinə düşər. Qürurluyuq ki, növbəti milli həmrəylik bayramına və yeni təqvim ilinə Zəfərlə addımlayırıq. Bu xoşbəxtliyi bizə bəxş edən şəhidlərimiz önündə əbədi ehtiramlı və minnətdar olmaq isə borcumuzdur.    

Nəsib QARAMANLI

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993