Tarix Sizin adınızı öz şərəf səhifəsinə qızıl hərflərlə həkk edəcəkdir

Vətən müharibəsində möhtəşəm Zəfərimizin memarı, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə xarici ölkələrdən və respublikamızın müxtəlif bölgələrindən, o cümlədən ərazisi işaldan azad edilmiş rayonlarımızdan çoxlu sayda məktublar ünvanlanır. Bu məktublarda tarixi qələbəmizdən qürur və iftixar hissi ifadə edilir, vətən və xalq qarşısında misilsiz xidmətlərinə görə dövlətimizin başçısına təşəkkür və minnətdarlıq bildirilir. Onlardan bir neçəsini dərc edirik.

Füzuli rayonunun Dilağarda kəndindən Qasımov Əvəz İsmayıl oğlu: “Müzəffər Ali Baş Komandan! Sizi və şanlı Ordumuzu tarixi Qələbəmiz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və Mehriban xanıma ailə səadəti, xoşbəxtlik, həyatda ən gözəl və hər şeydən qiymətli olan cansağlığı arzulayıram.

Cənab Prezidentimiz, 30 il həsrətində olduğumuz torpaqları bizə qaytardınız, adımızdan qara ləkəni sildiniz. Füzuli rayonu işğal olunanda çox sarsılmışdım, amma təlxək Paşinyan Şuşada rəqs edəndə sanki bütün dünyam yıxıldı. Artıq sevinc içindəyəm. Allah, hər zaman Sizi sevindirsin. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, valideynlərinə səbir diləyirəm.

Cənab Ali Baş Komandan, indi mənim yeganə arzum odur ki, Allah mənə ömür versin və mən Ulu Öndər Heydər Əliyevin Şuşada, Xankəndidə ucaldılacaq abidələrini ziyarət edim. Bir daha tarixi Qələbə münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

Azərbaycan Respublikası, Ağdam rayonunun Qaradağlı kəndindən Züleyxa Tağıyeva: “Hörmətli cənab Prezident. İlk öncə Sizi və Azərbaycan xalqını bu şanlı Zəfər münasibətilə təbrik edirəm. Siz bizə uzun illər həsrətini çəkdiyimiz Qarabağımızı geri qaytardınız. Allah Sizi elimizdən, obamızdan əskik eləməsin. Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Mənim 70 yaşım var. Bu uzun illərdən sonra Siz mənə bir daha bu ahıl yaşımda Qarabağı təkrar görməyi və bu sevinci yaşamağı bəxş elədiniz. Mən Sizə bir daha təşəkkür edirəm, Sizi qucaqlayıb bağrıma basıram. Çox sağ olun, əziz Prezidentimiz”.

Ağdam rayonunun Çəmənli kəndindən Abbasov Alı Mahmud oğlu: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan! Bir ağdamlı olaraq bu gün çox sevinirəm ki, Ağdam rayonu da işğaldan azad olundu. Ulu Tanrı Sizi və xalqımızı qorusun. Siz bu xalqın həm hakimisiniz, həm də həkimi. Hakimisiniz ona görə ki, öz müdrik siyasətinizə və yenilməz cəsarətinizə güvənərək mənfur düşmənə qalib gəldiniz. Həkimsiniz ona görə ki, uzun illərdir mənfur erməni vandallarının bizə vurduğu yaranı zəfər məlhəminizlə sağaldaraq, ağrı-acımıza son qoydunuz. Bu zəfərlə həyatımıza günəş doğdu. Sizi və qəhrəman əsgərlərimizi böyük Qələbə münasibətilə təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm.

Cənab Prezident, Ulu Öndərimizin Azərbaycana qayıdışı dövrünə təsadüf edən bir şeirimi diqqətinizə çatdırmaq istərdim.

Tarixi dövran hələ məyus deyil

Yetirmişdir yaxşı. Gözəl insanı

Bütün dünya onunla fəxr eləyir

Heydər baba kimi de insan hanı?!

Tarix güzgüsüdür haqdan güc alaq

Sülhə məqam ilə addım ataraq

Aparır xalqını nurlu sabaha

Yeni can verəcək Azərbaycana!”

Ağdam rayonunun Xaçındərbənt kəndindən Mirzəyev Afiq Rəhbər oğlu: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan. Sizin rəhbərliyinizlə, Müzəffər Azərbaycan Ordusu əsl qəhrəmanlıq dastanı yazaraq dilbər guşəmiz olan Qarabağımızı, ünü ilə dünyaya səs salmış Xarıbülbülümüzü işğaldan azad etdi. Bizlərə bu möhtəşəm qələbəni bizə yaşatdığınız üçün Yevlax şəhər ərazisində məcburi köçkünlərə salınmış qəsəbədə məskunlaşan məcburi köçkünlər adından, həmin qəsəbədə fəaliyyət göstərən "Mənzil Kommunal İstismar Sahəsinin" kollektivi adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm. Biz məcburi köçkünlər Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, hər zaman Sizinlə qürur duyuruq!”

Ağdam rayonunun Əhmədağalı kəndindən şagird Babayeva Əsli Ramin qızı: “Əziz Prezidentimiz. Sizə dərin təşəkkürümü bildirirəm ki, bizə bu sevincli günləri yaşadırsınız. Cənab Prezident, mən xoşbəxtəm ki, Sizin kimi müdrik Lideri olan ölkədə yaşayıram. Mən doqquzuncu sinif şagirdiyəm. Sizi çox sevirəm. Bizim əzəli torpaqlarımızı – Qarabağı erməni faşistlərindən təmizlədiniz, onları "iti qovan kimi" qovdunuz. Buna görə Sizə təşəkkür edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram.

Yaşasın Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!”

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlidən: “Zati-aliləri, möhtərəm cənab Prezident. Sizin rəhbərliyinizlə doğma Qarabağımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsinin möhtəşəm Qələbə ilə başa çatması, 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpası hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdı. Qazanılmış Qələbə əslən qarabağlı və keçmiş döyüşçü kimi mənə ikiqat sevinc bəxş etdi.

Döyüş əməliyyatlarının aparıldığı bütün müddət ərzində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik və vətənpərvərlik ruhu xalqımızın Sizin ətrafınızda sıx birləşməsinin bariz ifadəsi oldu. 44 günlük müharibədə xalqın və Ordunun Prezident və Ali Baş Komandan kimi Sizə dərin inamı Vətən müharibəsinin tarixi Qələbə ilə başa çatmasında mühüm rol oynadı. Müqəddəs torpaqlarımız uğrunda qazandığımız şanlı Qələbə sayəsində Azərbaycan xalqı milli qürurunu özünə qaytardı, qalib xalq adını qazandı. Bu, Sizin Qələbənizdir. Tarix Sizin adınızı öz şərəf səhifəsinə qızıl hərflərlə həkk edəcəkdir. Siz xalqın qəlbində əbədi yaşayacaqsınız. Möhtəşəm Qələbə ilə Siz Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinin gerçəkləşməsinə nail oldunuz. Ona görə də bu gün Ulu Öndərimizin ruhu şaddır!

Vətən müharibəsində qazanılmış böyük Qələbənin təntənə ilə qeyd olunduğu bu günlərdə Birinci Qarabağ müharibəsində döyüş yolu keçmiş hərbçilərin sırasında mənim də xidmətlərimin yada salınması və Sizin 2020-ci il 9 dekabr tarixli Sərəncamınızla “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməyim mənə və ailə üzlərimə daha böyük xoşbəxtlik bəxş etdi. Məni bu yüksək dövlət təltifinə layiq bildiyinizə görə, cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirirəm.

Vurğulamaq istəyirəm ki, uzun illər ərzində Sizdən və rəhmətlik atanız, Ulu Öndər Heydər Əliyevdən daim böyük diqqət və qayğı görmüşəm. Ümummilli lider Heydər Əliyev döyüş fəaliyyətimi yüksək qiymətləndirərək 1994-cü il 9 oktyabr tarixli Sərəncamı ilə məni “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdir. 1999-cu ilin noyabrında toy günümdə dahi rəhbərimiz telefonla ailə həyatı qurmağım münasibətilə məni şəxsən təbrik etmiş, xeyir-dua vermiş, həmçinin həmin gün mənə öz imzası olan təbrik məktubu və toy hədiyyəsi göndərmişdir. Bütün bunlar mənim sonrakı həyatımda silinməz izlər buraxmışdır. Sonrakı dövrlərdə də döyüşdə aldığım ağır yaraların sağaldılması və həyata qayıtmağım üçün dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunmuşam.

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, mən və ailə üzvlərim bundan sonra da Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna və Sizin həyata keçirdiyiniz siyasətə sadiq qalaraq ölkəmizin ictimai-siyasi həyatında var qüvvəmizlə fəaliyyət göstərəcək, Azərbaycanın tərəqqisinə öz töhfəmizi verəcəyik. Mən daim Sizin əsgəriniz olaraq bundan sonra da hər bir tapşırığınızı yerinə yetirməyə hazıram. Mənə verdiyiniz qiymətə və yüksək dövlət təltifinə görə Sizə özümün və ailə üzvlərimin dərin minnətdarlığını çatdırıram. Azərbaycanın inkişafı naminə yorulmaz fəaliy-yətinizdə Sizə daha böyük uğurlar arzulayıram.

Allah Sizi, ailənizi və Azərbaycanı qorusun”.

Ağdam şəhərinin Əlimərdanlı sahəsindən Hacıyev Camal Arif oğlu: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan. Uzun sürən vətən həsrəti Sizin komandanlığınız altında 44 günlük Şanlı Vətən Müharibəsinin qələbəsi ilə sona çatdı. Bu Zəfər nəinki bizim, hətta, gələcək nəsillərin "İftixar Salnaməsi" olacaq. Bu tərifolunmaz hisləri biz məcburi köçkünlərə yaşatdığınız üçün Sizə dərindən təşəkkür edirik. Yaşa­sın Azərbaycan Xalqı, Yaşasın Müzəffər Ali Baş Komandanımız!”

Ağdam rayonunun Mərzili kəndindən Fərid Muradovdan: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanı! Azərbaycan Respublikası Gənclər Fondunun “Xaricdə Təhsil Proqramı”nın qaliblərindən biri kimi Sizə məktub yazmaqdan qürur hissi keçirirəm. Siz hər zaman vurğulayırsınız ki, gənclər milli ruhda böyüməli və vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıdırlar. Məhz Sizin uzaqgörən siyasətiniz və gənc, vətənpərvər əsgərlərimizin qəhrəmanlığı nəticəsində müqəddəs torpaqlarımız düşmən işğalından azad edilmişdir. Bu uğurları Sizin öndərliyinizlə görməkdən çox xoşbəxtik.

Məhz Sizin şəxsi təşəbbüsünüz əsasında yaradılan Gənclər Fondunun mühüm layihələrindən biri olan xaricdə təhsil proq­ramı sayəsində onlarla azərbaycanlı gənc dünyanın müxtəlif yüksək reytinqli universitetlərində təhsil almaqdadır. Mən də bu proqramdan faydalanaraq Fransanın Qrenobl Alps (“Grenoble Alpes”) universitetində “Davamlılıq və İnnovasiyalar” ixtisası üzrə magistr təhsilimi tamamladım və bildirmək istəyirəm ki, bu zaman ərzində qazandığım bilik və təcrübələri ölkəmin inkişafı üçün sərf etməyə hazıram.

Bu gün, həm də bir ağdamlı olaraq sevincimin həddi-hüdudu yoxdur. 27 ildən sonra ailəm və mən doğma torpağımıza qayıdacağıq. Bizə bu xoşbəxtliyi və sevinci yaşatdığınız üçün Sizə minnətdarıq.

Həmişə var olasınız!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!”

Xocalı rayonunun Cəmilli kəndindən Qədirov Nazim Mehman oğlu: “Yenilməz sərkərdə, əziz Prezident, Müzəffər Ali Baş Komandan! Bütün işğal edilmiş torpaqlarımızı, Qarabağımızı, ana yurdum olan Xocalını erməni tapdağından azad etdiyinizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Siz bütöv bir Azərbaycan yaratdınız. Erməniyə və düşmənlərimizə Azərbaycan xalqının gücünü, iradəsini, birliyini, öz Prezidentinin arxasında necə birləşdiyini göstərdiniz. Siz müharibə başlamadan bu müharibədə qalib olacağınızı bilirdiniz. Çünki, Siz güclü iqtisadiyyatı, müzəffər Ordusu, ən önəmlisi isə vətənpərvər vətəndaşı olan Azərbaycan dövləti yaratmısınız. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanı yenilməz, güclü, qüdrətli ölkəyə çevirmisiniz.

Söz sahibi etmisən bu Vətəni,

Qovmusan vətəndən bu gün düşməni

Bu xalqın oğlusan, xalq sevir səni,

Türk oğlusan, Türkün vuran qolusan,

Özün əziz, əziz Heydər oğlusan!

Eşq olsun Ali Baş Komandana! Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993