Böyük Qayıdışda gənclər fəal iştirak edəcəklər

Yeni yaradılan gənclər təşkilatı bu sahədə səfərbəredici rol oynamaq niyyətindədir

 

Yeni təsis edilmiş “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin bu günlərdə onlayn formada təqdimat mərasimi keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Təqdimatda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər təşkilatlarının rəhbərləri, Vətən müharibəsi qaziləri və 400-dən çox gənc iştirak edib.

Qaçqınların və Məcburi Köç­künlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında deyib:

- Öncə, mən bütün xalqımızı, millətimizi bir daha Müzəffər Ali Baş Komandanımızın, möhtərəm cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu tərəfindən qazanılan zəfər münasibətilə bir daha təbrik edirəm. Var olsun Ali Baş Komandanımız, var olsun bizim əsgərimiz, var olsun xalqımız - 30 illik məcburi köçkün soydaşlarımızın həsrətinə son qoydu. Və bu zəfərin əsas məqsədlərindən biri uzun müddət işğal altında olan torpaqlarımızı azad etmək, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərqərar etmək, həmçinin məcburi köçkün soydaşlarımızın beynəlxalq qanunvericilikdə təsbit olunmuş əsas insan hüquqlarından biri olan öz doğma torpaqlarına qayıdışını təmin etməkdən ibarətdir və əgər desəm ki, bu zəfərə, bu qələbəyə ən çox sevinən təbəqə məhz keçmişdə olan məcburi köçkün soydaşlarımızdır yanılmaram. Bir daha köçkün soydaşlarımızın, köçkün həmvətənlərimizin adından Ali Baş Komandanımıza onların sevinc hissini və minnətdarlıq, təşəkkür hissini çatdırmaq istəyirəm.

Ali Baş Komandanımız 30 ilə yaxın Qarabağımıza vurulan qara bağı, “Qordi düyünü”nü xəncərlə dağıtdı və “status-kvo”, “təmas xətti” məfhumlarını, “məcburi köçkün”, “qaçqın” məfhumlarını ləğv etdi. Və bu da bizim əldə etdiyimiz əsas nailiyyətlərdən biridir.

Bu gün biz hamımız Böyük Qayıdış ərəfəsindəyik. Bu 30 il ərzində məcburi köçkün və qaçqın soydaşlarımıza ölkəmizin ali rəhbərliyinin başçılığı ilə Azərbaycan dövləti tərəfindən edilən nümunəvi diqqətə və qayğıya baxmayaraq onların yeganə ümdə məqsədi, amalı, istəkləri öz doğma torpaqlarına qayıtmaq idi. Bu sosialyönümlü siyasət Ulu Öndərimiz Heydər Əliyev tərəfindən 1990-cı illərdə qoyulmuş və bu gün möhtərəm cənab Prezidentimiz tərəfindən daha da təkmilləşdirilərək, daha da zənginləşdirilərək ardıcıllıqla həyata keçirilir. Və bu xüsusda ölkəmizin birinci xanımı, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi vurğulamaq istərdim. Amma yenə də qeyd etmək istərdim ki, məcburi köçkün soydaşlarımızın yeganə ümdə məqsədi öz doğma torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıtmaqdır. Bu xüsusda yeni “Böyük Qayıdış” Gənclər İctimai Birliyinin təsis olunması əlbəttə ki, çox gözəl bir təşəbbüsdür.

Nəzərə alsaq ki, 44 gün davam edən Vətən müharibəsində bizim torpaqlarımızın işğaldan azad olunmasında böyük fədəkarlıq göstərən, qanı ilə, canı ilə müqəddəs torpaqlarımızı işğaldan azad edən əsasən gənclərimiz olub, əlbəttə ki, Böyük Qayıdış prosesində, işğaldan azad olunmuş torpaqlarımızın yenidən bərpasında, quruculuğunda və keçmişdə köçkün soydaşlarımızın doğma torpaqlarına qayıtmasında gənclərin rolu da müstəsna olacaq. Biz bu təşəbbüsü alqışlayırıq, dəstəkləyirik və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi olaraq əminik ki, yeni yaradılan ictimai birlik – “Böyük Qayıdış” Gənclər İctimai Birliyi dövlətlə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayaraq bu prosesə öz dəyərli töhfəsini vermiş olacaq.

Mən məcburi köçkün və qaçqınlarla bağlı dövlət siyasətinin üzərində dayandım, həmçinin gənclərlə bağlı siyasətin də əsası, əlbəttə ki, Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və paralel olaraq, məcburi köçkün vətəndaşlarımız, soydaşlarımız bu qayğını, bu diqqəti hər an hiss etmişlər.

Dövlət Komitəsinin rəsmisi olaraq mən bir daha yeni yaradılan “Böyük Qayıdış” Gənclər İctimai Birliyinə bu sahədə, bu fəaliyyətdə uğurlar arzulayıram və biz əminik ki, necə ki, məcburi köçkün və qaçqın soydaşlarımızla bağlı ölkəmizin ali rəhbərliyinin başçılığı ilə Azərbaycan dövləti nümunəvi bir model yaratmışdır, eyni qaydada, məhz post-münaqişə reabilitasiyası və məcburi köçkünlərin qayıdışı ilə bağlı da Azərbaycan dövləti bu yaxınlarda dünya ictimaiyyətinə dünyəvi yeni bir model təqdim edəcək və bir daha doğma Qarabağımızı bütün dünyaya cənnət məkanı kimi təqdim edəcəkdir. Mən bir daha sizə təşəkkür edirəm.

Tədbirdə digər çıxış edən rəsmilər də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun qazandığı tarixi qələbə münasibətilə iştirakçıları təbrik edib, gənclərin Vətən müharibəsində həm ön cəbhədə, həm arxa cəbhədə, həm də informasiya savaşındakı rolunu təqdir etdilər. Həmçinin, dövlət başçısının Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə göstərdiyi qayğı və diqqət, işğaldan azad olunan ərazilərin dirçəlməsi tədbirləri barədə bəhs etdilər. Bu xüsusda, gənclərin həyata keçirilən işlərə dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təsis edilməsini yüksək qiymətləndirərək, ona dəstəklərini ifadə etdilər.

“Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov təşkilatın missiyası, gələcək fəaliyyəti, nəzərdə tutulan proqram və layihələri haqqında geniş məlumat çatdırıb. Bildirilib ki, yaradılan təşkilatın məqsədi müharibədən sonrakı dövrdə iş­ğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesində gənclərin səfərbər edilməsi, şanlı zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, dövlət və cəmiyyət arasında körpü, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsi təşkil edir.

Onlayn təqdimatın yekununda iştirak edən gənclərin fikir və təklifləri dinlənilərək qeydə alınıb, fəaliyyət planına daxil edilməsi nəzərdə tutulan təkliflər dəyərləndirilib.

Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatı öz fəaliyyətində müvafiq dövlət qurumları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, KİV-lər və özəl qurumlar, eyni zamanda müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağı nəzərdə tutub.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993