Fəxri Mədəniyyət İşçisi Zahid Abbasov: “Şuşanı sürətlə bərpa etməliyik”

Uzun illər Qarabağda dövlət orqanlarında çalışmış, 25 ildən artıqdır Şuşanın mədəniyyət sahəsinə rəhbərlik edən Zahid Abbasov işğaldan azad olunmuş doğma şəhərdə yenidən öz xidməti və mənəvi borcunu yerinə yetirmək imkanı qazanıb. “Haqqın.az” məlumat-təhlil portalının rəhbəri, tanınmış jurnalist Eynulla Fətullayev bu günlərdə yaradıcılıq ezamiyyətində olduğu Şuşada Zahid müəllimlə rastlaşıb. Onun bu barədə qeydlərini olduğu kimi dərc edirik.

“....Birdən şəhərin qədim ticarət məhəlləsindəki küçədə Şuşa ağsaqqallarından biri ilə qarşılaşıram. Mədəniyyət Nazirliyinin Şuşa idarəsinin o vaxtdan bəri dəyişməyən başçısı, köhnə partiya işçisi Zahid Abbasov sanki xoşbəxtlikdən özünü itirib. O, öz evini salamat tapıb.

- Mən Şuşaya köçməliyəm. Daha nə qədər ömrüm qalıb ki? Axı mən şəhərdə hər evi, hər küçəni, hər tərəfi tanıyan azsaylı adamlardanam. Biz şəhəri sürətlə bərpa etməliyik, - deyə 28 ildir Şuşanın, öz evinin həsrətini çəkən Z.Abbasov öz fikirlərini bölüşür. Deyir ki, Bakıya qayıdandan sonra başçılıq etdiyi idarənin Şuşaya köçürülməsini xahiş edəcək.

Budur, yaşına və xəstəliklərinə baxmayaraq artıq neçə gündür ki, Z.Abbasov şəhərin mədəni irsinin qalıqlarını diqqətlə araşdırır. “248 abidədən bərpası mümkün olan 210-nu müəyyənləşdirmişəm”, deyən idarə rəhbəri tarix muzeyinin işğal ərəfəsində xilası mümkün olmayan itirilmiş nadir eksponatlarını həssaslıqla toplayır. Hərçənd Şuşanın işğalına bir neçə gün qalmış o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu Zahid Abbasovla birlikdə Üzeyir bəyin və Bülbülün ev muzeylərindən eksponatları çıxara bilmişdilər...

Şuşanın azad olunmasından sonra isə Z.Abbasov 1500-dən çox eksponatı tapıb və saxlamaq üçün şəhərin müvəqqəti administrasiyasına verib! Bu isə işğal illərində itirilmiş tarixi dəyərlərin təxminən 40 faizidir. “Biz hələ çox şey edə bilərik. Lakin tələsmək lazımdır. Şəhərə qayıtmaq lazımdır” - Z.Abbasov durmadan təkrar edir”.

Onu da qeyd edək ki, əvvəlki Şuşa rayon mədəniyyət şöbəsi 2018-ci ildən ləğv olunaraq Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibinə daxil edilib. Zahid müəllim isə regional idarənin Şuşa rayonu üzrə baş məsləhətçisi vəzifəsində çalışır.

Sevda SÜLEYMANOVA

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993