Vətən mənə oğul desə, nə dərdim...

Dostum, müəllim həmkarım, əslən Laçın rayonundan olan və mənə də ərklə “əmioğlu” deyən Hamlet Abbasov bir şəhid haqqında danışdı. Və bu yazını həmin söhbətin təsiri altında yazdım.

1988-ci ildən Qarabağın başının üstünü alan qara duman nə qədər taleləri yarımçıq qoydu, nə qədər sevinci kədərə, nə qədər toy-büsatı yasa çevirdi. Azərbaycanın üzərinə əsən bu dəhşətli səmum küləyinin qarşısını almaq üçün o gündən bəri qəhrəman oğullarımız əllərində silah düşmən qarşısında canlı polad sipərə çevrildilər. Belə qəhrəman oğullardanda biri də Laçın rayonunun Şeylanlı kənd sakini Nəcəfov Etibar Mehman oğludur.

Etibarın valideynləri Laçın rayo­nundandırlar. Lakin doğma yurdu namərd ermənilər tərəfindən işğal edildiyindən Etibar 1998-ci il noyabrın 14-də Ağcabədi rayonunun Aran kəndində dünyaya göz açıb. Orta təhsilini də bu kənddə alıb. İdmana böyük maraq göstərən Etibar karate, daha sonra boksla məşğul olub. Bir sıra yarışlarda birincilik qazanıb. İdmanla məşğul olmasının 2017-ci ilin mayından 2018-ci ilin iyun ayınadək davam edən hərbi xidməti dövründə də ona çox köməyi dəyib. Etibar xüsusi təyinatlı kəşfiyyat bölüyündə xidmət edib, komandirlərinin ən çətin tapşırıqlarını asanlıqla yerinə yetirib, fəxri fərmanla təltif olunub. Yaxından tanıyanlar onun necə cəsarətli, mərd və qorxmaz olduğunu yaxşı bilirdilər.

Vətən oğulları ona görə böyüdür ki, düşmənin qara əlləri torpaqlarımıza uzananda onlara göz dağ olsunlar. Vətənin dar günündə canı, qanı bahasına onu qoruyan minlərlə şəhidlər kimi Etibar da insanlığa baş ucalığı və elinə, obasına, ata-babalarına əbədi şöhrət gətirdi.

...O, doğma yurdunu, əcdadlarının uyduğu torpaqları qarı düşməndən bir gün geri alacağına söz vermişdi. Elə bu arzu ilə də Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı uğrunda döyüşlərdə şüacətlə vuruşdu. Və nəhayət, kafirlər, yağılar əlində əsir olan Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərə girdi və şəhidlik zirvəsinə ucaldı.

Bədnam erməni işğalçılarına qarşı mübarizədə Azərbaycanın neçə-neçə qəhrəman oğul və qızı adını tarix səhifəsinə yazdırdı. Bu qəhrəmanları dinc həyatı buraxıb cəbhəyə getməyə heç kəs məcbur etməmişdi. Onları düşmənlə üzbəüz səngərlərə, odun-alovun içinə çəkən yeganə qüvvə VƏTƏN sevgisi, VƏTƏNƏ olan övladlıq borcunu qaytarmaq məsuliyyəti idi.

Bəzən düşünürəm. Həyatları yarımçıq kəsilən, arzuları ürəklərində qalan bu gənclər başqa cür hərəkət edə bilərdilərmi? Dərhal da qəlbimin harayını eşidirəm: Əsla! Dara düşən ANA VƏTƏN çağırırsa, onun sinəsində boy atan oğul və qızları necə sakit dayana bilərlər? Vətənin harayına çatmaq, onu düşmənlərdən qorumaq hər birimizin müqəddəs borcudur. Biz gəldi-gedərik, təki VƏTƏN yaşasın!

Bax buna görə də Etibar Nəcəfov 27 sentyabrda başlayan Vətən müharibəsinə biganə qalmayaraq Laçın rayon hərbi komissarlığına bir neçə dəfə müraciət etmiş və oktyabrın 1-də könüllü olaraq Vətən müharibəsinə yollanmışdı. Onun döyüş yoldaşları qızğın döyüşlərdə Etibarın necə cəsarətlə vuruşmağından, qorxmazlığından danışırlar.

Ölkə Prezidentinin sərəncamı ilə Etibar Vətənimizin düşmənlərdən təmizlənməsi uğrunda göstərdiyi qəhrəmanlıqlara görə, şəhidliyə qovuşduqdan sonra, müxtəlif medallarla təltif edilib. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. Təzə adın mübarək bizim şəhid balamız!

İndi Qarabağın üzərindən qara buludlar bu oğulların sayəsində əbədi olaraq çəkildi. Xocalının nalə çəkən ruhları sakitlik tapdı. Yağan payız yağışları torpağa qarışıb bütün qəmi-kədəri yuyub apardı. Qarabağ torpaqlarında dalğalanan Azərbaycan bayrağı xalqımızın şərəf və şöhrətini göylərə qaldırır. Bu, Etibar Mehman oğlu kimi vətənpərvər oğulların sayəsində oldu.

Əli ZALOV,

kimya elmləri doktoru,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993