Müharibənin ilk günündə şəhidlik zirvəsinə yüksəldi

Elməddin Uğur oğlu Əhmədzadə doğma yurdu Füzulinin Qacar kəndinin işğalından sonra, 1996-cı il noyabrın 6-da ailəsinin məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı İmişlidəki “Fin qəsəbəsi”ndə dünyaya gəlmişdi. Bu qəsəbədə yerləşən Füzuli rayon 36 saylı orta məktəbdə, sonra Bakıdakı fizika-riyaziyyat təmayüllü liseydə təhsil almışdı. Orta məktəbi bitirib, 2014-cü ildə hərbi xidmətə getmiş, 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olmuşdu.

Hərbi xidmətini başa çatdırıb mülki həyata qayıdan Elməddin mühafizəçilər hazırlayan kursa daxil olub, oranı fəxri fərmanla bitirmişdi. Lakin ürəyində orduya qayıtmaq arzusu vardı. Bu ilin iyulunda ermənilərin Tovuzda törətdiyi təxribat nəticəsində baş verən hadisələr Elməddinin fikrini qətiləşdirdi. Avqustun 21-də o, manqa komandiri kimi hərbi hissədə xidmətə başladı.

Sentyabrın 27-də təcavüzkar Ermənistan yenidən təxribata əl atdı. Hərbçilərimiz və mülki əhali arasında tələfat oldu. Xalqımızın və dövlətimizin təhlükəsizliyini təmin etmək üçün Ali Baş Komandan cənab İlham Əliyev ordumuza əks-hücuma keçmək əmri verdi.

Elməddinin xidmət etdiyi hərbi hissəyə Füzuli istiqamətində irəliyə getmək barədə döyüş tapşırığı verildi. Ağır döyüşlər başlandı. Düşmənin uzun illər qurduğu istehkamları keçmək o qədər də asan deyildi. Elməddinin də içərisində olduğu piyadaların döyüş maşını (PDM) minaya düşdü. Əsgərlərdən biri ağır kontuziya alaraq maşından çıxıb düşmənə tərəfə qaçmağa başladı. Elməddin onun arxasınca yüyürüb onu geri qaytarmağa çalışarkən yaxınlıqda düşmən mərmisi partladı.  Elməddin başından aldığı ağır yaradan həyatını itirdi, Vətən müharibəsinin ilk gününün şəhidlərindən oldu.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 27 sentyabr ölkəmizdə Anım Günü elan edilib. Elməddinin şəhidlik zirvəsinə ucaldığı gün əbədi olaraq Anım günü kimi qeyd olunacaq. Onun valideynləri və əzizləri bütün Azərbaycan xalqı ilə birlikdə bu günü böyük hüzn və qürurla qeyd edəcək. Həmin gün Elməddinin ruhu bütün şəhidlərimizlə birlikdə şad olacaq. Ona görə ki, ürəklə qoşulduğu və parlaq zəfərlə bitmiş Vətən müharibəsi müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması ilə başa çatıb. Elməddin də daxil olmaqla 2823 şəhidimizin qanı ilə suvarılmış doğma torpaqlarımız azadlığa qovuşub.

Elməddinin atası Uğur Əhməd oğlu Əhmədov birinci Qarabağ müharibəsinin iştirakçısı, II qrup müharibə əlilidir. Anası Bahar Nuru qızı Əhmədova evdar xanımdır. Övlad itkisi nə qədər ağır olsa da, Vətən sevgisi bütün sevgilərdən öndədir. Elməddinin valideynləri Vətən torpaqlarının işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalmış oğulları ilə qürur duyur və fəxr edirlər. Elməddinin və bütün şəhidlərimizin adı heç vaxt unudulmayacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Elməddin Əhmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

İndi Elməddinin valideynləri doğma Qacar kəndinə köçəcəkləri günü gözləyirlər. Bir arzuları da var: kənd məktəbinə Elməddinin adı verilsin.

Camal SADIQOV,

müəllim

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993