Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqləmişik

“Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub”.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da xalqa müraciətinə bu sözlərlə başlayıb. 

O müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur

Dövlətimizin başçısı Qarabağ tarixini dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görüldüyünü vurğulayaraq deyib: “Çünki 1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyada, dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir, təsəvvür edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmişdir. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq. Görülən bütün bu işlər, bax, bu gün bizə kömək göstərir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz səylərimiz nəticəsində buna nail ola bilmişik. Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen təhlükəsizlik konfransında bütün dünyaya və bu, canlı formatda aparılmış diskussiya əsnasında sübut edə bilmişəm ki, bu, bizim tarixi torpağımızdır. XIX əsrin əvvəllərində Kürəkçay sülh anlaşması haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında, ümumiyyətlə, geniş ictimai fikirdə heç bir məlumat yox idi. Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş məlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan imzalamışdır, digər tərəfdən Çar Rusiyasının generalı imzalamışdır. O müqavilə internetdə var, hər kəs baxa bilər. Əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyüş meydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriya gedib bu saytlara girəcək, baxacaq görəcək ki, o müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsəd aydın idi - imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və əfsuslar olsun ki, bu məqsədə çatdılar. Ondan sonra erməni əhalisi qonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağlıq Qarabağ bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildi və ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar. XX əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək. Qafqaz bürosunun protokolları var, 1921-ci ilin iyul ayında. Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir və belə təhlükə var idi. Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgün qiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail ola bilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana veribdir. Yalandır! Açın, baxın Qafqaz bürosunun protokoluna, orada deyilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın! Bu, bir daha onu təsdiqləyir ki, bu, bizim torpağımızdır. Əfsuslar olsun ki, ondan sonra Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi. Amma onu da bildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yəni, orada daha aşağı səviyyəli bir özünüidarəetmə mexanizmi mövcud idi. İndi tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, orada yaşayan ermənilər böyük hüquqlara, imkanlara malik idi”.

Heydər Əliyevin sovet rəhbərliyində böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi

Sovet dövründə, münaqişəyə bir neçə il qalmış Dağlıq Qarabağda separatizm meyillərinin geniş vüsət aldığını xatırladan Prezident İlham Əliyev bunun üçün heç bir əsas olmadığını diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: “Dağlıq Qarabağ muxtar vilayətinin rəhbər orqanı olan büroda 9 üzv var idi. Onlardan 8-i erməni idi, 1-i azərbaycanlı, o da Şuşa rayon Kommunist Partiyasının birinci katibi. Dağlıq Qarabağın 1-ci katibi, hökumət başçısı, parlament başçısı ermənilər idi. Nə istəyirdilər? Nə qədər Azərbaycan investisiya qoyub o bölgəyə, dəmir yolu çəkilib 1970-ci illərdə, Sərsəng su anbarı tikilib 1970-ci illərdə, Madagiz, – indi adını mən bərpa etmişəm, - Suqovuşan su anbarı tikilib. Bütün bunlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına edilən investisiyalardır. Amma onlar nankorluq göstərdilər, vəziyyətdən istifadə etdilər, Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər və separatizm meyilləri baş qaldırdı. Ondan əvvəl nə etdilər? Onlar ondan əvvəl hazırlıq işləri görürdü və əsas hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar Azərbaycandan Moskvaya kütləvi surətdə anonim məktublar göndərirdilər. Qəsdən şər-böhtan kampaniyası aparılırdı ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra 2 həftə keçməmiş baş qaldıran erməni separatçılar məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin və bizim xalqımızın bəlaları o gündən başladı. Ondan sonra Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar ki, sadəcə olaraq, bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq, başını aşağı salıb Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər. Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı. Halbuki bu bağlantı yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi”.

Düşmənlə nə qədər danışıqlar aparmaq olar?

Prezident İlham Əliyev 1992-ci ildə yaradılmış Minsk qrupunun fəaliyyəti barədə də danışıb. Dövlətimizin başçısı deyib: “Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər, faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və üç ölkə bu məsələ ilə məşğul olmağa başlamışdır. Amma bunun nəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, Ermənistan üçün oldu. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar, dondurulsun bu məsələ, əbədi qalsın əsarət altında bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız. Bəs, nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə, sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə - nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət təbii ki, bu ölkələr arasında bizdən başqa hər kəsi qane edirdi, ilk növbədə, Ermənistanı qane edirdi”.

Ermənistanın Qarabağ ərazisində qanunsuz məskunlaşma aparmasına dünya birliyinin biganə qaldığını bir daha yada salan Prezident İlham Əliyev işğalçı ölkənin Cenevrə konvensiyalarına zidd olan bu addımını beynəlxalq cinayət adlandıraraq deyib: “Bir söz deyən var onlara ki, sən niyə qanunsuz məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən. Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin? İstəmirdilər. Bu reallıq onları qane edirdi”.

Minsk qrupunun fəaliyyətinin sanki Azərbaycanı yeni yaranmış reallıqlarla hesablaşmağa sürüklədiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana, hər tərəfdən. Əl-ayağa düşdülər. Bəs, nə oldu? İyirmi səkkiz il bu məsələni belə süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs, indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir”.

Dövlətimizin başçısı xalqa müraciətində atəşkəs rejimi barədə də fikrini bildirib.

Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir

Prezident İlham Əliyev münaqişənin həlli üçün hüquqi bazanın kifayət qədər geniş olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: “Biz bu bazanı genişləndirmişdik. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər mövcuddur. BMT Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Yəni, bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək, qovaq onları, rədd edək bizim torpaqlarımızdan. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Bax­mayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi.

Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya 5-dən böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər, yenə də Ermənistanın maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik”.

Azərbaycan xalqının səbri ilə oynamasınlar

Dünyada güc amilinin ön plana çıxdığını son bir neçə il ərzində dediyini, böyük dövlətlərin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasına məhəl qoymadığını xatırladan Prezident İlham Əliyev deyib: “İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora girib, biri bura girib, biri hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-əlamət yoxdur. Biz onda bunu niyə müdafiə etməliyik? Halbuki biz müdafiə edirik, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə. Bəs, hansı üzlə bizə baxacaqlar? Bu gün bütün imkanları səfərbər ediblər bizə qarşı. Mən bir ay buna dözürdüm, bir ay. Demirdim bunları, yığılmışıq boğaza...”

Bu saxta dövləti xilas etmək istəyirsinizsə...

Prezident İlham Əliyev vasitəçilərin neytrallığının vacibliyini də qeyd edərək deyib: “Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz. İndi vasitəçi ölkələr gərək yeni bir funksiya fikirləşsinlər, nə ilə məşğul olacaqlar? İndi artıq beş rayonun azad edilməsindən danışa bilməzlər, hanı 5 rayon, bizdədir onların artıq 4-ü. O məsələ artıq getdi, qurtardı getdi. Özümüz götürmüşük - Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı. Bu rayonların böyük hissəsi bizdədir. Keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsi bizdədir. Ona görə fikirləşsinlər.

Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası ol-sun. Amma bu məna gərək münaqişənin həllini tezləşdirsin. Ermənistanın havadarları, sizə deyirəm: bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi? Yox. Mən indi Azərbaycan xalqına bəzi məlumatları verəcəyəm, biz onların nə qədər texnikasını məhv etmişik. Hər kəs hesablaya bilər, internetə girə bilər, baxsın o texnikanın qiymətinə və sual versin. Haradandır bu pul ka-sıb, yoxsul ölkədə? Problemlər içərisində çabalayan bir ölkədə haradandır bu pul? Nə qədər məhv etmişik, yenə də gətirirlər. Eybi yoxdur, gətirsinlər, özləri bilər”.

Dövlətimizin başçısı indiki mərhələdə məsələnin hərbi-siyasi yollarla həll edilməsinə razı olduğunu vurğulayaraq deyib: “Amma həll olunsun. Atəşkəs deyiblər, eybi yoxdur, qoy olsun. Ermənistan bunu pozub, hər bir pozuntunu biz qeydə alırıq, hər bir. Tapşırıq vermişəm, qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar. Bizdə bütün məlumatlar var. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır”.

Prezident İlham Əliyev xalqımızın dədə-baba torpaqlarına 200 il bundan əvvəl köçürülmüş ermənilərin gələcəyi ilə bağlı fikir bildirərkən onların da bizim vətəndaşlarımız olduqlarını bir daha xatırladıb.  Dövlətimizin başçısı deyib: “Onların da canı bu xuntadan qurtarılmalıdır. Əgər özləri canlarını qurtara bilmirlərsə, biz onlara kömək göstərəcəyik”.

Kim verib sənə bu qədər silahı?

Prezident İlham Əliyev son bir ay ərzində işğalçılara qarşı aparılan hərbi əməliyyatların nəticələri barədə xalqa məlumat verib. Dövlətimizin başçısı deyib: “Sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistanın məhv edilmiş və hərbi qənimət götürülmüş texnikasının bir hissəsinin siyahısını təqdim edirəm. Deməli, tank – 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə - 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib. Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik”.

Prezident İlham Əliyev növbəti dəfə sual edib: “Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffaf. Nə qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc içində olan, müflisləşən ölkə haradan alıbdır? Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir. Kim verib sənə bu qədər silahı? Niyə soruşan yoxdur? Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, orada, aeroportda cəmi 5-6 təyyarə qalıbdır. Bu barədə hər dəfə sual verirlər. Yaxşı, mən bu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlara verənlərə də sual verin. Verin bu sualları, nə üçün silah verirsən? Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Biz onların nə qədər silahlarını məhv etmişik? Bir nəfər jurnalist bu sualı vermir mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur. Biz buna artıq öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi Xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki, prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik. Bu yeni siyahılar bir daha göstərir ki, biz reallığı dəyişdirdik”.

...Qubadlı şəhəri!

Və nəhayət, Prezident İlham Əliyev Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqın diqqətinə çatdırıb: “Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayo­nunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!

Dünən mən artıq bu barədə Azərbaycan xalqına bu sevincli xəbəri verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!

Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993