Qısa zaman ərzində üçrəngli müqəddəs bayrağımız Xankəndidə dalğalanacaq

Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi vətəndaşlarımız, məcburi köçkünlər, eləcə də xaricdə yaşayan soydaşlarımız tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bildirirlər. Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edirik.

Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kənd sakini Cəmil Allahverdiyev yazır: “Əziz Prezidentimiz. Bütün Füzulilər adından Sizə təşəkkür edirik. Biz Sizinlə fəxr edir, Sizə uğurlar arzulayırıq. Sizdən əmr alan Azərbaycan Ordusu bu gün üzərinə düşən missiyanı layiqincə yerinə yetirir, işğaldan azad olunmuş bir sıra torpaqlarımızda 30 ildən sonra üçrəngli bayrağımızı yenidən dalğalandırır. Cənab Prezident, çox sağ olun ki, 27 illik həsrətimizə son qoydunuz. Bir daha Sizə, müzəffər Ordumuza və cəsur Azərbaycan əsgərinə minnətdarıq. Biz Sizi dəstəkləyirik.Qarabağ Azərbaycandır!”

Cəbrayıl rayon sakini Emil Məmmədov yazır: “Hörmətli cənab Prezident. Ata-babalarımın min illər boyu yaşadığı doğma Cəbrayıl rayonunun Dağ Tumas kəndi düşmənlərdən təmizləndi. Sevincimin həddi-hüdudu yoxdur. Düz 27 il 2 ay bundan əvvəl 5 yaşımda ikən erməni quldurları tərəfindən kəndimizdən çıxdığım günü xatırlayıram, kəndimizi yandırmaqları bu gün də gözümün qarşısına gəlir. Körpə olsam da bir gün yenidən bu torpaqlara dönəcəyimizə inanırdım. Kəndimizin müdafiəsi uğrunda neçə-neçə qəhrəman oğullarımız şəhid oldu. Bu gün onların ruhu şaddır, qanları yerdə qalmadı. İnşallah, sayənizdə Dağ Tumasa dönərək yenidən şəhid əmim Vahid Məmmədovun adına olan kənd məktəbimizi bərpa edəcəyik. Bu gün mənim və ətrafımda olan gənclərimizin hamısının gözü telefondadır, hər birimiz bu günlərdə hərbi komissarlıqdan zəng gözləyirik. Hər saniyə Vətənin müdafiəsinə hazırıq. Sizin də dediyiniz kimi bizim yolumuz haqq yoludur və biz bu haqq yolunda zəfər çalacağıq. Artıq bütün dünya azərbaycanlıları bilir və inanır ki, qısa zaman ərzində üçrəngli müqəddəs bayrağımız Xankəndidə dalğalanacaq. Bu şərəfli yolda Sizə və bütün Azərbaycan əsgərinə cansağlığı, yeni-yeni qələbələr arzulayırıq. Yaşasın müzəffər Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Xocavənd rayonundan məcburi köçkün Zakir Quliyev Prezident İlham Əliyevə müraciətində yazıb: “Əziz və hörmətli Prezidentimiz. Qürurverici əməllərinizlə xalqımıza yaşatdığınız sevincli günlərə görə Sizə Xocavənd rayo­nu Salakətin kəndinin camaatı adından və şəxsən öz adımdan minnətdarlığımı bildirirəm. Mənim 70 yaşım var. Hadrutda üçrəngli Bayrağımızın qürurla dalğalandığını görəndə sevincimdən göz yaşlarına boğuldum. Allah Sizi və şanlı Ordumuzu qorusun, möhtərəm Prezidentimiz. Yaşasın Azərbaycan! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”

Zəngilan rayon sakini Rəfael Əhmədov: “Hörmətli cənab Prezident. Bu gün rəhbərliyiniz altında şanlı Ordumuz tərəfindən doğma torpaqlarımızın azad edilməsi münasibətilə Zəngilan əhalisi, şəxsən Əhmədovlar ailəsi adından Sizə səmimi qəlbdən minnətdarlığımızı bildiririk. Sizə və bütün əsgərlərimizə bu haqq-ədalət mübarizəsində böyük uğurlar arzulayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı oğullarımıza şəfa versin. Eşq olsun müzəffər Ali Baş Komandana və Azərbaycan əsgərinə! Qarabağ Azərbaycandır!”

Şuşadan məcburi köçkün Rəsmiyyə Əliyeva yazır: “Hörmətli cənab Prezident. Bu məktubu Sizə yazan Şuşa şəhərindən məcburi köçkün olan, iki hərbçi oğul anasıdır. Mən öz minnətdarlığımı Sizə necə çatdıracağımı bilmirəm. Hər gün televizorun qarşısında əyləşib Sizin sevindirici Qələbə xəbərlərinizi gözləyirəm. Arzu edirəm ki, tezliklə Şuşanın işğaldan azad olunması xəbərini söyləyəsiniz. İstəyirəm ki, torpaqlarımız birdəfəlik düşmənlərən təmizlənsin, övladlarım, nəvələrim barıt qoxusu gəlməyən səma altında yaşasınlar. Allah Sizi və döyüşdə olan oğullarımızı qorusun!”

Kəlbəcər rayonundan məcburi köçkün Rasim Əmirovdan: “Hörmətli Prezident, müzəffər Ali Baş Komandan. Biz kəlbəcərlilər də Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənərək, Sizə dəstək vermişik, Sizə ümid bəsləmişik. Mən bir kəlbəcərli ziyalı kimi, həm də şəhid qardaşı kimi, hər gün bir qələbə sevinci eşidən kimi, sanki, quş olub o yerlərə uçmaq istəyirəm. Hər dəfə rəşadətli Ordumuzun irəliləyişini şanlı tarix kimi görürəm. Sevincdən göz yaşlarımı saxlaya bilmirəm. İstəyirəm döyüş paltarlarımı geyinib, silah götürüb mənfur düşmənləri məhv edəm. Əgər şəhid olsam, təki Vətən sağ olsun, təki düşmənin gülləsi azalsın və məğlub olsun. Əziz Prezidentimiz, Uca Tanrı Sizi qorusun. Şanlı Ordumuz var olsun!

Dünya yaxşı görür ki,

Özündə Koroğlu hünəri var,

Dizində Koroğlu təpəri var,

Sözündə Koroğlu kəsəri var,

Onda əmin ol ki sən

Qayıdar Vətən, qayıdar Vətən, qayıdar Vətən!”

Laçın rayonu, Hacıxanlı kəndindən məcburi köçkün Təhmasib Əhmədov məcburi köçkün olduğu rayoinla bağlı arzularını belə ifadə edir: “Cənab Ali Baş Komandan! Ürəyimdən gələn fikirlərimi ifadə etməyə söz tapmaqda çətinlik çəkirəm. İnanırıq ki, işğal altında qalan torpaq­larımızın mənfur düşmənimizdən tamamilə azad olunması gününə çox az qalıb. Rəhbərlik etdiyiniz Azərbaycanın şanlı Ordusunun şücaəti nəticəsində tezliklə zəfər qazanacağıq. Uca Allah Sizlərə kömək olsun. Mən Füzuli rayonunun 22 kəndinin işğaldan azad olunmasında gedən döyüşlərdə iştirak etmişəm. Bu gün yenə də müsəlləh əsgər olaraq cəbhənin döyüş gedən yerlərində, ön sıralarında olmaq istəyirəm və hər an əmrinizə hazıram.

Azərbaycan Ordusu azad edəcək

                                  vətən mülkünü

Dastanlar yazılacaq qəhrəmanlara

Bayrağımız ucalacaq bütün cahanda

Əzəmətlə səslənəcək

                           zəfər marşı Qarabağda

Qələbə yaraşır Azərbaycana!

Tanıtdı hər yanda yurdumun adın

Zirvəyə qaldırdı onun bayrağın

Qələbə yaraşır Azərbaycana!”

Ağdam rayonundan məcburi köçkün Aqil Kərimov yazır: “Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan. Azərbaycan torpaqlarını tərk etmələri barədə Sizin illərdir etdiyiniz çağırışları qəsbkar erməni daşnaqlar eşitmədilər və artıq, Sizin qüdrətinizin qarşısında necə aciz qaldıqlarını özləri də görürlər. Ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı böyük ordumuz Sizin sayənizdə daha da güclənərək, ən müasir silahlarla, texnikalarla təmin olunaraq dünyanın ən güclü ordularından birinə çevrilmişdir. Bunun bariz nümunəsidir ki, ordumuz erməni qəsbkarlarının başını əzərək torpaqlarımızı işğaldan azad edir. Bu, Sizin gücünüzün, qüdrətinizin təzahürüdür. Bu gün Sizin və Ordumuzun şəninə şerlər qoşulur, nəğmələr oxunur. Ey tarix yazan, müzəffər Ali Baş Komandanım, sonrakı nəsillər üçün bütöv Azərbaycan quran Prezidentim, Sizin barənizdə çoxsaylı kitablar yazılmalı, filmlər çəkilməlidir. Son damla qanım belə Sizin uğrunuzda fədadır, qurbandır. Azərbaycanın xilaskarı, babamız Ulu Öndərin layiqli davamçısı, Siz böyük gücə, qüdrətə maliksiniz. Siz Azərbaycan xalqının ümid çırağısınız. Allah hər zaman Sizi qorusun, hər zaman var olun.”

Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Arif Hümbətov yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan! Mən Xocalıdan olan şəhid ailəsinin üzvü kimi Sizin uğurlu daxili və xarici siyasətinizi həmişə dəstəkləmişəm. Mənfur düşmənin təxribatına cavab olaraq torpaqlarımızın erməni silahlı qüvvələrinin işğalı altından qurtarılması üçün cari il sentyabrın 27-də başlatdığınız əks-hücum əməliyyatı nəticəsində şəhər, qəsəbə və kəndlərimizin, strateji yüksəkliklərin azad edilməsi münasibətilə Sizi və bütün xalqımızı təbrik edirəm. Sizə və şanlı Ordumuza bu haqq işində Qələbə arzulayıram. Allah Sizi və müzəffər Ordumuzu qorusun! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”

Qubadlı rayonundan məcburi köçkün Çingiz Salmanov yazır: “Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan. Nəhayət gözlədiyimiz gün gəldi. İyirmi yeddi il həsrətdən sonra Zəngəzurun qapısı adlandırılan Qubadlı rayonu mənfur düşmən tapdağından azad edildi. İllərdi bu günü gözləyir, Vətən həsrətilə yaşayırdıq. Artıq buna son qoydunuz, xalqımın qəhrəman, yenilməz oğlu. Bizi əbədi və əzəli dədə-baba torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm. İnşallah, Sizin göstərişinizlə müzəffər Azərbaycan Ordusu digər işğal altında olan torpaqlarımızı yaxın günlərdə düşmən tapdağından azad edərək şanlı Azərbaycanımızın üçrəngli bayrağını yüksəklərə qaldıracaqdır.Cənab Prezident, Sizin bu haqq işiniz və adınız bir sərkərdə olaraq gələcək nəsillərin yaddaşında qalmaqla qızıl həriflərlə tarix dərsliklərində yazılacaqdır. Mən fəxr edirəm ki, mənim xalqımın Sizin kimi ağıllı, savadlı, uzaqgörən Prezidenti var. Allah Sizi qorusun. Qarabağ Azərbaycandır!”

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993