Biz xoşbəxtik ki, bu anları yaşayırıq

Biz bu günü həsrətlə gözləyirdik. Məcburi köçkünlüyün ağrısını-acısını çəkən nə qədər insan yurd nisgili ilə yaşadı və qəlbi qubarlı köçdü dünyadan. Xoşbəxtəm ki, torpaqlarımızın azad olunduğunu görmək mənə qismət oldu. Çox sevinirəm. Bu sevinci bizə bəxş edən cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna ürəkdən minnətdaram.

Sakini olduğum Füzuli şəhəri, anadan olduğum Dədədli kəndi işğaldan eyni gündə azad edildi. Cənab Prezident bu xoş xəbəri bizə oktyabrın 17-də xalqa mütaciət edərkən çatdırdı. Dövlətimizin başçısı bizi təbrik edərkən onu da vurğuladı ki, Füzuli uğrunda çox ağır döyüşlər gedib. Çünki mənfur düşməninin orada qurduğu istehkamları dağıtmaq, onu möhkəmləndiyi mövqelərdən qovub çıxarmaq asan məsələ deyildi. Müzəffər Azərbaycan Ordusu bunu bacardı, qısa müddətdə həmin mövqeləri darmadağın edərək, düşmənə sarsıdıcı zərbə vurdu. Canını sağ qurtara bilən erməni façistləri hətta hərbi texnika, silah-sursatlarını da qoyub qaçmışdılar. Bunu Müdafiə Nazirliyinin təqdim etdiyi videolarda gördük, şanlı ordumuzun qəhrəmanlığına alqış dedik. Eyni zamanda, Füzuli şəhərinin necə xarabalığa döndüyünü görüb mütəssir olduq. Yaddaşımda şox əziz xatirələri olan doğma şəhərim yerlə-yeksan olub. Möhtərəm Prezidentimizin sözləri ilə desək, vəhşilərin, yırtıcı heyvanların, çaqqalların əlində olub, bütün binalar, dini abidələrimiz sökülüb, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey talan edilib. Həqiqətən, Füzuli şəhərinin qalıq­ları erməni faşizminin təza­hürüdür və erməni faşizminin şahididir.

Cənab Prezident qətiyyətlə bəyan etdi ki, Füzuli şəhəri, rayo­numuzun kəndləri yenidən qurulacaq və abadlaşdırılacaqdır. Bu gün Horadiz qəsəbəsindəki abadlıq buna nümunədir. Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Füzuli rayonunun 22 kəndi, o cümlədən Horadiz qəsəbəsi işğaldan azad edilmişdi. Hazırda rayonumuzun əhalisinin təqribən yarısı bu ərazilərdə yaşayır. Horadiz müasir şəhərə çevrilib.

Respublikamızın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış füzulili məcburi kökünlər də daim dövlətimizdən qayğı görürlər. Bizim ailə məcburi köçkünlük dövrünü İmişli rayonunda keçirir. Hazırda burada məcburi köçkünlər üçün salınmış Yeni Bəhramtəpə qəsəbəsində yaşayırıq. Hər cür rahatlığımız var. İmişli camaatından da yer-göy qədər razıyıq. Amma qəlbimiz işğaldan azad edilmiş doğma yurdumuzla döyünür. Ora qayıdacağımız günə lap az qalıb. 

Füzuli torpağı onun uğrunda canını qurban verən Azərbaycan övladlarının xatirəsini əbədi yaşadacaqdır. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Onların qəhrəmanlığı unudulmayacaq! Qəhrəman ordumuzun sərkərdəsi, Ali Baş Komandanımız cənab İlham Əliyevin adı xalqımızın müstəqil dövlətçilik tarixinə əbədi olaraq qızıl hərflərlə yazılacaq. Mən bir ağsaqqal ziyalı kimi təklif edirəm ki, dövlətimiz “Xilaskar” adlı nadir bir orden təsis etsin və yalnız cənab İlham Əliyev bu ordenə layiq görülsün.

Möhtərəm Prezidentimiz dediyi kimi, bu gün xalqımız Azərbaycan tarixinin ən parlaq səhifəsini yazır. Birliyimiz, həmrəyliyimiz bütün dünyanı heyran qoyur, düşmənlərimizi məğlubiyyətə uğradır. Biz xoşbəxtik ki, bu anları yaşayırıq.

Camal Sadıqov,

Füzuli rayonundan məcburi köçkün, müəllim

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993