Ay ana, duyursanmı, əsgərlərimizin ayaq səslərini?..

Sabahımı sənlə açdım,

İçimdəki sənə qaçdım.

Şehə batmış yarpaq kimi,

Quruyan bir budaq kimi,

Susuzlamış torpaq kimi,

Səni özlədim, Vətən!..

Azadlığın mübarəkdi,

Sevin, Vətən, şadlan, Vətən,

Əsgərini bas bağrına, dadlan,Vətən!

Mən sərvətiylə aşıb-daşan, qəhrəmanları ilə tariximizə şanlı səhifələr yazan Qubadlı torpağında dünyaya göz açmışam. Anamın əllərindən tutub o müqəddəs torpaqda addım atmışam, hər dəfə ayağımı yerə basanda o torpaqda qeyri-adi bir doğmalıq, bir şirinlik hiss eləmişəm. Bəlkə, elə ona görə də hələ lap uşaq ikən anam qədər sevmişəm o torpağı. Böyüdükcə kəndimin gözəlliyinə heyran olmuşam. Tale elə gətirdi ki, mən valideynlərimi erkən itirdim. Mənim anasızlıq ehtiyacımı doğma kəndimin gözəlliyi ödəyirdi. Torpağımın ətrini ciyərlərimə çəkə-çəkə, dağlarını, düzlərini, təpələrini, cəmənliyini... qarış-qarış gəzirdim. Yaz aylarında dağların qoynunda bitən kəklikotunun, dağ keşnişinin, dağ yarpızının ətri ruhumu qidalandırırdı. Hələ nərgizinin, bənövşəsinin valehedici ətrini demirəm... Bax beləcə, kəndimizə, təbiətinə və xeyirxah insanlarına vurğunuydum... Sən demə, ayrılıq varmış qarşımızda, həsrət, niskil, yanıb kül olacağımız bir ömür varmış taleyimizdə... Bəlkə, elə ona görə doymurmuşam o torpaqdan...

Mənə jurnalistliyi də, şairliyi də o torpaq öyrətmişdi, mənim müəllimim də, universitetim də o torpaq idi... Orta məktəbdə oxuyanda rayon qəzetində məqalələrim çap olunurdu. Rayonumuzda və kəndlərimizdə gedən abadlıq, quruculuq, kənd təsərrüfatı işləri ilə bağlı məqalələr yazmaqdan qürur duyurdum. Sevindiyimdən yerə-göyə sığmırdım. Qəzetdə gedən məqaləmi məhləmizdə hamıya bir-bir oxuyurdum, onların üzündəki sevinci görəndə isə özümü dünyanın bəxtəvəri sanırdım... Bu torpağın qızı olduğum üçün, bu torpaqdan yazdığım üçün, bu insanların üzünü güldürdüyüm üçün Allahıma şükürlər edirdim...

“Qubadlı işğaldan azad olunub” - deyəndə, anamın ətri burnuma gəldi... Əhd eləmişdim ki, Qubadlı işğaldan azad olunanda balkona çıxıb səsim gəldiyi qədər bağıracağam. Amma bağıra bilmədim, axı, günahsız körpələrimiz qanına boyanmışdı. Qızımla qucaqlaşıb hönkürdük... Bir anlığa 28 ildir tozu alınmayan, yarası sarılmayan doğma Vətənim gözlərimin önündə canlandı. Fikirləşdim ki, görəsən, kəndimizdəki müqəddəs bildiyimiz tarixi abidələrimiz, məscidimiz, ürəyə fərəh verən  “Mağal yeri” bulağı, şəfa mənbəyi olan “Sarılıq” bulağı, uşaqlığımızın oylağı olan “Qara qaya”, “Yumru təpə”, “Cinni qaya” yerindədirmi?!... Dəmirçilərdəki Ağa çayının üzərində salınmış XVII əsrin yadigarı olan Hacı Bədəl körpüsünü uçurub dağıdıbmı mənfur düşmən?! 28 ildir “Quran” kəlməsinə, “Yasin” surəsinə həsrət qalan, duası oxunmayan məzarlarımız yerlə-yeksan olubmu?!.. Həmin anda çox şey gəldi xəyalıma... Utana-utana, hıçqıra-hıçqıra sevindim. Axı, şəhidlərimiz də var.... Üz tutdum Allah dərgahına, yalvardım ki, Allahım, görünən ordumuza, görünməyən ordunla yardım edərək Ordumuzu müzəffər eylə! 30 ildə gedə bilmədiyimiz torpğaqlarımızı 30 gün ərzində düşmən işğalından azad edən başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Ordumuzu qoru! Qələbə sevincini xalqımıza yaşat!

Bəli, qəhrəmanlıq qanı bahasına tarix yazmaqdır! Düşməni öz torpaqlarımızdan iti qovan kimi qovmaqdır!

İnanıram ki, adı tarixə qızıl hərflərlə yazılan müdrik Sərkərdə cənab İlham Əliyev yaxınlarda Laçının, Şuşanın, Ağdamın, Kəlbəcərin, Xocalının düşmən işğalından təmizlənməsi xəbərini də onun ətrafında yumruq kimi birləşən sevimli xalqına çatdıracaq. Üç rəngli bayrağımız Qarabağın hər yerində dalğalanacaqdır.

Tahirə AĞAMİRZƏ

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993