Qubadlının qəhrəman şəhidi

Qələbə qurbansız olmur! Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən müqəddəs savaşda həyatını qurban verənlərdən biri də Milli Qəhrəman, polkovnik Şükür Həmidov oldu. O, doğma Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq oktyabrın 22-də şəhidlik zirvəsinə yüksəldi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhid zabitin atası Nəriman Həmidovla telefonla danışıb, ona başsağlığı verib və qəhrəmanımızın Qubadlı rayonunda adının əbədiləşdiriləcəyini deyib.

Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Həmin kənddə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbində təhsilini davam etdirib. 1995-ci ilin iyun ayında ilk hərbi rütbə alaraq Naxçıvanda yerləşən hərbi hissələrin birində tağım komandiri kimi xidmətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib.

2006-cı ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub. Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində bölmə komandiri kimi xidmətini davam etdirib. Sonra müxtəlif vəzifələrdə xidmət edərək komandir vəzifəsinədək yüksəlib.

Ş.Həmidov Azərbaycan ictimaiyyətinə 2016-cı il Aprel döyüşləri zamanı tanınıb. Həmin döyüşlərdə polkovnik-leytenant Həmidov böyük şücaət göstərib. O, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlıq və igidliyə görə Milli Qəhrəman adına layiq görülüb və ona vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.

Şücaəti və mərdliyi ilə gənclərə örnək olan əfsanəvi Milli Qəhrəmanımızın ən böyük arzusu işğal altındakı torpaqlarımızı azad görmək və dədə-baba yurdu olan Qubadlıda şanlı bayrağımızı ucaltmaq idi. Şanlı ordumuzun zəfər yolu doğma rayona yaxınlaşarkən igid zabit atası ilə telefonla danışmışdı. Nəriman müəllim oğluna demişdi ki, Qubadlıya gedəndə dizlərini yerə qoyub Nağıllı bulaqdan doyunca su içərsən. Şəhidin oğlu Nurlan isə atasının Qubadlıda şəhid olmaq istədiyini və buna nail olduğunu bildirib. Nurlan deyib: “Arzu edirik ki, bütün torpaqlarımız alınsın, atamın və bütün şəhidlərin qanı yerdə qalmasın”.

Şəhidlərimizin qanı yerdə qalmır. Polkovnik Şükür Həmidovun uğrunda canını qurban verdiyi Qubadlı şəhəri işğaldan azad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993