Vəhşiliyə məruz qalan abidələrimiz

Torpaqlarımız işğaldan azad olunduqca erməni vəhşiliyinin daha çox şahidi oluruq. Otuz ilə yaxın ana torpağımız haqqında işlətdiyimiz “yad tapdağında inləyir” sözü, az qala, məcazi mənasından çıxıb konkret məna ifadə edir. Dağılmış evlərə, izi-tozu itmiş yollara baxanda adam bu iniltini doğrudan da eşidir.

Xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti təbiətimizə və maddi-mənəvi abidələrimizə qarşı da törədilir. İşğal altında olan ərazilərimizin təbiəti məhv edilib. Allahın çaylarını belə bəndə vurub normal axmasına imkan vermirlər. hamımız şahid olduq, Suqovuşan su anbarının azad olması ilə dərhal Aran rayonlarımızın suvarma sistemi xeyli dirçəldi.

Qarabağ gözəl təbiəti, yaradıcı insanları ilə yanaşı həm də tarixi abidələri ilə məşhurdur. Misal üçün, Xocavənd rayonunda yerləşən Azıx mağarası dünyanın ən qədim yaşayış məskənlərindəndir və YUNESKO tərəfindən dünya əhəmiyyətli abidə kimi qorunur. Yəqin, çoxları bilmir ki, Laçın rayonunda Azıx mağarası ilə yaşıd olan bir neçə yaşayış məskəni vardır və bunların heç biri sovetlər dönəmində lazımı qədər tədqiq olunmayıb.   

Ermənilər işğal altında saxladığı torpaqlarda normal həyat qura bilmədikləri kimi sivil tədqiqat işləri də aparmayıblar. Onların tarixi abidələrə yanaşmasında iki vacib amil var.

Birincisi, bu abidələri mümkün qədər erməniləşdirmək;

İkincisi, erməniləşdirilməsi mümkün olmayan abidələri məhv eləmək.

Müsəlman izi itirilməyən bəzi tarixi tikililəri isə farslaşdırmaqla Azərbaycanın “əlindən almağa” çalışırlar.

Bəzən adamı heyrət bürüyür: bununla nəyə nail olmağa çalışırlar? Doğrudanmı, dünya bu ərazilərdə heç vaxt azərbaycanlıların yaşamadığını düşünəcək qədər ağılsızdır? Bəlkə, tarix üçün edirlər bunu? Bəs düşünmürlər ki, tarix bəzən ədalətli qərar verir və torpağın əsl sahibi geri qayıdıb törədilən vandallığın hesabını soruşur?

İkinci Dünya müharibəsi də daxil olmaqla yer kürəsində aparılan ən böyük savaşlarda da tarixi abidələr geniş miqyaslı vandallığa məruz qalmayıb. Müvafiq beynəlxalq təşkilatlar bu barədə müharibə edən tərəflərə xüsusi xəbərdarlıqlar edib. Hətta tarixi abidələrə bombalar atılmasın deyə, üstünə xüsusi örtüklər çəkilir, işarələr qoyulur. Lakin bütün bu xəbərdarlıqlar normal düşüncəli insanlar üçündür. Soyqırımı siyasəti aparan şovinistlər üçün deyil.

Bu gün Şuşada siyasi məqsədlərlə tikilmiş mənasız bir kilsənin dağıdılmasını əlində bayraq edən Qərb mətbuatı görəsən İrəvanda, Şuşada, Laçında, Füzulidə, Ağdamda yerlə bir edilən qaim-qədim tarixi abidələrdən ötrü niyə narahat deyil? Axı bu sərvətlər təkcə Azərbaycan xalqının deyil, bütün dünyanındır. Tarix elmi İrəvan xanlığı, Qarabağ xanlığı adında Azərbaycan dövlətlərinin mövcudluğunu unutmayıb axı. Bu xanların tikdiyi saraylar, ucaltdığı qalalar hardadır indi? İslam dininin bütün qaydalarına riayət edən dövlət rəhbərləri öz tikililərinə xaç işarəsimi vururdular? Ağıllı telefonlar əsrində dünyanı bu səviyyədə aldatmaq cəhdi hansı axmaqlığın məhsuludur?

Təsəvvür edin, bu günlərdə işğaldan azad olunan qədim Füzuli şəhərində əsgərlərimiz bayraq asmağa bina tapmamışdılar. İnsan nə qədər vəhşiləşər ki, daşdan-torpaqdan qisas almağa qalxsın? Ağdam boyda şəhəri tarixi abidələri ilə birlikdə xəritədən siliblər. Məşhur “Google Maps” proqramı bu şəhərin mövcudluğundan xəbərsizidir. Yalnız xəritəni ekrana maksimum yaxınlaşdıranda balaca bir kəndmiş kimi “Ağdam” sözünə rast gəlirsən. Bu qəddarlığın hüdudunu necə hesablamaq olar?      

Gəlin statistikaya nəzər salaq.

Düşmənin ələ keçirdiyi ərazilərdə indiyədək 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib və yandırılıb.

Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub.

192 ziyarətgah, 144 məbəd, 67 məscid erməni təcavüzünün qurbanı olub.

İndiki Ermənistan Respublikanın ərazisində azərbaycanlılara aid çoxsaylı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidəsi, karvansara, məscid, mavzoley, məqbərə, qəbiristanlıq, qəbirüstü abidələr və s. vardı.

Erməni xalqı öz monoetnik mahiyyətini bu ərazilərdəki maddi-mənəvi irsə də şamil edib: guya buralarda nə varsa ermənilərə aiddir! Çox asanlıqla 300 il əvvəlki məscidi rekonstruksiya edərək kilsə halına salmaq, üstünə xaç çəkmək olar. Əsas odur, özün bunun doğruluğuna inanasan. Sonrası asandır. Onsuz da ədalət prinsiplərini itirən dünya Azərbaycanın gerçəklərindənsə Ermənistanın yalanlarına üstünlük verir.         

Təsəvvür edin, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alınmışdı. Həmin məscidlərdən yalnız biri – Göy məscid qismən salamat qalıb. Onu isə fars ornamentləri ilə işləyib, xarici qonaqlara “İran məscidi” kimi təqdim edirlər.

Qarabağın incisi Şuşada Qarabağ Tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Şuşa Dövlət Dram Teatrının binası, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın ev muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, 4 texnikum, 2 institut filialı, 2 sanatoriya, orta ixtisas musiqi məktəbləri, kitabxanalar fəaliyyət göstərirdi.

1748-ci ildə əsası qoyulan məşhur Şuşa qalası da ermənilər tərəfindən forma dəyişikliyinə məruz qalan qiymətli abidələrimizdəndir.

Yerli və xarici alimlər Qafqaz tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin böyük əhəmiyyətini xüsusi vurğulayıblar. Bura başdan-başa tarixi abidələr diyarıdır.

Miladdan əvvəl XII-VII əsrlərə aid Xocalı Gədəbəy mədəniyyəti abidələri, son Tunc və ilk Dəmir dövrünə aid Nekropol, Kurqan çölü, eramızın IV-VII əsrlərinə aid kilsələr, XIV əsrə aid Hacı Əli kümbəzi, Əsgəran qalası Xocalı rayon ərazisindədir. Əsgəran qalası Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən 1756-cı ildə tikilib. İki istehkamdan ibarət olan qala çay daşından inşa olunub.

Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxınlığında 1,5 milyon yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid Ritiş qalası, Ərgünəş dağının yamacında yerləşən Ərgünəş qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid Rzaqulu bəy türbəsi, Böyük Tağlar kəndindəki Alban məbədi yerləşir. Rayonun Tuğ kəndi yaxınlığındakı V əsrə aid Alban məbədi, qədim Alban qəbiristanlığı, Dəmirov və Dağdağan ocaqları, Bəhrəmli piri və bir çox qədim türbə və abidələr dağıdılaraq məhv edilib.

İşğaldan azad olunan Qubadlı rayonunun Muradxanlı kəndində “Qalalı mağarası” və Əliquluuşağı kəndindəki bulaq abidə kompleksi, o cümlədən 1867-ci ildə tikilən Laləzar Körpüsü ən qədim tarixi abidələrdən hesab olunur.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli qədim tariximizi özündə əks etdirən tarixi memarlıq abidələri, o cümlədən rayonun şimalındakı Alpaşa dağında yerləşən “Cəbrayıl ata” türbəsi, Araz çayının sol sahilində - Diridağın üzərində XII-XIII əsrlərdə düşmən hücumlarından müdafiə üçün tikilən “Qız qalası” şahidlərin söylədiyinə görə tamamilə dağıdılıb.

Araz çayı üzərində biri 11, digəri 15 tağdan ibarət olan Xudafərin körpüləri isə uzun illərdir baxımsız vəziyyətdə qalıb. Rayonun Çələbilər ərazisində XVI əsrə aid olan Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən 1678-ci ildə tikilən məscid-mədrəsə var idi. Bu mədrəsədə böyük alimlər, din xadimləri, eləcə də böyük Azərbay-can şairi Molla Vəli Vidadi dərs deyib. İşğaldan sonra bu məscid tamamilə dağıdılaraq yararsız hala salınıb.

Zəngilan şəhərindən 8 km aralıda, Əsgülüm dağında 30 metr hündürlükdə tikilən III-V əsrlərə aid Qala divarları, qaladan 2 min metr aralıda, içərisində 100-150 nəfər gizlənə bilən “Kuful” adlı daş yarığı uzaq keçmişimizdən xəbər verən nişanələr idi.

Füzuli rayonundakı Əhmədalılar türbəsi, Babi türbəsi, Mirəli türbəsi, Füzuli şəhərində XIX əsrə aid olan Hacı Ələkbər məscidi, 1682-ci ildə əsası qoyulan Hacı Qiyasəddin kəndi, 1684-cü ilə aid Karvansara, Qoçəhmədli kəndindəki qədim məscid, Qarğabazar kəndindəki XIII əsrə aid Cəlil türbəsi, Gorazıllı kəndindəki XIX əsrə aid Alı, Kərəm körpüləri və bir çox qədim tarixə malik abidələr erməni işğalçıları tərəfindən dağıdılıb.

Ağdam şəhərində 140 tarixi memarlıq abidəsi, Xındırıstan kəndindəki Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndində 1314-cü ilə aid Qutlu Musa oğlu künbəzi, Salahlı-Kəngərli kəndindəki XIV əsrə aid türbə və daş abidələr, Paprəvənd kəndindəki XVII əsrə aid Xanoğlan türbəsi, Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti və Şahbulaq qalası ermənilər tərəfindən tamamilə məhv edilib.

Kəlbəcər rayonunun Vəngli kəndində məşhur Gəncəsər alban məbədi, Xanbert qalası, Hermuk qalası, Kolatağ kəndində 635-ci ilə aid qədim tarixi abidələr, Talış kəndi yaxınlığında Urek məbədi, Tərtər çayının yuxarı axınında XIII əsrə aid məbəd, Qasapert kəndində Hatəm Məlik qalası, Suqovuşanda Yegiş Marakel məbədi yerləşir. Ordakı Qafqaz alban sülalələrinin və katolikoslarının son iqamətgahı olan məşhur Qanzasar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfindən qoyulub.

Laçın rayonu ərazisində Cicimli kəndində qədim məbəd, anbar, Güləbirddə Sarı Aşığın qəbirüstü ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, Soltanbaba, Minkənddə XV əsr məbədi, Kosalarda IX əsrin Ağoğlan məbədi və qəsri, Qarıqışlaqda Dəmirovlu pir məbədi, Bülövlük kəndinin şimalında, qədim Fətəlipəyədə alban məbədi, Piçənisdə alban məbədi, Hüsülü kəndinin Xan qəbiristanlığındakı Zəngəzur sultanları Qara Murtuza, 1-ci Alməmməd, 2-ci Alməmmədin türbələri, Şeyx Şamil ilə dostluq edən Cəbrayılın türbəsi, Qaratel Paşa bəyin qızının mərmər türbəsi, Laçın şəhərində Nərimanovun heykəli, ana və uşaq heykəli, II Dünya Müharibəsində həlak olanlar üçün tikilən abidə, şəhər qəbiristanlığında xeyli qəbirüstü bütlər, Arfalıda Murtuza Sultanın anasının türbəsi, Pircahan çayında Məşədi Mehralının körpüsü və bir çox abidələrin aqibəti necə oldu?

Sualın cavabını inşallah qoşunlarımız Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları kimi Laçın rayonunu da işğaldan azad edəndə tapacağıq.

Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil.

Azərbaycanın ərazi bütövlüyü tam təmin olunandan sonra xalqımızın həm özünə, həm torpağına, həm də maddi-mənəvi xəzinəsinə təcavüz edənlər həm yerli, həm də beynəlxalq məhkəmələr qarşısında cavab verəcək.

O günə çox qalmayıb!

Şərif AĞAYAR

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993