Prezident İlham Əliyev: “Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də və oktyabrın 20-də xalqa müraciət edib.

Oktyabrın 17-də Ermənistanın faşist rəhbərliyinin növbəti hərbi cinayət törətdiyini, Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə məruz qaldığını, bu namərd atəş nəticəsində soydaşlarımızın həlak olduğunu və yaralandığını bildirən dövlətimizin başçısı Allahdan bütün şəhidlərimizə rəhmət, yaralı soydaşlarımıza şəfa diləyib.

Prezident İlham Əliyev baş vermiş hadisənin bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərdiyini vurğulayaraq deyib: “Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz”.

Dövlətimizin başçısı hərbi cinayət törədən Ermənistan rəhbərliyinin buna görə məsuliyyət daşıyacağını bəyan edib və onların cavabının döyüş meydanında verildiyini bildirib: “Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir”.

Prezident İlham Əliyev müzəffər Azərbaycan Ordusunun düşmənləri torpağımızdan qovduğunu qeyd edərək özünün xalqımız tərəfindən rəğbətlə qarşılanan məşhur ifadəsini xatırladıb: “Mən demişəm ki, öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq”.

Sentyabrın 27-dən bəri Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu bildirən dövlətimizin başçısı işğalçı ölkənin bu qədər silahı və texnikanı haradan aldığını sual edərək deyib: “Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Yəni bu, sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır? Bəzi hallarda bizə qarşı iradlar irəli sürülür ki, biz silahlanırıq, biz silah alırıq və bu, elə bil ki, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur, bəs Ermənistan silahlananda? Bəs, bu kasıb, yoxsul ölkədə bu qədər silah-texnika haradandır və bu gün də onlara qaçaq yollarla, qaçaqmalçılıq sxemləri əsasında silahlar, texnika göndərilir və çox təhlükəli, böyük dağıdıcı gücə malik olan texnikalardır. Ona görə biz bu suallara cavab istəyirik və əminəm ki, biz bu cavabı alacağıq”.

Prezident İlham Əliyev son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsi barədə məlumatı xalqın diqqətinə çatdırıb. Şanlı Ordumuzun öz xilaskarlıq missiyasını uğurla davam etdirdiyini vurğulayan dövlətimizin başçısı, son günlərdə olduğu kimi, yenə də böyük məmnunluq və sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını elan edib: “Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Prezident İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını, o cümlədən füzulililəri ürəkdən təbrik edib. Uzun illərin doğma torpaq həsrətinin sona çatdığını qeyd edən Ali Baş Komandan deyib: “Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”.

Prezident İlham Əliyev Füzulinin yenidən qurulacağını, abadlaşdırılacağını bəyan edərək, vaxtilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bu rayonun 22 kəndini, o cümlədən Horadiz qəsəbəsini işğaldan azad etdiyini xatırladıb, bu qəsəbənin indi çox abad, müasir şəhərə çevrildiyini vurğulayıb.

Dövlətimizin başçısı xalqa Füzuli əməliyyatının əhəmiyyəti barədə geniş məlumat verib. O, müzəffər Azərbaycan Ordusunun öz məqsədinə çatdığını, ərazi bütövlüyümüzü bərpa etdiyini və edəcəyini vurğulayaraq deyib: “Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz. Çıxsın yırtıcı Ermənistan dövləti bizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər. Atəşkəs elan olundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan həlak olsun.

Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Prezident İlham Əliyev işğalçı Ermənistanın rəhbərliyinin ünvanına sərt sözlər deyib: “Onun-bunun ətəyindən yapışıb, onun-bunun ayağının altına yıxılıb imdad diləyirsən ki, Azərbaycanı durdurun. Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan dayanaq. Rədd ol torpağımızdan dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu bilir, beynəlxalq aləm də bunu deyir. Hər gün bunu deyirəm, çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq. Bizə qan tökmək lazım deyil. Bizə torpaq lazımdır. Biz bu torpağı istənilən yolla alacağıq. Hər kəs bunu bilsin”.

Dövlətimizin başçısı bir daha qeyd edib ki, bu sevincli günləri görə bildiyinə görə biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir. “Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik”, - deyə Prezident İlham Əliyev bəyan edib.

Oktyabrın 20-də xalqa növbəti müraciətində isə Prezident İlham Əliyev müzəffər Azərbaycan Ordusunun döyüş meydanında yeni qələbələr qazandığının müjdəsini verib.

Dövlətimizin başçısı öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlının doğma dədə-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşadığını qeyd edib. Böyük Qayıdış astanasında olduğumuzu diqqətə çatdıran ölkə rəhbəri vətəndaşlarımızın işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat, əmin-amanlıq şəraitində yaşaması üçün Azərbaycan dövlətinin əlindən gələni edəcəyini, bu torpaqlarda həyatın canlanacağını bildirib. Prezident İlham Əliyev deyib: “Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”.

Prezident İlham Əliyev 30 ilə yaxın aparılan danışıqların heç bir nəticə vermədiyini bildirib və torpaqları qaytarmaq fikrində olmayan Ermənistanın işğal etdiyi ərazilərdəki qanunsuz fəaliyyəti barədə danışıb. Azərbaycanın döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdiyini vurğulayan dövlətimizin başçısı beynəlxalq münasibətlərdə beynəlxalq hüququn işləmədiyini təəssüflə qeyd edərək deyib: “Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.

Prezident İlham Əliyev münaqişənin həlli üçün hüquqi bazanın genişləndirilməsi istiqamətində böyük səylər göstərildiyini xatırladıb. 

Dövlətimizin başçısı erməni yalanları barədə danışıb və beynəlxalq birliyin onların yalvarışlarına artıq məhəl qoymadığını, sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildiyini bildirib.

Ölkəmizin rəhbəri öz ənənəsinə sadiq qalaraq, həm düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları, həm də yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatları böyük qürur hissi ilə xalqa çatdırıb. Bəyan edib ki, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad edilib.

Dövlətimizin başçısı Xocavənd rayonunun işğaldan azad edilmiş Vəng kəndinə Çinarlı adı verib.

Prezident İlham Əliyev düşmənə layiqli cavab verildiyini vurğulayaraq müraciətini belə yekunlaşdırıb: “Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993