Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən həftə ərzində bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələr verərək, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda rəşadətli ordumuzun apardığı əks-hücum əməliyyatının gedişi, təcavüzkar və işğalçı Ermənistanın sülhə məcbur edilməsi istiqamətində görülən işlər, mövcud münaqişənin tənzimlənməsi imkanları və s. məsələlər barədə fikirlərini açıqlayıb. Möhtərəm cənab Prezidentin bu müsahibələrdə söylədiyi hər söz və fikir bizim üçün müstəsna dərəcədə dəyərlidir. Dövlətimizin başçısının həmin müsahibələrindən seçmələri təqdim edirik.

 

Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə.

         15 oktyabr 2020-ci il.

Ermənistanın baş naziri deyirdi ki, bircə qarış belə torpağı qaytarmayacaqlar

- Cənab Prezident, 10 oktyabr tarixli Moskva razılaşmalarında nizamlamanın baza prinsiplərinin adları çəkilir. Zəhmət olmasa, bu prinsipləri açıqlayın, Siz onları necə başa düşürsünüz?

- Bu prinsiplər uzun illər ərzində, deyərdim ki, 10 ildən artıq müddətdə işlənib hazırlanıb. Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində biz mövqelərimizin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdik. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Lakin təəssüf ki, Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “hakimiyyət orqanları”nı danışıqlara cəlb etməyə cəhd göstərildi. Bu cəhd həm bizim tərəfimizdən, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi.

Baza prinsiplərinə gəldikdə, orada hər şey dəqiq yazılıb. Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Bu, azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını və Dağlıq Qarabağın tərəflər arasında razılaşdırılmalı olan qəti statusunun müəyyən edilməsinə dair danışıqları nəzərdə tutur. Qısa desək, Azərbaycanın həmişə hörmətlə yanaşdığı baza prinsipləri bunlardır və onları biz hazırlamışıq. Lakin Ermənistanın yeni hakimiyyət orqanları dəfələrlə bəyan ediblər ki, bu prinsiplər onlar üçün qəbuledilməzdir, onlar bircə qarış belə torpağı qaytarmayacaqlar. Bunu Ermənistanın baş naziri deyirdi. Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Bizim ünvanımıza daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu. Düşünürəm ki, erməni tərəf vəziyyəti, yaranmış yeni vəziyyəti ayıq şəkildə qiymətləndirməli və atəşkəs rejiminə sadiq olmalıdır. Halbuki, o, bir neçə saatdan sonra gecənin bir aləmində dinc Gəncə şəhərini bombalayaraq atəşkəsi vəhşicəsinə pozub.

 

Bizim bütün məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar

- Cənab Prezident, kompromislər barədə danışmalı olsaq, hər halda, Siz hansı kompromislərə hazır olardınız? Elə bir hədd varmı ki, Siz heç bir halda həmin həddən artıq geri çəkilməzsiniz?

- Bizim mövqeyimiz həmişə çox konstruktiv, ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Bizim mövqeyimiz həmişə praqmatik yanaşmaya əsaslanıb. Düşünürəm ki, danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir. “Qırmızı xətlərə” gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək. Lakin, eyni zamanda, bizim təklifimiz buna əsaslanırdı ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamalıdır. Yeri gəlmişkən, Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən çoxminlik erməni icmasının mövcud olduğu Bakıda, Rusiyada, Gürcüstanda, digər ölkələrdə ermənilərlə azərbaycanlılar bəzən bir kənddə yaşayır və işləyir, onların arasında heç bir ziddiyyət yaranmır. Buna bizdə nə üçün nail olmaq mümkün deyil? Biz bu əzmdəyik. Lakin əlbəttə, etnik təmizləmələrin nəticələri aradan qaldırılmalıdır və bizim bütün məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Prinsip etibarilə mən sizə mümkün kompromislərə bizim yanaşmamızı baza prinsiplərindən bir qədər geniş açıqladım.

 

Türkiyənin “A Haber” televiziya kanalına müsahibə. 16 oktyabr 2020-ci il.

Şuşasız bizim işimiz yarımçıq olar

- Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah?

- İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi.

Bilirsiniz, bundan əvvəlki dövrdə danışıqlar masasında bir çox məsələlər var idi. Bəzi təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan bu beş rayonu alsın, bununla kifayətlənsin. Qalanlar da qalsın, yəni, hər şeyi siz almaq istəyirsiniz, belə şey olmur, kompromis olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm. Beş rayonu alıb qalan rayonları sonraya, qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Ona görə müxtəlif mərhələlərdə vasitəçilər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdilər ki, nə üçün İlham Əliyev buna razılaşmır. Axı, ona deyirik ki, indi beş rayon, halbuki Ermənistan indi görünür o beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər olub. Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq?

- Yaxındamı, cənab Prezident?

- Onu, yəni, yaxın gələcək göstərər.

 

Atamın vəsiyyəti: öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etmək

- İnşallah. Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz?

- Bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.

Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.

Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik - siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq...

 

Bu erməni faşizmidir

- Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu?

- Ən çox kədərləndirən bizim itkilərimizdir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür, istər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı bizim soydaşlarımızdır, bizim övladlarımızdır, qardaşlarımızdır.

Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir. Niyə sən bu mülki şəhəri atəşə tutursan? Bax, o dəfn mərasimi olsun. Bu gün səhər iki saat ərzində 200-dən çox mərmi atıldı. Niyə? Tərtərdə nə var? İnsanlar yaşayır. Yəni, bu erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi köçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.

 

O, Türkiyəni böyük zirvələrə qaldırdı

- Cənab Prezident, mən də son olaraq Rəcəb Tayyib Ərdoğanı necə tərif edəcəyinizi soruşmaq istərdim.

- Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan kimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik.

***

Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə. 19 oktyabr 2020-ci il.

Azərbaycanın nizami ordusunda 100 min döyüşçümüz var

- Cənab Prezident, sirr deyil ki, Rusiya Yaxın Şərqdən, xüsusən Suriya və Liviyadan münaqişə zonasına silahlılar gətirilməsi barədə xəbərlərə görə narahatlığını bildirib. Siz bunu necə şərh edərdiniz?

- Mən bu barədə dəfələrlə açıq demişəm ki, bu cür narahatlıqlar əsassızdır. İndiyə qədər bizə heç bir tərəf heç bir fakt təqdim etməyib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və biz xahiş etdik ki, bizim hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin. İndiyə qədər bizə sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Nə Prezident kimi mənə, nə bizim xüsusi xidmətlərin rəhbərlərinə, nə də Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Yaxşı, əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün bizə faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edirlər. Bilirsiniz, indi nə istəsən yazmaq olar. Ona görə biz bu yanaşmanı əsla qəbul etmirik və bəyənmirik. Bu, birincisi.

İkincisi, mən artıq demişəm ki, Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən bu rəqəmləri göstərmişəm. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm, özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar bizim əsgərlər və zabitlərdir. Bizim ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçümüz var. Biz hətta səfərbərlik elan etməmişik – nə üçün? Bizə lazım deyil. Biz qismən səfərbərlik elan etdik, neçə nəfər cəlb etməyimiz barədə rəqəmlər göstərmək istəmirəm. Lakin onlardan əsasən azad edilmiş ərazilərin monitorinqinin və həmin ərazilərə nəzarətin təmin olunması üçün istifadə edirik. Biz ehtiyatda olanları döyüşə buraxmırıq, hazırda onlar bizim azad etdiyimiz ərazilərdə yerləşirlər ki, erməni tərəfin təxribat cəhdlərinin qarşısını alsınlar. Buna görə faktlar yoxdur, zərurət yoxdur. Yalnız qeybətlər, şayiələr var. Açıq deyim, mən təəssüflənirəm ki, belə söz-söhbətlər yayılır, bununla da Azərbaycana qara yaxmağa cəhd göstərilir. Eyni zamanda, erməni tərəfin alçaldılmış vəziyyətdə olması bizə aydındır. Onlar bütün bu illər ərzində qürrələnir, özlərinin “məğlubedilməz ordusu” ilə lovğalanırdı. Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar. Belə halda onlar, əlbəttə, güman etmək və ya təsəvvür etmək istəyirlər ki, bunu edən Azərbaycan Ordusu deyil, hansısa terrorçular və ya hansısa ölkələrdir. Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkən, bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Biz Rusiya tərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman edirik. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmağımız çətindir. Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi. Ona görə ki, əgər Rusiya silahları qaçaqmalçılıq yolu ilə, necə deyərlər, kəş üsulu ilə nağd pulla ödənilir və daşınırsa, araşdırmaq lazımdır, bu, necə ola bilər? Bizim bu cür narahatlığımız var və bizim narahatlığımız faktlara əsaslanır. “Terrorçular” məsələsinə gəldikdə isə bunlar hamısı əsassız sözlərdir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993