Bu günləri çoxdan gözləyirdik

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olundu. Dünya birliyinin gözü qarşısında baş verən bu dəhşətli qırğın və işğala qarşı heç kəs öz münasibətini bildirib, erməni vandallarını çirkin əməllərindən çəkindirmədi. BMT-nin 4 qətnaməsi, AŞPA, Aİ, ATƏT-in münaqişə ilə bağlı qərar və tövsiyələrini qulaqardına vuran ermənilər getdikcə daha da quduzlaşaraq yeni torpaqlar işğal etmək arzusunda idilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi. Lakin düşmən ölkə bu xəbərdarlıqdan nəticə çıxarmaq əvəzinə yeni-yeni təxribatlara əl atırdı. Nəhayət, 27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Az bir zaman kəsiyində rəşadətli ordumuz düşmənin müqavimətini qıraraq işğal altındakı torpaqları azad etməyə başladı. Mənfur düşmənin xeyli sayda canlı qüvvə və hərbi texnikası məhv edildi. Ali Baş Komandanımızın rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyat nəticəsində Cəbrayıl şəhəri, rayonun 9 kəndi, o cümlədən Füzuli rayo­nunun bəzi kəndləri işğaldan azad olundu və strateji yüksəkliklər ələ keçirildi. İşğaldan azad edilmiş bütün ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, xalqımız sevinc içərisindədir.

Bu döyüşlər həm də sübut etdi ki, Azərbaycan xalqı Prezidentin yanındadır və bu birlik qələbənin təminatçısıdır. Torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsi gedir. Biz Füzuli və Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb onların təəssüratlarını öyrəndik.

Radə İBADOVA,  Cəbrayıl rayonundan məcburi köçkün:

- Azərbaycan Ordusunun son günlər düşmənlə mübarizədə əldə etdiyi əhəmiyyətli qələbələr, işğal altındakı xeyli ərazilərimizin düşmən tapdağından azad olunmasını ailəlikcə böyük ruh yüksəkliyi ilə izləyirik. Təbii ki, itkilərimiz də var. Amma bu müharibədir, Vətən varsa, uğrunda ölmək şərəfi də var.

Cəbrayıl rayonunun Çaxırlı kəndində yaşayırdıq. Özümüzə məxsus hər cür şəraitimiz, ev-eşiyimiz vardı... İşğaldan sonra çox əziyyətlər çəkdik. Bir neçə yerdə müvəqqəti məskunlaşdıq. Çox acınacaqlı günlər yaşadıq.  Amma düzünü deyim ki, bütün bu yaşadığımız çətin günlərə rəğmən mən ümidimi üzmürdüm. İnanırdım ki, gec-tez doğulub boya-başa çatdığım doğma kəndimə yenidən qayıdacağam.  Bunun üçün həmişə dualar edirdim.

Ali Baş Komandanın tapşırığını şərəflə yerinə yetirən müzəffər ordumuzun rəşadəti, bacarıqlı döyüş qabiliyyəti sayəsində bir çox strateji yüksəkliklərin ələ keçirilməsi və Cəbrayıl şəhərinin, bizim kəndimiz Çaxırlının və digər kəndlərimizin mənfur düşmənin işğalından azad edilməsi ölkəmizin başçısı cənab İlham Əliyevin qətiyyətinin nəticəsidir.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin işğalda olan ərazilərimizin azad olunması ilə bağlı verdiyi xəbəri bizim ailəmiz böyük sevinclə, qürurla izləyir. Cəbrayılın işğaldan azad olunmasını duyanda isə sevincimdən göz yaşlarımı saxlaya bilmədim. Bir də ona görə sevinirəm ki, artıq bundan sonra məcburi köçkün statusunu daşımayacağıq. Bunun özü böyük bir xoşbəxtlikdir.

Onu da qeyd edim ki, ölkəmizin başçısı cənab İlham Əliyevin dəfələrlə xəbərdarlığına baxmayaraq, mənfur qonşularımız atəşkəsi pozmaqdan, mülki vətəndaşlarımızı öldürməkdən, yaşayış məntəqələrimizi darmadağın etməkdən çəkinmədilər. Ordumuzun düşmənin ön xəttini bir neçə saata darmadağın etməsi isə göstərdi ki, işğalçıları torpaqlarımızdan təmizləməyin zamanı gəlib. Artıq heç bir qüvvə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun qətiyyətini qıra bilməz. Bir ana kimi bu müharibənin uğurlu nəticələri məni çox sevindirir, Prezidentimizin hər çıxışını diqqətlə izləyir, Onunla fəxr edirəm.  Allaha Onu qoruması üçün dualar edirəm.

Bütün dünya görür ki, Azərbaycan xalqı, vahid məqsəd, ümummilli hədəflər uğrunda mübarizədə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib, bu birlik sayəsində Azərbaycan Ordusu mənfur düşməni torpaqlarımızdan qovub çıxaracaq. Xalqımız və xüsusən də biz məcburi köçkünlər illərlə bu inamla yaşamışıq. Vətən naminə canını əsirgəməyən biz analar bu məqamda işğal olunmuş torpaqlarımızı mənfur düşməndən azad etmək üçün fəxrlə, qürurla oğullarımızı döyüşə göndəririk. Bu gün Ordumuzun arxasında duran xalqımız, uşaqdan böyüyə Vətənin bir əsgəridir. Bu gün güclü Azərbaycan Ordusu şanlı bir tarix yazır.  Bu elə bir sevincdir ki, insanın içi içinə sığmır. Bizim həsrətimizə son qoyulub.  Haqqımız olana qovuşmuşuq.

Amma kədərimiz də yox deyil. Çünki şəhidlərimiz də var. Vətənimizin işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin hər birini öz balam bilirəm, ürəyim sızlayır şəhid anası kimi. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa, güc, qüvvət arzulayıram.

Prezidentimizin dilindən Qarabağımızın tam işğaldan azad olunması xəbərini eşitməyi səbirsizliklə gözləyirəm. Qarabağ Azərbaycandır!

Mədəd KƏRİMOV, Füzuli rayonundan məcburi köçkün:

- Doğrusu, bu günü çoxdan gözləyirdim. Kəndimizin işğaldan azad olunduğunu eşidən də sevincdən göz yaşlarımı saxlaya bilmədim. Düz 27 il həsrətlə gözlədiyim an çatmışdı, şücaətli ordumuz düşmənə layiq olduğu cəzanı verir. Bu an ürəyimdən keçən əsas hiss Ali Baş Komandanımız İlham Əliyevə Allahdan uzun ömür və cansağlığı diləmək oldu. Axı, bu qələbə ilk növbədə Onun qələbəsidir. Həm də möhtərəm Prezidentimiz öz qətiyyəti ilə bizi daha da sevindirir. Belə ki, Ali Baş Komandan təcavüzkar dövlətə, şəxsən Paşinyana şərtlər qoydu: Azərbaycan xalqından üzr istəməli və qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmalıdır. Bu qürurverici qətiyyət nəticəsində inşallah yaxın günlərdə bütün ərazilərimiz işğaldan azad olunacaq, bayrağımız külli-Qarabağda dalğalanacaqdır.

Fəaliyyət MEHDİYEV, Füzuli rayo­nundan məcburi köçkün:

- Mən kəndimizin işğaldan azad olunduğunu televiziyadan, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatından eşitdim. Bu xəbər mənim 27 il ərzində eşitdiyim ən qiymətli xəbər oldu. Axı, bu xəbər məni uzun illər həsrətində olduğum, uşaqlıq illərimin şahidi olan doğma torpağıma qovuşdururdu. Bundan artıq sevinc nə ola bilər ki?!

Mənim bu daxili təlatümlərim içərisində ən qürurverici an isə möhtərəm Prezidentimiz İlham Əliyevin erməni quldurları və Ermənistan rəhbərliyinə barmaq silkələyərək “Sizi it kimi qovuruq, indi deyin görüm, Qarabağ kimindir? Axı, mən demişdim ki, Qarabağ Azərbaycandır!”

Bu qətiyyət həm də bütün Azərbaycan torpaqlarının tam azad olunacağına olan ən böyük inamdır. Mən də Ali Baş Komandanımıza cansağlığı, uzun ömür və daha böyük qələbələr arzulayıram.

Məhəmməd İSGƏNDƏROV, Cəbrayıl rayonundan məcburi köçkün:

- Hər birimizin ömründə yaddaqalan əlamətdar günlər olur. Mənim 61 yaşım var. Nəvələrimlə birlikdə Qaradağ rayonu, Müşfiqabad məcburi köçkün qəsəbəsində yaşayıram. Bu şad xəbəri – Cəbrayılın azad olunmasını eşidən də uşaq kimi sevindim; hələ belə sevindiyim olmamışdı. Bütün Azərbaycan xalqı kimi mən də bu günü çoxdan gözləyirdim. Axır ki, Ulu Öndərimiz Heydər Əliyevin yetirməsi, əsl siyasətçi, qətiyyətli lider İlham Əliyevin rəhbərliyi ilə arzumuza çatdıq. Onu da qeyd edim ki, möhtərəm Prezidentimiz boşboğaz Paşinyana çox öyüd verdi, düz yola çağırdı. Amma siyasətdən uzaq, öz xalqına və bütün dünyaya yalan söyləyən Ermənistan baş naziri yola gəlmədi, olacaqları anlamadı. Nəticə isə belədir: Azərbaycan əsgərləri onları iti qovan kimi qovur. İnanıram ki, tezliklə işğal altındakı digər torpaqlarımız da azad olunacaq, ay-ulduzlu bayrağımız Qarabağın hər yerində dalğalanacaqdır.

Hazırladılar:

İsa MUSAYEV,

Tahirə AĞAMİRZƏ

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993