QƏLƏBƏ ARZULAYIRIQ!

Azərbaycanda Vətən Müharibəsi gedir. Prezident İlham Əliyev oktyabrın 27-də ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan edib, komendant saatı təqbiq olunur. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı Azərbaycan dövlətinin və cəmiyyətinin bu gün əsas qayəsinin, müqəddəs amalının ifadəsidir.

“Vətən səsi” qəzeti redaksiyasının kollektivi də onlar üçün əziz olan iki gəncin qəhrəman ordumuzun tərkibinə daxil olmasının qürurunu yaşayır. Həmin gənclərdən biri qəzetimizin baş redaktorunun müavini, milli jurnalistikamızın təcrübəli nümayəndədi Nəsib Qaramanlının oğlu Elvin Məmmədli, digəri isə redaksiyada iki aya yaxındır çalışan Nicat Kərim oğlu Cəlilovdur.

Nicatın 34 yaşı var. Ağdam rayonunun Seyidli kəndində anadan olub, məcburi köçkün ailənin övladıdır. Atası Kərim kişi birinci Qarabağ müharibəsinin veteranıdır. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin müavini olub, şərəfli döyüş yolu keçib. Nicat özü isə istedadlı aktyor və rejissor kimi tanınır. İndiyədək həm filmlərə çəkilib, həm də özü film çəkib. “Vətən səsi”ndə çalışdığı müddətdə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin gerçəkləşdirdiyi “Əsgərə salam” və “Öncə vətən” hərbi-vətənpərvərlik layihələrində foto-video çəkilişləri aparmaqla yanaşı, həm də rejissor və montajçı kimi fəaliyyət göstərib. Onun hazırladığı videoçarxlar Dövlət Komitəsinin rəsmi sosial şəbəkə hesablarında paylaşılıb və çox böyük rəğbətlə qarşılanıb.

Vətənpərvər bir gənc kimi Nicat cənab Prezidentin çağırışına cavab olaraq hələ iyul ayında könüllü olaraq ordu sıralarına qoşulmaq üçün müraciət etmişdi. Sentyabrın 27-dən isə cəbhəyə can atır, səfərbərlikdən çağırış gözləyirdi. İstəyinə nail oldu: hazırda ön xəttə atasının rəşadətli döyüş yolunu davam etdirir.

Elvinin isə 25 yaşı var. Atası Nəsib müəllim Qərbi Azərbaycanın Qaraqoyunlu mahalından, anası Elza xanım əslən Cəbrayıldandır. Elvin Qarabağımızın düşməndən azad olunması üçün keçirilən əməliyyatlarda könüllü iştirak edir. O, 2013-2015-ci ildə həqiqi hərbi xidmətini Aprel döyüşlərinin qəhrəmanı, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun komandirlik etdiyi hərbi hissədə keçib, 2014-cu ilin avqustunda ermənilərin Ağdama növbəti hücumu zamanı döyüşlərdə iştirak edib. Dərin rəğbət bəslədiyi komandiri Raquf Orucovun şəhid olması Elvini də çox məyus edib və o, hələ dörd il öncə sevimli komandirinin qisasını almaq üçün döyüşmək istəyirdi. Hazırda Elvin arzusuna çatıb. Və inanırıq ki, şanlı ordumuzun düşmən üzərində tam qələbə çalacağı gün uzaqda deyil.

Hər iki cəsur gəncə Vətənin azadlığı uğrunda mübarizədə uğur arzulayır, onlardan qələbə sorağı gözəlyirik. Allah-təala bütün əsgər, gizir və zabitlərimizin üstündə yar olsun, onları hifz etsin! Nicat və Elvin də cəbhədən qalib əsgərlər kimi sağ-salamat qayıtsınlar, inşallah!

Qələbə bizimlədir, Qarabağ bizimdir!

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993