Mənim Cəbrayıl yaddaşım

Kəndlərimizin, şəhərlərimizin ard-arda qəsbkarlardan azad edilməsi doğulduğumuz, böyüdüyümüz müqəddəs məkanlarla bağlı xatirələrimizi təzədən oyatdı. Həm də bu dəfə tamam ayrı ovqatda! Bu dəfə xəyalımızdan keçən anların fonunda qəmli musiqilər çalınmır, qələbə müjdəli sevinc hayqırtıları səslənirdi.

Sosioloqlar etiraf etsin, hamımızın qələbə xəbərinə ehtiyacımız varmış! Ordumuzun ilk uğurlu əməliyyatlarından başlayaraq həm sosial şəbəkələrdə, həm də real həyatda insanlar arasındakı aqressiya, gərgin­lik aradan qalxdı, adi davranış qaydalarına alışmadığımız bir nəzakət hakim kəsildi.

Cəbrayılın alınması, şübhəsiz ki, böyük tarixi hadisədir. Cəbrayıl həm də azad olunan ilk şəhərimiz kimi tarixə düşdü. Bundan sonra bütün Azərbaycan vətəndaşları 4 oktyabr 2020-ci ili heç vaxt unutmayacaq. Dərsliklərdə təqvimin bu günü qırmızı rəngdə göstəriləcək...

Cəbrayılı ilk dəfə 29 il əvvəl, elatla bir yerdə köç gələn vaxt görmü­şəm. Laçına nisbətən balaca dağları, yamyaşıl bağları, üzüm sahələri, kəhrizləri, həyət-bacası qonağa gəl-gəl deyən kəndləri mənə sehrli aləm kimi görünmüşdü.

Məcburi köçkün taleyini yaşayan və yurdsuzluğun nə olduğunu bilən biri kimi deyim: vətənin hər qarışını sevmək lazımdır! Harda doğulmağımız önəmli deyil. Vətən vətəndir və onun ana qədər müqəddəs olduğuna uğrunda ölməyə hazır olan on minlərlə qardaşımız ləyaqətlə sübut etməkdədir.

Vətəni layiq olduğu qədər sevmək üçün onu mütləq tanımalıyıq. Tanımaq üçünsə maşınla səyahət etmək bəs eləmir. Özünü Gülhanə parkında zənn edən Nazim Hikmət necə deyirdi? Milyon əllə toxumuram sənə - İstanbula! İnanın, burda heç bir mübaliğə yoxdur. Söhbət vətəni bütün hüceyrələrinlə hiss etmək, varlığınla ona toxuna bilmək imkanından gedir. Biz maşından düşüb haranısa piyada gəziriksə, dayanıb uzun-uzadı hansısa mənzərəyə baxırıqsa, qollarımızı geniş açıb təmiz havasını sinə dolusu ciyərlərimizə çəkiriksə, ora milyon yox milyard əllə toxunmuş oluruq. Hələ bunun içdən ah çəkib nəsə züm-zümə eləməyi, sevgi dolu bir misra pıçıldamağı var...

Vətən amansız şeydir!

Yaş qırxın zirvəsindən ahıllığa doğru yuvarlandıqca bu hikməti daha dərindən anlayırsan. Min illər əvvəl kiminsə bağrından qopmuş “Ölməyə vətən yaxşı” misrasının bihudə deyilmədiyinin hal şahidi olursan.

Mən yaşlı adamların gözündə yurdunda ölə bilməmək qorxusunu dəfələrlə sezmişəm və içim darmadağın olub!

Cəbrayılı görməyimi həyatımın şanslarından biri hesab edirəm.

Qubadlıdan Füzuliyəcən rayon torpağını başabaş keçmişəm. Yanımdakı qohumlardan biri ağacını dağların arasında cilvələnən xudmani bir şəhərə uzadıb, bax Cəbrayıl oradı söyləyib. 29 il əvvəl gördüyüm bu mənzərə yaddaşımda daha çox uca, yaşıl ağaclarla qalıb. Kim bilir, bəlkə elə biz dayandığınız yerdən rayon mərkəzindəki o məşhur çinarmış görünən...

Onda hər yanda müharibə ab-havası duyulsa da torpaqlarımızın işğal olunacağı heç kimin ağlına gəlmirdi. Yaxınlarda bizi Azərbaycanın müstəqillik aktının qəbul olunması gözləyirdi. Dərhal sonra cəzalanacaqdıq: Qarakənddə siyasi elitamızın ən layiqli oğulları vurulacaqdı və mən həmin vertolyota açılan atəş səslərini Ağcabədinin Boyat kəndi yaxınlığında eşidəcəkdim. Bəlkə də çoban kimi çöllərdə qaldığıma görə bu səs gələcəkdi qulaqlarıma. Sonralar düşünəcəkdim: təkcə vətəni deyil, bütün dünyanı çobanlar və dərvişlər qədər yaxşı tanıyan yoxdur. Çünki hər ikisi gəzərgidir.

Təsadüfi deyil ki, qədim zamanlarda ən yüksək sayılan ziyarət piyada gedilən ziyarət idi. Bunun savabı ilə yanaşı dünyanı tanımaq, ayaq qoyduğun yerləri yaxından hiss eləmək üstünlüyü də vardı.

Tale 7-8 ay sonra yolumu bir də Cəbrayıldan saldı. Bu dəfə üzü Arana gəldiyim yolu atamla birlikdə geri qayıdırdım. Çünki Laçın işğal olunurdu və qohumları köç yolunda qarşılamalı idik. Biz həmin gün axtardığımız adamları tapa bilmədik, əvəzində Laçının işğalı xəbərini eşitdik. İnanılmaz hüzn və narahatlıq içində Dağtumas kəndinə gəldik və təsadüfən rastımıza çıxan qapıdan bir gecəlik yer istədik. Bizi mehribanlıqla qarşılayıb qonaq saxladılar...

Bir il sonra isə Cəbrayıl özü yağı düşmənin caynağına keçdi. Daha rahat coğrafiyada yerləşməsinə baxmayaraq dinc əhalinin rayondan çıxışı çox ağır oldu. Adamların xeyli hissəsi Araz çayını keçib İran ərazisinə pənah apardı...

Bütün baş verənlər Cəbrayılın o dağlar arasında xəfifcə boylanan yaşıl mənzərəsini xəyalımdan silə bilmədi. Əksinə, daha da qalıcı qıldı. Hər il xatirəmdəki o ağacı yaşıl rənglədim, evlərin divarındakı naxışları təzələdim. Axı o mənzərəni bir daha görməyəcəkdim...

Sonralar Cəbrayıldan çoxlu dostlarım oldu. Böyük yazıçımız Sabir Əhmədlidən tutmuş gənc rejissorumuz Fehruz Şamıyevə qədər sənət cameəsində olan bütün cəbrayıllıların xasiyyətindəki ən gözəl cəhətləri rəngə çevirib xəyalımdakı o mənzərənin yanına qoydum.

Qəribədir, Cəbrayılın alınma xəbərini oxuyanda bu dostlarımın heç birinə təbrik yazmadım. İçimdən gəlmədi. Bəlkə bizim rayon alınmayıb deyə qısqanırdım? Bu haqda da düşündüm. Lakin elə deyildi. Cəbrayılın alınmasına mən də onlar qədər sevinirdim və içimdən təkcə orada doğulan dostları deyil, başda Ali baş komandan olmaqla bütün Azərbaycanı təbrik etmək istəyi keçirdi.

Ən doğrusu da bu idi!

Cəbrayılla, Suqovuşanla başlanan zəfər yürüşümüz davam edir. Bu yürüş doğma torpaqlarımızın hamısını işğalçılardan azad etdiyimiz günəcən davam edəcək. Bunun üçün gücümüz də var, qətiyyətimiz də.

Və Cəbrayılın azad edilməsi ilə yeni epoxa qədəm qoyuruq. Bu, Qalib Azərbaycanda yaşayacağımız tarixi dövrdür.

Belə bir fürsəti bizə nəsib etdiyi üçün Allaha min şükürlər olsun!

Məncə, indən belə vətənimizi daha çox sevəcək, ona nəinki milyon əllə toxunmağı, həm də milyon qolla sarılmağı öyrənəcəyik.

Şərif Ağayar

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993