Prezident İlham Əliyev: “Azərbaycan hər zaman əlaqələrin inkişafını dəstəkləyib”

Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın Azərbaycandakı yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkənin kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrilib.  Anadolu və İHA agentlikləri, TRT HABER, CNN TÜRK, A HABER, TGRT HABER televiziya kanalları, “Milliyet”, “Hürriyet”, “Sözcu”, “Takvim”, “Star” və digər qəzetlər “Azərbaycan Prezidenti Əliyevdən Türkiyəyə dəstək”, “Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi: tərəddüdsüz dəstəkləyirik!”, “Prezident Əliyev yunan səfirin üzünə söylədi: Aralıq dənizində Türkiyəni tərəddüdsüz dəstəkləyirik”, “Nazir Çavuşoğludan Azərbaycan Prezidenti Əliyevə Şərqi Aralıq dənizi ilə bağlı təşəkkür”, “Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi”, “Azərbaycan Prezidenti İlham Əliyevdən Şərqi Aralıq dənizi mesajı: Türkiyəni tərəddüdsüz dəstəkləyirik” və digər sərlövhəli xəbərlərlə türkdilli oxucuları mövzu ilə bağlı məlumatlandırıblar.

Türkiyə bizim üçün qardaş ölkədir

AZƏRTAC-ın bu barədə yaydığı məlumata görə, “Ermənistan ilə hərbi əməkdaşlıq Azərbaycana qarşı ciddi təhdiddir”, “Bütün hallarda Türkiyəni dəstəkləyirik” kimi alt başlıqların yer aldığı materiallarda Prezident İlham Əliyevin aşağıdakı fikirləri diqqətə çatdırılır: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

TRT HABER, A HABER və digər televiziya kanalları xəbər buraxılışlarında mövzu ilə bağlı xüsusi reportajlar yayıblar. Bu reportajlarda tarixi köklərə bağlanan Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışılıb, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini tərənnüm edən, eləcə də iki ölkənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrlə bağlı mərasimlərə dair kadrlar nümayiş olunub.

Qeyd edək ki, Türkiyənin yüksək səviyyəli rəsmiləri dövlətimizin başçısına bu dəstəyə görə minnətdarlıq ediblər.

Xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsindəki paylaşımında deyir: “Çox təşəkkür edirəm cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq”.

Nazir, həmçinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını qeyd edərək dövlət bayraqlarımızın qoşa təsvirini paylaşıb.

Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın isə “Twitter” səhifəsində “Bir millət, iki dövlət, bütün dünyaya örnək” paylaşımını edib.

Xatırladaq ki, Prezident İlham Əliyev yunanıstanlı səfiri qəbul edərkən ölkələrimiz arasındakı əlaqələrin mövcud vəziyyəti barədə fikitlərini diplomatik dillə deyil, birbaşa açıq şəkildə çatdırıb. Hazırda faktiki olaraq aktiv təmasların, nümayəndə heyətlərinin mübadiləsinin olmadığını diqqətə çatdıran dövlətimizin başçısı əməkdaşlığa mənfi təsir göstərən məsələlər barədə ətraflı danışıb.

“DESFA” ilə bağlı məsələ

Prezident İlham Əliyev belə məsələlərdən birinin Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədar olduğunu vurğulayaraq deyib: “...Bizim enerji şirkətimiz SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında “DESFA”nı almaq üçün tenderə qoşuldu. SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıs-tanın sabiq Baş Naziri cənab Samaras şəxsən məndən xahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu, təxminən 6 il bundan əvvəl olub. Həmin vaxt, əlbəttə ki, biz Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi, sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz qiymətin 10 faizini təşkil edən 40 milyon avro məbləğində avans ödənişi etdik və 4 il ərzində - 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar olsun ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi. Mən təkrar etmək istərdim ki, bu legitim hüququ biz ilkin olaraq Yunanıstanın Baş Nazirinin təklifi əsasında, açıq və rəqabətli tender proseduru zamanı əldə etdik. Lakin siyasi səbəblərdən, Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən bu legitim hüquqdan məhrum olduq. Sözsüz ki, bu, bizim artıq aşağı səviyyədə olan əlaqələrimizə ciddi təsir etdi. Lakin ondan sonra, açığını desək, biz qərara gəldik ki, əgər Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşün-məliyik. Bizim cavabımız faktiki olaraq heç nə etməmək idi. Biz heç bir demarş etmədik. Biz heç bir diplomatik addım atmadıq. Biz, sadəcə olaraq, dedik yaxşı, əgər onlar bizi istəmirlərsə, əgər başqa şirkətlərin “DESFA”nın səhm­darları olmasına üstünlük verirlərsə, bu, onların hüququdur, biz bununla bağlı heç nə edə bilmərik. Lakin sizə deyə bilərəm ki, mən bu məsələni bir neçə dəfə Brüsseldə Avropa İttifaqının iki sabiq lideri ilə - cənab Barrozu və cənab Tuskla qaldırdım. Mən bu məsələni qaldırdım, çünki bu, 4 il davam etdi. Mən dedim ki, baxın, biz etimaddan danışırıq, biz Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa İttifaqının fəal şəkildə təbliğ etdiyi yeni saziş barədə danışırıq. Biz etimadı necə gücləndirə bilərik, əgər bizim şirkətimiz tenderdə qalib gələrək Avropa İttifaqına üzv ölkənin, Yunanıstanın şirkətini satın alır, sonra Yunanıstan hökuməti addımlar atır. Bu addım sizin parlamentdə yeni qanunun qəbulu sayəsində atıldı. Bu da həmin məsələni mümkünsüz etdi və sonra Avropa Komissiyası da 4 il ərzində bu sövdələşməni təsdiq etmədi. Mən dedim, bizə “yox” deyin, bizə “sizi istəmirik” deyin. Lakin bizi 4 il müddətində bu vəziyyətdə saxlamaq tərəfdaşlıq əlaməti deyil.

Beləliklə, bu, çox məyusedici məsələ idi və əlbəttə ki, düşünürəm, bizim əlaqələrimizə ciddi təsir etdi. Lakin yenə də deyirəm, bu, Azərbaycanın təşəbbüsü deyildi. Azərbaycan hər zaman əlaqələrin inkişafını dəstəkləyib. Yeri gəlmişkən, siz sözsüz ki, bilirsiniz, TAP Azərbaycan qazının nəqli üçün yeganə variant deyildi. Azərbaycan qazının Türkiyə ərazisinə çatandan sonra nəql olunması üçün bir neçə variant var idi. Fərqli istiqamətdə ola bilərdi. Lakin TAP-ın seçilməsi həm də investorlar, xarici neft şirkətləri və Azərbaycan tərəfindən verilmiş qərar idi. Başqa sözlə, biz öz tərəfimizdən Yunanıstana müsbət jest etdik. Lakin əvvəlki hökumət hakimiyyətə gələndən sonra, mən bunu xüsusilə vurğulamaq istəyirəm, çünki keçmiş Siriza hökuməti hakimiyyətə gəlməmişdən əvvəl bizim əvvəlki Yunanıstan hökumətləri ilə çox yaxşı münasibətlərimiz olub”.

Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur

Prezident İlham Əliyev Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı Azərbaycanın narahatlığını da yunanıstanlı səfirə açıq şəkildə bildirib. Dövlətimizin başçısı deyib: “Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Yeri gəlmişkən, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir.

Başqa sözlə, Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermə-nistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.

Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”.

Prezident İlham Əliyevin toxunduğu üçüncü sonuncu məsələ isə Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlik olub.

Dövlətimizin başçısı Yunanıstanla ölkəmiz arasında toxunulası bir müsbət məsələ tapa bilməməsini də təəssüf hissi ilə qeyd edib. Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökumətinin əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcəyinə ümid etdiyini deyib. Məhz bundan sonra təmasları bərpa etməyin, müsbət dinamika yaradan məsələlər barədə danışmağın mümkünlüyünü bildirib.

Səfir Nikolaos Piperiqkos Yunanıstan-Azərbaycan münasibətlərinin vəziyyəti ilə bağlı açıqlamalarına görə Prezident İlham Əliyevə təşəkkür edib. Dövlətimizin başçısının dediklərini çox diqqətlə dinlədiyini və bunları öz hökumətinə çatdıracağanı bildirib. Səfir ölkəsinin həmişə beynəlxalq hüquqa tamamilə riayət edərək Azərbaycanla münasibətlərə zərər vurmamağa diqqət yetirdiyini vurğulayıb, eyni zamanda, ölkəmizdən də mümkün olduğu qədər bunun qarşılığını görmək istədiklərini deyib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993