Demoqrafik tərkibin məqsədyönlü şəkildə dəyişdirilməsinə cəhdlər göstərilir

Dünya Azərbaycanlıları Assambleyası (DAA) Livandan erməni ailələrinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına köçürülməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozmaqda davam edir və ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması üçün hər fürsətdən yararlanır. Ermənistan rəhbərliyi bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün fürsət kimi qiymətləndirib. Beləliklə, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejimin lideri Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib. Ermənistanın ictimai radiosunun yaydığı xəbərə görə, artıq Livandakı bir neçə erməni ailəsi bölgədə yerləşdirilib.

Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da əksini tapıb. Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması Ermənistanın “repatriasiya” və “humanitar yardım” adı altında yürütdüyü ilhaq siyasətinin bir hissəsidir. Məskunlaşdırma siyasətinin aparılması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın bu məsuliyyətsiz davranışını qınamağa, bu ölkə rəhbərliyindən dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət göstərərək, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrini icra etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq üçün xoşniyyətli danışıq­lar aparmasını tələb etməyə çağırır. Azərbaycan münaqişənin bu çərçivədən kənar heç bir siyasi həll yolunu qəbul etmir və məhz bu anlayışa əsas­lanaraq nizamlama prosesində iştirak edir.

Livan hadisələri, eyni zamanda, bu yaxınlarda Nikol Paşinyanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi, orada döyüş postlarını gəzib bəyanatlar verməsi bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti heç bir sülh danışıqlarına hazır deyil. İşğalçı ölkənin hakimiyyəti yalnız təxribatyönümlü əməllərə maraqlıdır. Azərbaycan beynəlxalq qanunlara əsaslanaraq cavab verməli olarsa, o zaman birbaşa məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşəcək.

Beynəlxalq ictimaiyyətin Ermənistanı Azərbaycana qarşı təcavüz əməllərinə görə qınaması son dərəcə vacibdir. Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar və işğal siyasətini qətiyyətlə pisləməyincə, bu ölkənin təhlükəli qanunsuz hərəkətlərinə qarşı sərt tədbirlər görməyincə, bütün bölgə davamlı olaraq dağıdıcı silahlı qarşıdurmalara sürüklənmə riski ilə qarşılaşacaq”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993