Qubadlının işğalı ilə bağlı videoçarx hazırlanıb

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistanın işğalına məruz qalıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Öncə Vətən!" hərbi-vətənpərvərlik sosial layihəsi çərçivəsində, Qubadlının işğalının 27-ci ildönümü ilə əlaqədar videoçarx hazırlanıb.

Videoçarxda məcburi köçkünlər - Qarabağ qazisi Mahir Abbasov və Qubadlı ərazi özünümüdafiə batalyonunun komandiri Dağbəyi Məhyəddinov qubadlıların döyüş ruhu, təcavüzkarlara qarşı mübarizəsi və işğala şərait yaradan amillər barədə fikirlərini bildirir, qüdrətli ordumuzun doğma torpaqlarımızı düşməndən azad edəcəyinə əminliklərini ifadə edirlər.

 Xatırladaq ki, Dövlət Komitəsi “Öncə Vətən!” sosial layihəsinə avqustun 10-da start verib. Layihə çərçivəsində respublikanın müxtəlif bölgələrində məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində ağsaqqallar, ziyalılar, ictimai fəallar, şəhid ailələrinin üzvləri, keçmiş döyüşçülər və gənclərin iştirakı ilə keçirilən görüşlər əsasında 100-dən çox videoçarx hazırlanıb.

Məcburi köçkünlər ölkədəki ictimai-siyasi vəziyyətə, dövlətimizin başçısının daxili və xarici siyasətinə dair fikirlərini bölüşüb, Ali Baş Komandana və rəşadətli ordumuza dəstək, şəhid olan hərbçilərimizə rəğbət və ehtiram ifadə ediblər. 

Onlar Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini, ölkəmizin gücünün və nüfuzunun daha da möhkəmlənməsi naminə ölkə başçısının ətrafında sıx birləşdiklərini bildiriblər.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993