Məcburi köçkünün videomüraciəti araşdırılıb

Ağdam rayonundan məcburi köçkün Səfayə Paşayevanın mənzil şəraiti ilə bağlı müxtəlif internet resurslarındakı şikayəti Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində araşdırılıb. Məlum olub ki, şikayətçi müəllimin iddiaları əsassızdır, hətta yaşayış yeri barədə məlumatı yanlış təqdim edir. Bununla belə, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində, mərhələli qaydada Səfaya Paşayeva da yeni müvəqqəti yaşayış sahəsinə köçürülə bilər. Lakin bu, daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni yaşayış sahələrində yerləşdirilməsindən sonra mümkün olacaq.

Komitənin Hüquq sektorunun müdiri Ziya Məmmədov bununla bağlı “Real” TV-yə açıqlama verərkən deyib: “Əvvəla, qeyd etməliyəm ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı və diqqət göstərirlər. Bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkə rəhbərinin tapşırıqları əsasında, Dövlət Komitəsində son iki il ərzində xüsusi islahatlar aparılıb, bütün sahələrdə şəffaflıq yaradılıb, məcburi köçkünlərin uçotu dəqiqləşdirilib, onların hər biri haqqında məlumatları əks etdirən vahid elektron baza yaradılıb. Dövlət Komitəsi, əlbəttə, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində tədbirlər görür və görməkdə də davam edəcək.

Paşayeva Səfayə Salman qızının da müraciəti araşdırılıb və müəyyən olunub ki, müraciətdə qeyd olunan bəzi məqamlar əsassızdır. Vətəndaş 2018-ci ildən etibarən mütəmadi şəkildə xarici ölkələrdə olub, uzun müddət başqa ölkələrdə yaşayıb. 2012-ci ildə kommunal qeydiyyatı Qaraçuxur qəsəbəsində yataqxanada olub, 2014-cü ildən etibarən isə Yeni Günəşli massivində yerləşən şəxsi mənzildə məskunlaşıb. Həmin mənzil onun qardaşına məxsusdur. Vətəndaş müraciətində Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə hərbiçilərin, polis əmakdaşların yaşadığını bildirir. Xatırladaq ki, ağır şəraitdə müvəqqəti məskunlaşan məcburi köçkünləri yeni yaşayış sahəsinə köçürərkən, onların hansı işdə və ya vəzifədə işləməsini deyil, məcburi köçkün olması – statusu əsas götürülür. Kürdəxanıdakı məhəllədə də yaşayanlar içərisində məcburi köçkün statusu olan polis işçiləri, hərbçilər də var.

Vurğulanacaq məqamlardan biri də mənzillərin guya alqı-satqısının aparılması iddiasıdır. Bu, əsassız iddiadır, belə halın baş verməsi qeyri-mümkündür.

Əlavə olaraq qeyd olunmalıdır ki, Dövlət Komitəsində Yol xəritəsi hazırlanmışdır və ona uyğun olaraq Bakı və Sumqayıtda köçürülmə baş verir. Hazırda müraciət edən vətəndaş yataqxanada yaşamadığına görə, onun köçürülməsi mümkün deyil”.

Hazırladı:

Qəndab DÜNYAMALIYEVA

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993