Üzü qibləyə yox, Qarabağa sarı boylanan insan

Dünya bir pəncərədir,

Hər gələn baxar, gedər...

Hara gedər, atam balası, hara gedər? İnsan bu dünyanın əzəlliyini özündən, gözəlliyini gözündən keçirməmiş hara gedər?! İnsanın bu torpağın üstündə iməkləməyi, bu torpağa dirsəklənib ayağa qalxmağı, addımlamağı, zümrüd meşələri seyr etməyi, uca dağlara söykənib çölün-düzün təmiz havasını ciyərdolusu içərisinə çəkməyi var. İnsan oğlu bu dünyanı dərk etməmiş, bu dünyanın iç üzünə bələd olmamış, bu dünyanın astarını üzünə çevirməmiş hara gedər? Dünyanın vərdişi də, gərdişi də insanın içindən keçir-dünya elə insanın özüdür.

...İnsan öz ömrünü mənalı yaşayanda gözəl olur. Bunu mən bu günlərdə 65 yaşını qeyd etdiyimiz dostum-qardaşım, Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Prezident təqaüdçüsü Salman Alıoğlunun ömrünün görünən və yaşanan anlarının qısa xronikasına diqqət yetirəndə bir daha şahidi oldum. Şahidi oldum ki, əsl insan dünəni ilə fəxr etməli, bu gününü şərəflə yaşamalı, sabahını düşünməlidir...

...Salman müəllimin baxdığı bu pəncərənin şüşələri adi şüşə deyil və adi olmadığı üçün adi zərbələrdən də dağılan deyil. Ona görə ki, o, vicdanının gözü ilə bu pəncərədən baxır. O, pəncərənin şüşəsi haqdan, ədalətdən, insanlıqdan yapılmışdır. Adını unutduğum yaradıcı şəxslərdən birinin dediyi kimi haqqın, ədalətin, vicdanın yaşa dəxli yoxdur. Vicdan ölmür ki, haqq-ədalət korşalmır ki, insanlıq dəbdən düşmür ki...

Adətən hər hansı bir şəxs haqqında yazı hazırlanarkən onun tərcümeyi-halı barədə məlumat verilir. Mən də bu “klassik” metoddan istifadə edərək əsərimin qəhrəmanını oxucularımızla qısa da olsa tanış etmək istəyirəm. 

Babayev Salman Alı oğlu (Salman Alıoğıu) 1 sentyabr 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olub. Ağdam rayonu Əliağalı kənd orta məktəbini, sonra isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ağdam rayon «Lenin yolu» qəzetində ədəbi işçi vəzifəsində işləyib.

1990-cı ildə «Qarabağ» qəzetində publisistika şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin orqanı olan «Respublika» qəzetində jurnalist fəaliyyətini davam etdirib. 1996-cı ildə «Respublika» qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri təyin olunub və hazırda da həmin vəzifədə çalışır.

Salman müəllimin indiyə kimi üç mindən artıq məqaləsi 25 adda qəzet və jurnallarda dərc edilib. İndiyədək Qarabağ mövzusunda və müharibə faciələrinə həsr olunan ”Müharibə”, “Ayrılıq olmayaydı”, “Bura Vətəndir”, “Göz yaşı qurumur”, “Yeri görünən insan”, “ Gözü yolda qalan var” adlı 6 kitabı nəşr edilib. «Müharibə» kitabı 1995-ci ildə bu mövzuda yazılmış əsərlərin müsabiqəsində ikinci yerə layiq görülüb.

Yazıçı-publisist Salman Alıoğlunun yaradıcılığında  Qarabağın işğalı, qədim yurd yerlərindən didərgin düşən insanların taleyi, erməni faşizminin qəddarlığı, qarabağlıların üzləşdiyi haqsızlıq və 30 ilə yaxın Ermənistanın işğalı altında inildəyən torpaqların harayı geniş təsvir olunub. Bunu müəllifin stolumun üstündə olan “ Gözü yolda qalan var” (Bakı, “Maarif”- 2019) kitabında çap olunan publisistik məqalələrin sərlövhələrində də görmək mümkündür-“Qarabağın göz yaşları”, “Xocalı strateji hədəf kimi”, “Xocalı faciəsinə gedən yol”, “Qaradağlı faciəsi: unudulmayan kədər”, “Mənəvi və maddi dəyərlərin nisgilli ünvanı-Ağdam”, “Deportasiya, qaçqınlıq, məcburi köçkünlük”, “Füzuli-qələbəyə aparan yol”, “Laçın-qeyrət qalamız” və s.

Salman müəllim, doğru olaraq, vətənini qorumağı kişinin birinci vəzifəsi sayır. İnsan ləyaqətini, şərəfini və namusunu ifadə edən keyfiyyətlər içərisində Vətən sevgisi xüsusi yer tutur. Hər bir şəxs çalışmalıdır ki, həm özü, həm də övladı hansı peşəni seçməyindən, harada, hansı vəzifədə işləməyindən asılı olmayaraq, həm fiziki, həm də mənəvi cəhətdən vətənini qorumağa qadir olsun və onların qəlbində vətənpərvərlik dərin kök salsın.

Əlinə yox, dilinə güc verənlər, söz verib dilindən asılı qalanlar, çaxırı içib paxırı açanlar, hamını öz arşını ilə ölçənlər, dadandığı yerin dadını qaçıranlar, yuxa qulağı sulayanlar, bir budaqda oturub min budağı silkələyənlər Salman Alıoğlunun əsərlərinin gülüş hədəfidir. Onun əsərlərinin qəhrəmanları vətənpərvər, səxavətli, alicənab, rəhm­dil adamlardır. Bu qəhrəmanlar həyatdan əli üzülənlərin, ümidi havadan asılı qalanların, sabaha inamı öləziyən insanların qəlbində ümid toxumunu cücərdir, onların gələcəyə inamlarını ovxarlayır. 

Vətəninə, el-obasına qəlbən bağlı olan müəllifin əsərlərinin qəhrəmanlarında vətəndaşlıq hissi daha güclüdür. Bu qəhrəmanlar ana yurdun daş-kəsəyini, adi qanqal özəyini, tozunu-torpağını, hər saralmış yarpağını hər şeydən üstün tuturlar. Dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərə ehtiram Salman Alıoğlunun oxuculara aşıladığı, tövsiyə etdiyi yüksək hisslərdir.

Sevindirici haldır ki, Salman Alıoğlunun mövzu, məzmun, mündəricə, hadisələrə yanaşma tərzi ilə seçilən əsərlərində Qarabağ ruhu, Qarabağın ab-havası qırmızı xətt kimi özünü bariz şəkildə göstərir. Salman müəllimin yaradıcılığına hansı prizmadan yanaşırsan yanaş, fərq eləmir, tanıyanların və oxucularının gözləri qarşısında möhtəşəmliyi ilə seçilən bütöv bir kişi, kamil bir yazıçı ömrü canlanır.

Bu gün üzü qibləyə yox, hələlik əli çatmadığı, ünü yetmədiyi, bizdən kişilik uman Qarabağ dağlarına, işğal altında qalan yurd yerlərimizə sarı boylanan narahat qəlbli dostum Salman müəllimi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları diləyirəm.

Faiq ŞÜKÜRBƏYLİ,

filologiya üzrə fəlsəfə doktoru

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993