Qaraqoyunluya geri dönən köç

Çar Rusiyasının Cənubi Qafqaz siyasətində Azərbaycan həmişə ön sırada durub. Buradakı müstəqil xanlıqların ərazilərinin işğalından sonra İrandan və Türkiyədən köçürülüb gətirilən ermənilərin münbit torpaqlarda yerləşdirilməsi də həmin siyasətin tərkib hissələrindən olub. Daha çox İrəvan xanlığının ərazisində, xüsusilə İrəvan şəhərinin ətrafındakı torpaqlarda məskunlaşdırılan ermənilərin sayı müəyyən həddə çatdıqdan sonra həmin ərazidə və Naxçıvanın bir hissəsində «erməni vilayəti» yaradılması isə gələcəyə hesablanmış siyasət idi.

Çar Rusiyasında inqilab adı ilə baş verən kütləvi iğtişaşların miqyası genişləndikcə Cənubi Qafqazda da asayişin pozulması adi hala çevrilmişdi. 1896-cı və 1905-ci illərdəki siyasi proseslər indi Ermənistan adlandırılan Qərbi Azərbaycandan da yan keçməmişdi. Belə ki, Göyçədə, Zəngəzurda məskunlaşmış ermənilər, həmçinin tarixən Qazağın tərkibində olan Qaraqoyunlu bölgəsinə yaxınlıqda məskunlaşdırılmış ermənilərin törətdikləri terror aktları və digər anti-türk fəaliyyətləri tarixin yaddaşına həkk olunmuşdur. Yeri gəlmişkən iftixarla vurğulamağa dəyər ki, ermənilərin Karvansara (İcevan) və Dilican şəhərlərindən Qaraqoyunluya basqınlarının qarşısı soydaşlarımızın Darlıq, yaxud Çayqarışan adlandırdığı yerdə qətiyyətlə alınmışdır. M.S.Ordubadinin «Qanlı sənələr» əsərində göstərildiyi kimi, həmin döyüşdə Koxa Dövlətxanın başçılığı altında qaraqoyunlular, silahları az olsa da, coğrafi şəraitin üstünlüklərindən məharətlə istifadə edərək 300 nəfərdən çox ermənini məhv etmişlər. Düşmən 70 faizdən çox əsgərinin öldürülməsindən sonra geri qayıtmağa məcbur olmuşdur. 60-cı illərdə yaşayan qocaların dediklərinə görə bu hadisədən sonra ermənilər öz din rəhbərləri ilə Çaykəndə koxalığa gəlmiş və bir daha hücum etməyəcəkləri barədə iltizam vermişlər. Amma «erməninin nə şifahi sözünə, nə də yazılı kağızına inanmaq olmaz» müdrik kəlamı 1918-ci ildə öz təsdiqini yenidən tapmışdır. Belə ki, tarixdən məlum olduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Ermənistan daşnak hökuməti həm Azərbaycana, həm də Gürcüstana qarşı torpaq iddiası ilə müharibəyə başlamışdır. Zəngəzurda, Yuxarı Qarabağda, Azərbaycanın şimal rayonlarında, Bakıda kütləvi qırğınlar törədən ermənilərin əsas məqsədlərindən biri də Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistanla rəsmi sərhəddində yerləşən Qaraqoyunlu dərəsinin işğal olunması idi.

Bir daha iftixar hissi ilə vurğulamaq ulularımız qarşısında tarixi borcumuzdur ki, 1918-ci ilin yayından 1919-cu ilin yayınadək bir il bir neçə dəfə Qaraqoyunluya hücum edən ermənilər hər dəfə bölgənin koxası Mehralı Koxanın rəhbərliyi altında darmadağın edilmişlər. Lakin 1919-cu ildə döyüş sursatı tam tükənən qaraqoyunlular köməksiz qaldıqlarından Murğuz dağını aşaraq Tovuza, Qazaxa, Şəmkirə, bir sözlə, Gəncəbasar bölgəsinə pənah gətirməyə məcbur olmuşlar. Bir daha 60-cı illərin qocalarının söylədiklərinə istinad edərək vurğulayaq ki, həmin döyüşlərdə yüzlərlə erməni məhv edilmişdir. Döyüşlərdə xüsusi fərqlənən qaraqayalı Alaxançal İsgəndər, yanıqpəyəli Dəli Əmirxan, Qanlı Qurban, əmirxeyirli Göyüş, poladlı Məşədi Avdı, gölkəndli Arıq kişi sonralar «bolşevik» ermənilər tərəfindən təzyiqlərə məruz qalmışlar. Deyilənə görə, yanıqpəyəli Qurban Tapdıq oğlu müsavat əsgərləri ilə birlikdə kənddən 25 km aralıda yerləşən Abdulla dərəsindəki sərhəd məntəqəsində xidmət edib və bir döyüşdə 10 ermənini məhv etdiyinə görə ona Qanlı ləqəbi verilmişdir. Ötən əsrin 70-ci illərinin axırlarında dünyasını dəyişən Qanlı Qurbanın bu şücaəti ilə təkcə onun nəvələri deyil, bütün yanıqpəyəlilər fəxrlə danışırdılar və o, kənddə, həm əsil ağsaqqal, həm də igid nüfuzuna malik idi.

Tariximizin hünərlə dolu olan hər səhifəsinə həmişə ehtiramla yanaşmağa borc­lu olduğumuz kimi onun açılmamış qatlarını üzə çıxarıb soydaşlarımızla bölüşməyə borcluyuq. Belə olaylardan biri 1920-ci il avqustun axırlarında böyük mütəfəkkir, xalqımızın ictimai-siyasi həyatında, ədəbiyyatında müstəsna yeri olan Nəriman Nərimanovun Gəncədə qaçqınlarla görüşdür.

Məlum olduğu kimi, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti hərbi-siyasi təzyiqlərə tab gətirməyərək hakimiyyəti bolşeviklərə təslim etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilər tərəfindən doğma yurdlarından qovulan azərbaycanlıların harada və necə məskunlaşması barədə müəyyən məlumatlar toplanaraq sənədləşdirilmişdi. Məlumdur ki, Göyçə və Qaraqoyunlu camaatı əsasən Gəncəbasar zonasında məskunlaşmışdılar və onların durumu heç də yaxşı deyildi. Nəriman Nərimanov Gəncədə Sovet hakimiyyəti ilə bağlı iclas keçirərkən ona bu barədə məlumat verilmişdi. Professor Teymur Əhmədovun yazdığı kimi, N.Nərimanov əsil ziyalı və xalq tərəfdarı idi. Ona görə də o, Gəncədə həmin qaçqınların nümayəndələrini çağırtdıraraq onlarla görüşmüş və vəziyyətin düzələcəyini, qaçqınların tezliklə doğma yurdlarına qayıdacağını vəd etmişdi. Tanınmış ermənişünas alim, dövlət mükafatı laureatı, mərhum İsrafil Məmmədovun «Erməni məsələsi» əsərində qeyd etdiyi kimi, 1920-ci ilin sentyabrında artıq daşnak hökuməti son aylarını yaşayırdı. Belə də oldu. Bəllidir ki, 1920-ci il noyabrın 20-də Gədəbəydən Çəmbərəyə daxil olan bolşevik qoşunlarının bələdçiləri məhz qaraqoyunludan olan cavanlar idi. Hələ bolşevik dəstələri Çəmbərəyə daxil olmamışdan əvvəl qaraqoyunlulardan ibarət 30 nəfərlik kəşfiyyat dəstəsi ermənilərlə döyüşə girmiş və ermənilər silahlarını ataraq üzü Sevana tərəf qaçmış, bununla da daşnak hökumətinin əsas strateji bölgəsi təmizlənmişdi. Həm Çəmbərək, həm də Naxçıvan tərəfdən irəliləyən dəstələr noyabrın 29-da İrəvanı tutmuş və burada Sovet Sosialist Respublikasının yaranmasını elan etmişdi. Naxçıvandan hərəkət edən Abbasqulu bəy Şadlinskinin rəhbərlik etdiyi dəstələrdən birinin tam tərkibi azərbaycanlılardan ibarət idi. Məlumdur ki, həmin döyüşdən sonra Abbasqulu bəyin dəstəsinə fəxri «Qırmızı tabor» adı verilmişdir.

…Artıq o dövrdən 100 il keçmişdir və ermənilərin o dövrdən indiyədək hansı fəsadları törətdiyi indi təkcə özümüzə deyil, həm də beynəlxalq aləmə yaxşı məlumdur. Amma tarix bəzən təkrarlanır. Nə vaxtsa Ermənistan ərazisində yenidən Türk köhlənlərinin şahə qalxacağı gün də təkrarlanacaqdır. Bax, onda ermənilərin qaçmağa yeri olmayacaq! Yenə də diz çöküb aman diləyəcəklər. 

Nəsib QARAMANLI

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993