Prezident İlham Əliyev: “Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir”

“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik,” - Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən belə deyib.

Dövlət proqramları yerlərdən gələn müraciətlər əsasında tərtib edilir

Dövlətimizin başçısı Biləsuvar və Saatlı rayonlarında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində dövlət xətti ilə və dövlət vəsaiti hesabına çox işlərin görüldüyünü, bütün infrastruktur layihələrinin uğurla icra edildiyini bildirib. Ölkə rəhbəri deyib: “Bu layihələrin böyük hissəsi artıq icra edilib, başa çatıb. Bildiyiniz kimi, hazırda dördüncü regional inkişaf proqramı icra edilməkdədir və bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynamışdır. Bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib və ardıcıllıqla icra olunur. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq. O cümlədən Biləsuvar və Saatlı rayonlarında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıbdır. Qazlaşdırma təqribən 100 faizə yaxınlaşır və 100 faiz olmalıdır. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır”.

Dövlətimizin başçısı hər iki rayonda avtomobil yollarının çəkilişi, içməli su layihələrinin başa çatdığını qeyd edib. Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatların öz səmərəsini verdiyini qeyd edən Prezident İlham Əliyev yeddi ay ərzində kənd təsərrüfatında artım olduğunu diqqətə çatdırıb. Ölkə rəhbəri son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiyaların böyük inkişafa səbəb olduğunu vurğulayıb. “Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Həm fermerlər üçün daha da uyğun, çox şəffaf sistem yaradılıb, eyni zamanda, dövlət orqanları üçün də nəzarət mexanizmi təkmilləşib”, - deyən Prezident İlham Əliyev fermerlərə böyük həcmdə subsidiyalar verildiyini qeyd edib, bu subsidiyalara çox ciddi nəzarət olmasının vacibliyini və yerli icra orqanlarının bu sahədə çox böyük rolunun olduğunu bildirib.

Sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır

Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Dövlətimizin başçısı qeyd edib ki, iqtisadiyyatın öz dayanıqlılığını saxlamasına, möhkəmləndirməsinə nail olmaq üçün qeyri-neft sektoru inkişaf etməlidir: “Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir. Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyyətdir. Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız”.

Prezident İlham Əliyev bəzi rayonlarda sahibkarların incidilməsi, onların qarşısında süni əngəllərin törədilməsi, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunmasını təəssüf hissi ilə qeyd edib. Dövlətimizin başçısı deyib: “Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər”.

Köçkünlərə xüsusi diqqət göstərilməlidir

Ölkə rəhbəri Biləsuvar və Saatlı rayonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş köçkünlər yaşadığını, onlar üçün şərait yaradıldığını diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: “Mənim yadımdadır ki, Prezident kimi ilk açdığım köçkün qəsəbəsi Biləsuvar rayonunda olmuşdur və siz də köçkünlərə xüsusi diqqət göstərməlisiniz. Dövlət bu dəstəyi əsirgəmir və bildiyiniz kimi, köçkünlər üçün yeni evlər tikilir, şəhərciklər salınır. Təkcə bu il 7 min köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcəkdir. Eyni zamanda, köçkünlərə verilən müavinət də artırılır və növbəti dəfə keçən il 50 faiz artım olmuşdur”.

Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir

Həm yerli, həm xarici investorların rayonlara sərmayə qoymağa cəlb edilməsinin vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev onları maraqlandırmağı, onlara şərait yaratmağı tapşırıb. İnvestisiya olmadan heç bir bölgənin, heç bir rayonun inkişaf edə bilməyəcəyini vurğulayan ölkə rəhbəri deyib: “Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür - ilk növbədə, infrastruktur layihələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı təbii ki, sərmayə tələb edir. Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır - neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri. O ki qaldı, kənd təsərrüfatı layihələrinə, əlbəttə ki, çalışmaq lazımdır. Ancaq əsas ümidimiz yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar”.

Azərbaycanlı sahibkarların ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyduqlarını qeyd edən Prezident İlham Əliyev deyib: “Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur”.

Azərbaycanda biznes iqliminin ildən-ilə yaxşılaşdığını, “Doing Business” proqramı çərçivəsində tarixi nailiyyətlərin əldə edildiyini diqqətə çatdıran dövlətimizin başçısı Prezidentin və hökumətin sahibkarları bundan sonra da dəstəkləyəcəyini bildirib.

İndiki şəraitdə xarici ölkələrə böyük vəsait qoymağı düzgün hesab etmədiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Pandemiya başa çatsın, neft bazarlarında vəziyyət sabitləşsin, iqtisadi inkişaf öz tempini alsın, ondan sonra mən etiraz etmirəm, necə ki, bu günə qədər etiraz etməmişəm. Amma indiki şəraitdə hesab edirəm ki, bu, dözülməzdir və əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır”.

Bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacağına inamını ifadə edən Prezident İlham Əliyev yeni icra başçılarına sahibkarlara yaxşı şərait yaratmağı tapşırıb. Bunun özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracağını qeyd edən dövlətimizin başçısı deyib: “Buna da ehtiyac var. Çünki pandemiya ilə əlaqədar bəzi insanlar öz işlərini müvəqqəti olaraq itiriblər, ona görə dövlət onların yardımına gəldi, onlara əl tutdu, onlara əl uzatdı. Bildiyiniz kimi, işini itirmiş insanlar, o cümlədən qeyri-formal sahədə çalışan insanlar dövlət tərəfindən maddi cəhətdən dəstəklənir. Eyni zamanda, bu il rekord sayda ödənişli ictimai iş yerləri açılmaqdadır. Bu iş yerlərinin sayı 90 minə çatacaq və bu sahədə də şəffaflıq olmalıdır”.

Kasıb adamın puluna göz dikmək vicdansızlıqdır

Prezident İlham Əliyev son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməllərinin, demək olar ki, eyni xarakter daşıdığını, o cümlədən aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin də əməkhaqqının mənimsənilməsinin onlar üçün adi hala çevrildiyini qeyd edərək deyib: “Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır”.

İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Dövlətimizin başçısı vətəndaşlardan aldığı minlərlə məktubda bu addımların alqışlandığını bildirib. Son vaxtlar ictimai nəzarət mexanizminin daha da mütəşəkkil forma almasından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev deyib: “Mən bunu alqışlayıram. Siz də öz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə, bu məsələlər öz həllini tapacaq”.

Korrupsiya və rüşvətxorluq hallarının bütün ölkələrdə mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev dövlət və hökumətin bu məsələlərə hansı prizmadan yanaşmasını əsas məsələ kimi səciyyələndirərək deyib: “Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda, mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır. Mən deyə bilərəm ki, prezidentliyimin bütün dövründə yeni təyin edilmiş icra başçılarına öz tövsiyələrimi verirdim və bu tövsiyələr bizim ümumi yanaşmamızı əks etdirir. Son vaxtlar biz bunu ictimaiyyətə də təqdim edirik ki, ictimaiyyət də bilsin və sizin rəhbərlik edəcəyiniz rayon sakinləri də bilsinlər ki, mən sizə hansı tapşırıqları vermişəm və siz bu tapşırıqları necə yerinə yetirirsiniz. Ona görə sizin işinizə ən düzgün və ədalətli qiyməti xalq verəcəkdir. Əminəm ki, siz elə işləyəcəksiniz ki, xalq sizin işinizdən razı olsun”.

Qaydaların pozulmasının acı nəticələri hər kəs üçün dərs olmalıdır

Dövlətimizin başçısı yeni təyin etdiyi icra başçılarına öz davranışları ilə insanların hörmətini qazanmağı tapşıraraq deyib: “Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır”.

Prezident İlham Əliyev kadr siyasətində düzgün addımlar atılmasının vacibliyini qeyd edib. “Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır,” – deyən dövlətimizin başçısı kadr siyasətinin məhz bu prinsiplər əsasında qurulmasının vacibliyini vurğulayıb. Vətənə, dövlətə sədaqətin, peşəkarlığın, şəffaflığın, dürüstlüyün icra başçıları üçün əsas iş prinsipləri olduğunu bir daha xatırladan ölkə rəhbəri belə olan halda həm vətəndaşların onları dəstəkləyəcəyini, həm özünün onların işinə yüksək qiymət verəcəyəni bildirib, “əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz”, - deyə xəbərdarlıq edib.

Yeni təyin olunmuş icra başçıları onlara göstərilən yüksək diqqət və etimada görə dövlətimizin başçısına minnətdarlıq bildirib, bu etimadı doğruldacaqlarına söz veriblər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993