Biz ən uyğun və riskli olmayan təhsil barədə düşünməliyik

Pandemiya dövründə təhsillə bağlı ictimaiyyət ənənəvi və distant təhsilin hansının yaxşı olması barədə düşünür. Ancaq biz ən uyğun və riskli olmayan təhsil barədə düşünməliyik.

Bunu dünən COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.

E.Əmrullayev bildirib ki, ən səmərəli olan təkliflər əsas götürülməlidir. Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir.

Nazir bildirib ki, sentyabrın 15-dən ibtidai siniflər dərsə başlayacaqlar. Bu il ibtidai siniflərdə 650 min şagird təhsil alacaq. Yuxarı sinif şagirdləri isə həmin gündən onlayn tədrisə başlayacaqlar. O bildirib ki, zamanla bu siniflərdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa olunacaq. Oktyabrın 1-dən etibarən 5-9-cu siniflər, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur. İnternat məktəbləri oktyabrın 1-dək mərhələli şəkildə açılacaq.

Nazirin sözlərinə görə, məktəbəhazırlıq qruplarında 120 min şagird oktyabrın 1-dən dərslərə başlayacaq. Məktəbəhazırlıq qruplarında uşaqlar həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb olunacaq. O bildirib ki, məktəbəhazırlıq siniflərində şagird sayı nəzərə alınacaq.

Məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.

Uşaqlarını məktəbə göndərmək istəməyən valideynlərlə xüsusi razılaşma aparılacaq. Təhsil naziri deyib: “Valideyn məlumatlandırılacaq ki, minimum birinci yarım il ərzində şagird valideynin nəzarəti altında həm teledərslərə baxmalı, həm məktəbin təşkil etdiyi “virtual dərslər”də iştirak etməlidir. Şagird mütəmadi olaraq məktəbdə keçirilən seyrək cədvəllə də olsa, kiçik və böyük summativ qiymətləndirmələrdə gəlib iştirak etməlidir ki, onun birinci yarım il üzrə attestasiyası nəzərə alınsın. Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik”.

Pandemiya kəskinləşərsə məktəblərin bağlanması lokal xarakter daşıyacaq.

Nazir bildirib ki, sentyabrın 15-də ali təhsil alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesinin bu təhsil pilləsində distant formada davam etdiriləcək. Lakin 1-ci kurslar sentyabrın 15-dən qəbul olunduqları ali təhsil müəssisəsinə gələ biləcəklər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993