Adını doğruldan insan

Tarixin çağalıq dövründən “Kitabi Dədə Qorqud”a, “Kitabi Dədə Qorqud”dan çağdaş zamanımıza qədər yazılı və şifahi ədəbiyyatımızda, adət və ənənələrdə igidlərə, xalq qəhrəmanlarına ad verilməsi, onların bu adı doğrultmaları ilə bağlı çoxlu inanclar vardır. Müasir qloballaşma dövründə həmin ənənələr daha da aktuallaşmaqdadır. Valideyn övladına ad seçəndə dəfələrlə götür-qoy edir, ritualllar keçirir, ömrü boyu bu adın ləyaqətlə daşınmasına dualar səsləndirir. Görünür, 95 il əvvəl Zəngilan rayonunun səfalı Bartaz kəndində Süleymanovlar nəslinin müdrikləri öz oğullarına Bəxtiyar adını təsadüfdən seçməyiblər, övladlarının bəxtiyar yaşaması üçün dualarını əsirgəməyiblər. Və Bəxtiyar Süleymanov məhz bu mənada o müdriklərə dəfələrlə, min dəfələrlə rəhmət oxutdurub – şərəf və ləyaqət dolu fədakar əməyi, insanpərvərliyi, möhkəm əqidəsi və təmiz məsləki ilə!

Doğulub boya-başa çatdığı Bartaz kəndi ərazisinin genişliyinə, əhalisinin sayına, ələlxüsus füsunkar təbiətinə görə yalnız Zəngilan rayonunun deyil, bütövlükdə Zəngəzurun ən böyük kəndlərindən biri olub. İndi işğal altında qalan kənd Araz çayının sağ sahilində, zirvəsi 2270 metr dəniz səviyyəsindən yüksəklikdəki Mehri dağ silsiləsinin meşə və çəmənliklərlə zəngin ərazisində yerləşir. Bartaz kəndi bütün dövrlərdə əmək və siyasi fəallarının, zəhmətkeş insanlarının, ziyalılarının sayına görə də öndə olub. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, alman faşizminə qarşı müharibədə iştirak etmiş bartazlılardan 79 nəfərdən yalnız 24-ü sağ qalıb.

İstər əmək cəbhəsində, istər ziyalılar arasında, istərsə də dövlətə, vətənə, xalqa xidmətdə qabaqcıllardan söz düşəndə Bəxtiyar Süleymanlının adı ön sırada çəkilir.

Bəxtiyar İbrahim oğlu Süleymanlı 29 avqust 1925-ci ildə anadan olub. Gənclik illəri müharibə dövrünə təsadüf edən bütün həmyaşıdları kimi o da çətinliklərlə, məşəqqətlərlə üzləşib. Müharibədə iştirak edib. Qayıtdıqdan sonra da ömrü-günü mübarizələrdə keçib. O, həyatının ən mənalı dövrünü, əlbəttə, şərəf və ləyaqətlə çalışdığı təhlükəsizlik orqanlarındakı xidmət illəri hesab edir. Ötən əsrin 30-cu illərinin repressiyasından insanların yaddaşına ən təhlükəli güc strukturu kimi həkk olan DTK-da səlahiyyət və imkanlarından istifadə edərək kömək əlini uzatmaq, vətəninə, xalqına, elinə-obasına gərəkli olmaq istəyinə malik insanlar da az deyildi. Onlardan biri də məhz Bəxtiyar Süleymanlı idi. İşlədiyi rayonlarda, xidmət sahələrində nə qədər adamı şərdən, böhtandan qurtarıb, nə qədər ailəni əsassız ittihamlardan xilas edib Bəxtiyar müəllim?! Saysız-hesabsız yaxşılıqlar, təmənnasız xeyirxahlıqlar, imkansıza, çarəsizə əl tutmaq..., budur Bəxtiyar Süleymanovun təhlükəsizlik orqanlarında çoxillik səmərəli fəaliyyətinin anatomiyası! Doğulub boya-başa çatdığı doğma Zəngilanda böyük nüfuz, dərin hörmət və ehtiram sahibi olan bu insan, təhlükəsizlik orqanlarının nadir əməkdaşlarındandır ki, uzun müddət fəaliyyət göstərdiyi şəhərin fəxri vətəndaşı seçilib. Mingəçevir şəhəri qocaman çekistə ikinci doğma vətəni olduğu kimi, bu şəhərin nadir fəxri vətəndaşları sırasında da Bəxtiyar Süleymanov adı fəxrlə və böyük sevgi ilə səslənir.

 - Başqa cür ola da bilməzdi, - veteran ağsaqqal deyir. - Mən Heydər Əliyev məktəbi keçmişəm, onunla birgə çalışmışam, onun DTK-ya və Azərbaycana rəhbərliyi dövründə xidmətdə olmuşam, millətçiliyi, dövlətçiliyi ondan öyrənmişəm, böyük təcrübə qazanmışam. Mənim başqa cür olmağa haqqım yox idi. Heydər Əliyev vəzifə və səlahiyyətlərdən istifadə edərək Azərbaycanı qoruyurdu, inkişaf etdirirdi, azərbaycanlıları siyasi avantüralardan xilas edirdi, mən də verilən imkanlardan xidmət sahəmdə, ərazimdə olanlar naminə istifadə edirdim. Ancaq, boynuma alım ki, o vaxtı bu, heç də asan deyildi!     

Azərbaycan xüsusi xidmət orqanlarının DTK-dan DTX-ya qədər tarixinə az-çox bələd olan, bu strukturun kif basmış əlçatmaz arxivlərində qovluqların tozu ilə bərabər həm də şər, böhtan dolu ittihamnamələrdəki nifrəti, kini, qəzəbi, millətimə qarşı mərkəzin çirkin niyyətini udmuş birisi kimi bu canfəşanlığın nə ilə nəticələnə biləcəyi ehtimalını da oxucuların nəzərinə çatdırmaq istəyirəm.

Qürurla özünü təhlükəsizlik orqanlarında Heydər Əliyev məktəbinin davamçısı sayan Bəxtiyar müəllim uzun müddət bu strukturda çalışmaqla həm də milli kadrların formalaşması işinə töhfələr verib. Onun çox böyük həssaslıqla, diqqət və çiddiliklə, eyni zamanda böyük peşəkarlıqla seçdiyi gənclər həmişə xidmətdə fərqlənənlər sırasında olublar. Çünki, ilk növbədə, o özü yazılmamış qanuna uyğun olaraq namizədinin qayğısına qalırdı, seçdiyi kadrla xidmət illərində də əlaqəsini üzmürdü, ona ağıllı, müdrik məsləhətləri ilə kömək edirdi. Buna görə də həmişə kollektivdə dərin hörmət və ehtiram hissi ilə xatırlanıb və bu gün də xatırlanır. Elə bir tədbir, elə bir dost məclisi olmaz ki, Bəxtiyar müəllim orada bu və ya digər şəkildə iştirak etməsin. Yaşının ahıl çağlarında belə dövlət əhəmiyyətli tədbirlərdə, el şənliklərində, yığıncaqlarda yeri həmişə yuxarı başdadır. Çünki ağlı-kamalı, müdrikliyi, insanpərvərliyi ilə ürəklərdə özünə əbədi məhəbbət qazanıb.

Bəxtiyar Süleymanlı haqqında dövrü mətbuatda, kitab və almanaxlarda çox yazılıb, yazılır və yazılacaq. Ancaq ən maraqlısı Bəxtiyar Süleymanlının bir qələm sahibi kimi yazdıqlarıdır. Onun milli dövlətçiliyimizlə bağlı yazıları qəzet və jurnallarda işıq üzü görüb, kitabları nəşr olunub və sevilə-sevilə oxunur. Çünki sevimli insan sevilən mövzular və insanlar haqqında sevgi ilə yazıb. 

Bəxtiyar Süleymanlının 95 yaşda şux və gümrah, məğrur və nurani siması ilə bir insanın mənəvi zənginliyinə Tanrı sevgisinin ən böyük ifadəsidir. Onun ləyaqətli ömür yolu ən peşəkar qələm sahibinin belə yüksək coşqu ilə yazacağı bir yazının yükündən qatbaqat ağır və tutumludur, çoxşaxəli və obrazlıdır, nümunəvi və yaddaqalandır.

Bəxtiyar Süleymanov bir bəxtiyar insanın Tanrı payı olan həyatını yaşayır və 95 yaşın mübarək qədəmləri ilə onu sevənlərə sevinc dolu hisslər yaşadır!

Bəxtiyar müəllimin 95 illik ömür yoluna nəzər salanda bir sözü qürurla demək istəyirsən. 95 yaş onun üçün statistik rəqəm deyil, Vətənə, xalqa, millətə xidmət simvoludur.

Mahir Cavadlı,

şair-jurnalist, AYB və AJB üzvü

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993