Azərbaycan Respublikası COVİD-19 ilə mübarizədə qlobal həmrəyliyin tərəfdarıdır

Dövlət Komitəsinin əməkdaşının məqaləsi “The Caspian Times” xəbər portalında yayımlanıb

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı, gənc alim Mahir Dadaşovun bu yaxınlarda dünyada tanınmış “The Caspian Times” adlı beynəlxalq xəbər portalında Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi barədə təşəbbüsü­nün dəstəklənməsi və beynəlxalq ictimaiy­yət tərəfindən ölkəmizə olan böyük etimadla bağlı “Azərbaycan Respublikası COVİD-19 ilə mübarizədə qlobal həmrəyliyin tərəfdarıdır”  adlı ingilis dilində məqaləsi dərc edilmişdir.

Məqalədə BMT ilə geniş əlaqələr quran Azərbaycan Respublikası üçün bu əməkdaşlığın önəmi ilə bağlı geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, əməkdaşlığın səmərəli şəkildə həyata keçirilməsi üçün Azərbaycan Respublikası BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və effektiv əməkdaşlıq edir. Ölkəmiz onun seçkili orqanlarında, alt komitələrində, ixtisaslaşmış və digər qurumlarında kifayət qədər fəaldır. Azərbaycan sivil, demokratik və əməkdaşlığa üstünlük verən müstəqil dövlət kimi BMT çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirilən proqramların bəşəriyyətin rifahına xidmət etməsi naminə də fəallıq göstərir. Bu məsələdə ölkəmiz geosiyasi, siyasi və təhlükəsizlik aspektləri arasında uyğunluq yaradılmasına çalışır. Azərbaycan Respublikasının ən önəmli nailiyyətlərindən biri də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi idi. BMT ilə Azərbaycanın əməkdaşlığı 20 ildən artıqdır ki, yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bu, həm bu nüfuzlu beynəlxalq təşkilat üçün, həm də Azərbaycan üçün faydalıdır. Azərbaycan artıq dünyanın nüfuzlu təşkilatlarında öz yeri, rolu və müstəqil mövqeyi olan ölkə kimi qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu prosesin daha da sürətlənəcəyinə tam əminlik vardır.

Dünyada COVİD-19 pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülməsi və əməli addımların atılması ilə bağlı geniş məlumat verilmişdir. Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərməsi ilə bağlı araşdırma öz əksini tapmışdır. Bildiyimiz kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası ilk beynəlxalq təşkilat idi ki, COVİD-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirdi. Qoşul-mama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü.

Xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.

Məqalədə Mahir Dadaşov bildirmişdir ki, Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin koronavirusla mübarizə sahəsindəki ardıcıl, yorulmaz və məqsədyönlü fəaliyyətini, ölkə vətəndaşlarının mənafelərinə həsr edilmiş ümummilli siyasətini ürəkdən dəstəkləyir və müdafiə edir. Çətin və məsuliyyətli pandemiya dövründə respublikamızda xalqın demək olar ki, bütün təbəqələri arasında yaranmış birlik və həmrəylik Prezident İlham Əliyevin ardıcıl dövlət siyasətinin əsasında qazandığı uğurların möhtəşəm yekunudur. İnanırıq ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında koronavirusla mübarizə dövründə olduğu kimi, postpandemiya mərhələsində də taleyüklü, məsuliyyətli vəzifələr uğurla həyata keçiriləcək, xalqımız daha xoşbəxt sabahlara qovuşacaqdır.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993